Bakıda «Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı» mövzusunda konfrans keçirilmişdir

 

Aprelin 23-də Bakı Biznes Mərkəzində ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı" mövzusunda konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfrans müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlanmışdır.

İqtisadi inkişaf naziri Şahin Mustafayev konfransı açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən bəhs etmiş, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilmiş, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilmişdir.

Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaratmışdır. Bu gün Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı, dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısına, beynəlxalq tədbirlər məkanına çevrilmişdir. Həyata keçirilən uzaqgörən, düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan sürətlə inkişaf edir, dünyada nüfuzu gündən-günə artır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və "Azərsun Holdinq"in prezidenti Abdolbari Goozal ulu öndər Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sahələrdə köklü islahatların həyata keçirilməsi, iqtisadiyyatın, regionların və sahibkarlığın inkişafı sahəsində misilsiz xidmətləri barədə məruzələrlə çıxış etmişlər.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev konfransa yekun vuraraq tarixin sınağından böyük uğurla çıxmış ulu öndər Heydər Əliyev strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamının ölkəmizin sürətli inkişafı üçün möhkəm zəmanət olduğunu, Azərbaycan xalqının xoşbəxtliyini gələcəkdə də təmin edəcəyini vurğulamışdır.

 

 

Azərbaycan.-2013.- 24 aprel.- S.5.