Azərbaycan ilə Polşanın enerji əməkdaşlığına həsr olunmuş konfrans keçirilmişdir

 

Polşa Respublikasının Krakov şəhərinin Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan ilə Polşanın enerji əməkdaşlığına həsr olunmuş konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyindən AzərTAc-a bildirilmişdir ki, konfransda ölkəmizi sənaye və energetika naziri Natiq Əliyev təmsil etmişdir.

Tədbirdə Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri, Polşa ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Yanuş Pexoçinski, Polşanın keçmiş müdafiə naziri, senator Boqdan Klix və onun xanımı Strateji Araşdırmalar Mərkəzinin prezidenti Anna Jimanska Klix, Krakovun meri Yasek Mayxrovski, politoloqlar, iqtisadçılar, hökumət üzvləri, şirkət rəhbərləri, həmçinin 150-yə yaxın polşalı iş adamları iştirak etmişdir.

Konfrans qlobal enerji problemləri və bundan irəli gələn enerji siyasətinin həyata keçirilməsində Polşa və Azərbaycanın əldə etdiyi nailiyyətlərə və ikitərəfli əməkdaşlığın inkişafı nəticəsində hər iki ölkə tərəfindən atılan addımlara dair müzakirələrə həsr olunmuşdur.

Tədbirdə məruzə ilə çıxış edən Yanuş Pexoçinski dünyada baş verən enerji problemləri və Avropa İttifaqı ilə Polşa arasındakı münasibətlər haqqında məlumat vermişdir. Polşalı nazir qeyd etmişdir ki, Polşa və Azərbaycanın enerji siyasətində sıx və ikitərəfli əlaqələr yaradılmışdır, ölkələrimiz bir neçə layihədə iştirak edir.

Natiq Əliyev çıxışında Azərbaycanda enerji sahəsində, xüsusilə 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyevin neft sənayesinin dirçəlişi və bərpası sahəsində göstərdiyi xidmətlər və bunun nəticəsi olaraq Azərbaycanın regionda əsas neft və qaz ixrac edən ölkəyə çevrilməsi barədə geniş məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində strateji əməkdaşlıq edir və İNOGATE, TACİS, Tvinninq layihələri üzrə fəaliyyət göstərir.

Nazir vurğulamışdır ki, 2008-ci ildə Krakov şəhərində keçirilmiş Enerji Sammitindən sonra Polşa Respublikasının təşəbbüsü ilə Azərbaycan, Polşa, Ukrayna, Litva və Gürcüstan arasında Avro-Asiya neft nəqli dəhlizi layihəsi və Odessa-Brodı-Plotsk neft boru kəmərinin tikintisi istiqamətində birgə fəaliyyətə başlanmışdır.

 Görülmüş işlər və 5 ölkənin təsis etdiyi "Sarmatiya" Birgə Müəssisəsi haqqında geniş məlumat verən nazir bu layihənin inkişafı üçün gələcəkdə atılacaq addımlardan danışmışdır.

N.Əliyev forum çərçivəsində Polşanın Baş nazirinin müavini Yanuş Pexoçinski, senator Boqdan Klix və onun xanımı Anna Jimanska Klix, "Sarmatiya" Beynəlxalq Boru Kəməri Müəssisəsinin baş direktoru Sergey Skripka və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirmişdir.

Səfər çərçivəsində nazir Krakov şəhərindəki Texnologiyalar Parkı ilə yaxından tanış olmuşdur.

 

 

Azərbaycan.-2013.- 23 aprel.- S.8.