Budapeştdə XX Beynəlxalq kitab sərgisi çərçivəsində ümummilli lider Heydər Əliyevin «Müstəqilliyimiz əbədidir» çoxcildliyinin təqdimatı keçirilmişdir

 

Budapeştdə təşkil olunan XX Beynəlxalq kitab sərgisi çərçivəsində  ümummilli lider Heydər Əliyevin 45 cildlik "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin təqdimat mərasimi keçirilmişdir.

Ulu öndərin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş tədbirdə Budapeştdə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan diasporunun üzvləri, bir sıra tanınmış türkoloq və azərbaycanşünas alimlər, macar ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev müstəqil dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyev şəxsiyyətinin və irsinin əhəmiyyətindən danışmışdır.

"Müstəqilliyimiz əbədidir" çoxcildliyinin nəşr olunduğu "Azərnəşr" nəşriyyatının direktoru Azər Mustafazadə son cildi bir neçə gün əvvəl oxuculara təqdim edilən külliyyatın dövlətçilik həyatında roluyeri məsələsinə toxunmuş, ulu öndər Heydər Əliyevin güclü və müstəqil dövlət qurmaqla bərabər, həm də onun gələcək inkişaf yollarını göstərən zəngin elmi-nəzəri irs qoyub getdiyini vurğulamışdır.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Quliyev son illərdə müasir Azərbaycanın kitab çapı və nəşriyyat işi sahəsində qazandığı uğurlardan danışmışdır. Natiq ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın bütün istiqamətləri kimi, bu sahənin də ulu öndərin vaxtilə verdiyi tövsiyələr əsasında inkişaf etdiyini, müstəqillik illərində Azərbaycanda güclü poliqrafik baza yarandığını və düşünülmüş çap siyasətinin həyata keçirildiyini bildirmişdir.

Macarıstanda doğulan, əsərlərini macar dilində qələmə alan gənc şair Rüstəm Əmirli Azərbaycana həsr etdiyi şeirini oxumuşdur.

Maraqlı keçən tədbirdə Heydər Əliyevin əsərlərindən və ona həsr olunmuş kitablardan ibarət ekspozisiya nümayiş etdirilmişdir.

Aprelin 21-də Azərbaycan poliqrafçıları üçün uğurla başa çatan XX Budapeşt Beynəlxalq kitab sərgisinin bağlanış mərasimi keçirilmişdir.

Növbəti sərginin gələn ilin aprelində keçirilməsi qərara alınmışdır.

 

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.-2013.- 23 aprel.- S.9.