Fransada Azərbaycanla bağlı növbəti veriliş səsləndirilmişdir

 

Aprelin 21-də Fransada Azərbaycanla bağlı fransız dilində növbəti veriliş səsləndirilmişdir. Verilişdə  əsasən AzərTAc-da yayımlanan xəbərlərə geniş yer verilmişdir.

Ayda bir dəfə səsləndirilən radio proqramı bu dəfə "Cənubi Qafqaz və Orta Asiyanın gələcəyinə dair strateji dialoq" mövzusunda Bakıda keçirilən Dünya İqtisadi Forumu barədə xəbərlə başlamışdır. Sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, maliyyə, telekommunikasiya və digər məsələləri əhatə edən forumun mühüm əhəmiyyətindən, dünyada doğurduğu əks-sədadan, Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakından ətraflı bəhs olunmuşdur.

Verilişdə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin Ermənistan prezidenti Serj Sarkisyanın andiçmə mərasimində səsləndirdiyi fikirlərə münasibət bildirməsi və S.Sarkisyanın dünya ictimaiyyətini və erməni xalqını yenidən aldatması, Cənubi Qafqazda təhlükəli vəziyyətin yaranmasına Ermənistanın günahkar olması diqqətə çatdırılmışdır.

Verilişin aparıcıları Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfəri ilə bağlı Tbilisidə keçirdiyi mətbuat konfransı və Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olması, bu tərəfdaşlıq  sayəsində ölkəsində nəqliyyat və energetika layihələrinin həyata keçirilməsi barədə səsləndirdiyi fikirlər barədə fransız dinləyicilərinə ətraflı məlumat verilmişdir.

Verilişdə ənənəvi olaraq Azərbaycanda nəşr edilən mətbu orqanların yarımaylıq xülasəsinə geniş yer verilmişdir.

Radio proqramı, hər dəfə olduğu kimi, yenə Azərbaycan musiqisi ilə müşayiət olunmuşdur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.-2013.- 23 aprel.- S.8.