Azərbaycan Latviya üçün etibarlı və vacib tərəfdaş ölkədir

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Respublikasının Prezidenti Andris Berzinş aprelin 24-də Milli Məclisdə olmuşdur.

Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılamışlar.

Latviya Prezidenti Azərbaycan parlamentinin binası ilə tanış olduqdan sonra Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Milli Məclisin Sədri demişdir ki, Azərbaycan ilə Latviya arasındakı dostluq münasibətləri müstəqilliyimizin bərpasından sonra yeni müstəvidə daha da inkişaf etmiş və möhkəmlənmişdir. Bu gün əlaqələrimiz çox yüksək səviyyədədir.

Əməkdaşlığımızın daha da genişlənməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm əhəmiyyətini vurğulayan Oqtay Əsədov demişdir ki, indiyədək Azərbaycan ilə Latviya arasında 28 sənəd imzalanmışdır. Dövlətlərimiz arasındakı hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

O.Əsədov dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu xüsusi qeyd etmiş, hər iki ölkənin qanunverici orqanında fəaliyyət göstərən dostluq qruplarının işini, eləcə də deputatlarımızın beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığını yüksək qiymətləndirmişdir.

Milli Məclisin Sədri Azərbaycanın sürətli inkişafından danışmış, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermişdir.

Prezident Andris Berzinş demişdir ki, Azərbaycan Latviya üçün etibarlı və vacib tərəfdaş ölkədir. Biz əməkdaşlığımızın hərtərəfli inkişafında maraqlıyıq. Artıq, 20 illik diplomatik münasibətləri olan ölkələrimiz arasında əlaqələr getdikcə genişlənir.

Andris Berzinş demişdir ki, Latviya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləyir. Hesab edirik ki, bu münaqişə sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.

Görüşdə Azərbaycan ilə Latviya arasında mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığın, iqtisadi-ticari əlaqələrin inkişafı, birgə biznes forumların və "dəyirmi masa"ların keçirilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 25 aprel.- S.23.