Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizənin və vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi işinin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir

 

Aprelin 23-də Daxili İşlər Nazirliyində (DİN) "Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili"nə, "Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işinin" vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daxili işlər naziri general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirmişdir. Nazir əməliyyat-axtarış fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilən praktiki tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında önəmli rol oynadığını, bu sahədə işin nəticələrinin hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi olduğunu diqqətə çatdırmışdır.

Xüsusilə vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrətlənməsi, iqtisadiyyatın inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində son 10 ilə yaxın müddətdə aparılan islahatların əsas xəttini insan amili, o cümlədən hər bir şəxsin qanuni mənafelərinin, hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən etibarlı qorunması təşkil edir. Eyni zamanda, Konstitusiya ilə müəyyən edilmiş mülkiyyət, əmək, sosial təminat, seçki və sair hüquqların qorunması, dövlət və cəmiyyət qarşısında vəzifələrin yerinə yetirilməsində vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilməsi işinin düzgün təşkili mühüm əhəmiyyətə malikdir.

Mövcud kriminogen duruma toxunan daxili işlər naziri cari ilin üç ayında da əvvəlki illərdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini bildirmişdir.

Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini Arzu Daşdəmirov və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev aidiyyəti sahələrdə görülmüş işlər, əldə edilmiş nəticələr, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər, habelə qarşıda duran vəzifələr barədə məruzə etmişlər.

Qeyd olunmuşdur ki, şəxsiyyəti təsdiq edən yeni nəsil sənədlərin tətbiqi ilə bağlı müvafiq qanunlardan və aidiyyəti Dövlət Proqramından irəli gələn vəzifələr ardıcıllıqla yerinə yetirilmişdir. 2011-2012-ci illərdə qanunvericilik aktlarına elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə bağlı müddəalar əlavə edilmiş, ölkə Prezidenti tərəfindən vəsiqənin spesifikasiyası, təsviri və nümunəsi təsdiqlənmişdir. Həmçinin "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun tətbiqi ilə əlaqədar Əsasnamənin layihəsi hazırlanıb aidiyyəti üzrə təqdim olunmuş, müasir tələblərə cavab verən 9 regional mərkəz üçün yeni inzibati binalar tikilərək zəruri avadanlıqla təchiz edilmişdir. Biometrik sənədlərin tətbiqi ilə bağlı işlərin başa çatdırılması məqsədi ilə "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi üzrə işlər də yekunlaşdırılmaq üzrədir.

Bildirilmişdir ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi məqsədi ilə dövlət başçısının 2011-ci il 23 may tarixli fərmanına müvafiq olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində də müəyyən işlər görülmüşdür.

Bununla bərabər, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanına uyğun olaraq cari ilin əvvəlindən şəxsiyyət vəsiqələrinin nazirliyin əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı  "ASAN xidmət" mərkəzində operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında verilməsinə başlanılmış və bu günədək 5 minə yaxın vətəndaşa şəxsiyyət vəsiqəsi verilmişdir. Aidiyyəti işlərin may və iyun aylarında istismara veriləcək 2 saylı Xətai, 3 saylı Yasamal və Sumqayıt "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi üçün hazırlıq tədbirləri görülmüş, mərkəzlərin zəruri avadanlıq və ixtisaslı kadrlarla təminatı məsələsi həllini tapmışdır.

Bütövlükdə şəxsiyyəti təsdiq edən sənədlərin dəyişdirilməsi ilə bağlı islahatların başlandığı 2001-ci ilin sentyabrından bugünədək respublikanın 16 yaşdan yuxarı əhalisinin 98,7 faizi və ya 6 milyon 303 min 455 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş və bu mühüm sahədə fəaliyyət məqsədyönlü surətdə davam etdirilir.

Məruzəətrafı çıxışlarda müzakirə olunan məsələlər üzrə xidməti fəaliyyətin daha da gücləndirilməsi, qanunvericiliyin, ölkə Prezidentinin fərman və sərəncamlarının, daxili normativ aktların tələblərinə tam uyğun təşkili ilə bağlı qarşıda duran vəzifələr qeyd olunmuşdur.

İclasa yekun vuran nazir Prezident İlham Əliyevin vətəndaşların qəbulunun davamlı həyata keçirilməsi, ərizə və şikayətlərinin baxılmasına böyük həssaslıqla yanaşılması barədə tapşırığını xatırladaraq bir neçə gün öncə Şəkidə bölgə sakinlərinin bir qrupu ilə görüşdüyünü, dövlət başçısının onların problemlərinin həllinə hər zaman xüsusi diqqət göstərdiyini və bu qayğıya görə ölkəmizin rəhbərinə dərin minnətdarlıq ifadə etdiklərini nəzərə çatdırmışdır.

Nazir cari ilin oktyabr ayında ölkədə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulan yaş həddinə çatmış şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi işinin, səsvermə gününədək 18 yaşı tamam olacaq şəxslərin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasını, səyyar qrupların fəaliyyətinin gücləndirilməsinin, bütövlükdə seçki hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin olunmasının vacibliyini bir daha qeyd etmişdir. Həmçinin şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış şəxsiyyət vəsiqələrinin sahiblərinə dərhal təqdim edilməsinin zəruriliyini ərazi polis orqanlarının rəislərinin diqqətinə çatdırmışdır.

Çıxışının sonunda nazir general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin etmişdir ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti qarşıda duran məsul vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, ölkəmizdə gedən böyük quruculuq işlərinin, inkişaf və tərəqqinin əsas təminatlarından olan ictimai asayişin etibarlı qorunması, sabitliyin davamlı olması üçün var qüvvəsi ilə çalışacaq, dövlət başçısının yüksək etimadını daim doğruldacaqdır.

 

 

Azərbaycan.-2013.- 24 aprel.- S.6.