Həmyerlimiz Əskişəhər Osman Qazi Universitetində professor adına layiq görülüb

 

Bu günlərdə redaksiyamıza Türkiyədən xoş xəbər gəlmişdir: Türkiyə Cümhuriyyətinin Əskişəhər Osman Qazi Universitetində çalışan soydaşımız,  "Azərbaycan" qəzetinin Türkiyə təmsilçisi Tamella Əliyeva filologiya elmləri doktoru, professor adına layiq görülmüşdür. Qeyd edək ki, Tamella xanım Əskişəhər Osman Qazi Universitetində professor adına layiq görülən ilk azərbaycanlı alimdir.

Tamella Əliyeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. Tələbəlik illərində Azərbaycan Radio Televiziya Verilişləri Komitəsində ştatdankənar müxbir kimi çalışıb. Üniversiteti bitirdikdən sonra təhsil aldığı jurnalistika fakültəsində fəaliyyət göstərmiş, az sonra bu missiyanı universitetin filologiya fakültəsində davam etdirmişdi.

1986-1990-cı illərdə BDU-nun "Qərbi Avropa, Amerika, Avstraliya ədəbiyyatı" üzrə aspiranturasını müvəffəqiyyətlə başa vuran Tamella Əliyeva 1992-ci ildə "Azərbaycan-Amerika ədəbi əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Qeyd edək ki, o zaman Azərbaycanda bu mövzuda ilk dəfə dissertasiya yazan T.Əliyeva olmuşdur.

 

T.Əliyeva 1998-ci ildən Türkiyədəki Əskişəhər Osman Qazi Universitetində "Azərbaycan ədəbiyyatı", "Azərbaycan folkloru", "Türk dünyası ədəbiyyatı" "Dünya ədəbiyyatı" fənlərini tədris edir. Osman Qazi Universitetində çalışdığı illər ərzində Türkiyənin müxtəlif şəhərlərində, eləcə Şimali Kipr Türk Cümhuriyyəti Almanyada keçirilən elmi konfranslarda Azərbaycan ədəbiyyatı haqqında maraqlı məruzələrlə çıxış edib.

T.Əliyeva 2009-cu ildən universitetin Qarşılaşdırmalı ədəbiyyat kafedrasında çalışır. 2013-cü il həmkarımız üçün uğurlu il olub: O, yeni yazdığı "Müasir Türkiyə Azərbaycan şairlərinin yaradıcılığında dünyəvi mövzular" adlı kitabına görə filologiya elmləri doktoru, professor adına layiq görülüb. Bu kitab üç azərbaycanlı şair - Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə, üç türkiyəli şair Feyzi Halıcı, Məhərrəm Qubat, Abdulla Satoğlunun yaradıcılığından bəhs edir. Əsəri türkiyəli alimlər maraqla qarşılamış, mətbuatda bu barədə rəylər çap etdirmişlər.

Tamella Əliyeva fəaliyyətinin mühüm cəhətlərindən biri Azərbaycan -Türkiyə ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrdir. O, Azərbaycan alim, şair yazıçılarından Salatın Əhmədlinin "Heydər Əliyevin dil siyasəti", xalq şairi Nəriman Həsənzadənin "Sən necə yoxsan", Nüsrət Kəsəmənlinin "Mənsiz qalan dünya", Aslan Kəmərlinin "Bu yerlərdən Nazim keçib" s. kitablarını türk dilinə, türkiyəli şairlərdən A.Satoğlunun "Könlümdə açan lalələr", G.Çingizin "Bir pişiyin gündəliyi", A.Akalın "Kitab canavarı" əsərlərini Azərbaycan dilinə çevirib.

Həmyerlimiz çalışdığı universitetin ictimai həyatında, eləcə Azərbaycan diasporunun Əskişəhərdə keçirdiyi tədbirlərdə fəal iştirak edir, Azərbaycanın dünya miqyasında gündən-günə artan nüfuzunun, dinamik inkişafının, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, son illər bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakıda, ölkəmizdə aparılan quruculuq işlərindən, insanlara, elmə, mədəniyyətə, incəsənətə göstərilən dövlət qayğısının təbliğində əlindən gələni əsirgəmir.

Osman Qazi Universitetinin rektoru professor Həsən Gönən, ədəbiyyat fakültəsinin dekanı professor Tofiq Gədikli, universitetin böyük elmi şurasının üzvləri, universitetin çoxsaylı tələbələri Tamella Əliyevanı professor adı alması münasibətilə təbrik etmiş, elmi yaradıcılığında ona yeni-yeni uğurlar arzulamışlar.

Biz bu təbriklərə qoşulur, qələm dostumuz Tamella Əliyevanı filologiya elmləri doktoru, professor adı alması münasibətilə ürəkdən təbrik edirik.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.-2013.- 24 aprel.- S.9.