Ümummilli lider Heydər Əliyev və müstəqillik ideyası

 

Yalnız yüksək amallara xidmət edən cahanşümul bir ideya, qloballaşan dünyada gedən proseslərin obyektiv dərkinə əsaslanan hərtərəfli işlənib hazırlanmış elmi konsepsiya bu gün haqqında hər birimizin böyük qürur hissi ilə danışdığımız müstəqil, dinamik inkişaf edən Azərbaycan reallığını ərsəyə gətirə bilərdi. Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab oluna bilər. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqət, faciəli anlar ağrılı günlər öz izini qoymuşdur. Ulu öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizmdə onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda  atılan uğurlu addımları,  milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə  aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan  milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi  uğurlar fonunda xüsusi aktuallıqla  səslənir.

Ulu öndər özünün bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük. Ehkamçı düşüncə tərzini kəskin tənqid edən Heydər Əliyevin müstəqillik konsepsiyası mühüm nəzəri-praktik model kimi milli reallıqlarımızın və bu reallıqların xarici faktorlarla şərtlənməsinin analitik, yaradıcı dərkinin məhsuludur. Odur ki, biz Heydər Əliyevin müstəqillik konsepsiyasının formalaşmasının ilkin şərtləri olan xarici və daxili faktorlara toxunmaq istərdik.

Kontinental imperiya olmuş Sovetlər İttifaqının dağılmasından sonra "soyuq müharibə", "qorxunun tarazlığı", "nüvə qışı" kimi düşüncələri narahat edən metaforik ifadələrin qlobal siyasi şüurdan hələ tam psixoloji mənada sıxışdırılmadığı bir beynəlxalq şəraitdə Azərbaycan Respublikasının dünya inteqrasiya proseslərinə qoşulması hakimiyyətə qayıdışının ilk günlərindən ulu öndərin başlıca və ardıcıl dövlətçilik idealı olmuşdur.

Bu mənada müstəqillik konsepsiyasını zamanın konkret sosial-siyasi vəziyyət məcrasında nəzərdən keçirmək lazımdır. Məsələ burasındadır ki, konsepsiyanın işlənildiyi ziddiyətli dövrdə, yəni, Azərbaycanda ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəlində fərdi, ictimai və milli şüur haçalanmışdı. Kütləvi şüurda qarşıdurmaya və başdan-başa dağıdıcılığa olan meyil sosial həyatın təşkilinin pozitiv prinsiplərini üstələyirdi. Sovet rejiminin struktur böhranının tələblərini analitik təhlil edən Heydər Əliyev görürdü ki, 1989-cu ildən başlayaraq yenidənqurmanın əsas problemlərinin həllinin uğursuzluğa düçar olması nəticəsində  ölkə uçurum qarşısındadır. Yeniliklərlə  ayaqlaşan idarəçilik  konsepsiyasının olmaması və rəhbərliyin açıq-aşkar zəifliyi və acizliyi  ucbatından yenidənqurmanın "sosializmi yeniləşdirmək" kimi ritorik nəzəriyyəçiliyə  aludə olmuş Moskva "memarları" tarixi məqamı ötürmüş, mərkəzin yeni orqanları isə səriştəli qərar qəbul etmək qabiliyyətini itirmişlər. Belə halda, onların fikrincə, kontinental imperiyanın iflası daha geniş miqyas, qlobal xarakter alacaq və bu, yeni demokratiyaların müstəqillik uğrunda mübarizəsinə qlobal təsir göstərəcəkdir. Sonralar dünya miqyasında baş verən qlobal transformasiya prosesləri, onların yeni demokratiyaların formalaşmasına təsiri ulu öndərin müdrik uzaqgörənliyini təsdiq etdi.

Bəs Heydər Əliyevin müstəqillik konsepsiyasının yararlığı və həyatiliyi nədədir? Bunun nəhəri fikir tariximizdə yeri və önəmliliyini şərtləndirən amillər hansılardır?

Birincisi, özünün müstəqillik konsepsiyasını işləyərkən ulu öndər konkret və real cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə real Azərbaycan gerçəkliyindən çıxış edirdi. Lakin ulu öndər həmişə "qlobal düşünüb lokal hərəkət etmək lazımdır" prinsipinə riayət edərək Azərbaycan xalqının müstəqilliyinin qorunmasının dünya hadisələri məcrasında  həll etməyə çalışmışdır. Təcrübəli dövlət başçısı diplomatiyanın belə bir ümdə prinsipindən çıxış etmişdir ki, daxildə aparılan nadan və səriştəsiz siyasət ölkənin nəinki dünya birliyinə daxil olmasına mane olur, daha çox məsələn, Azərbaycanın nümunəsində götürsək, xaricdə onun başına gələn müsibətlərə laqeyd münasibət yaradır. Xalqımız AXC hakimiyyətdə olduğu dövrdə ölkəmizdə baş verənlərin timsalında bunun şahidi  olmuşdur. Dünya proseslərindən kənarda  qalmağın xalqın tarixi şüuruna, onun milli identifikasiyasına vurduğu mənəvi ziyanı başa düşmək çətin deyildir. Bu mənada Heydər Əliyevin əqidəsincə, milli müstəqillik millətin mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə özünü realizə və özünütəsdiq üçün şərait yaratmaq və bununla, başqa dövlətlərdən asılılığı minimuma endirmək deməkdir, çünki, prinsipcə, bütün dünya dövlətləri inteqrasiya şəraitində  bir-birlərindən asılıdır.

İkincisi, ümummilli liderin müstəqillik konsepsiyasından belə görünür ki, milli müstəqillik millətin hər bir nümayəndəsinin şüurunda və psixologiyasında öz keçmişi, bugünü və gələcəyi barədə həqiqətləri dərk etmədən mümkün deyildir. Heydər Əliyevin nəzərincə, müstəqillik xalqın mənəviyyatını qorumaq deməklir. Bir mənəvi hadisə kimi, o, daim hər bir vətəndaşın milli şüurunda möhkəm yer tutmalıdır. Onun müstəqillik tariximizə düşmüş məşhur "91"lərin müraciətinə verdiyi cavabların tezisləri ilə tanışlıq deməyə əsas verir ki, ölkənin önəmli ziyalılarının müraciətlərinə cavabı xalqın müstəqilliyinin vacibliyini dərk edən siyasətçinin mənəviyyat seçimidir, milli reallığı fəlsəfi idrak səviyyəsində düzgün və analitik qiymətləndirməyin bariz nümunəsidir. Müraciətə cavabın başlıca leytmotivi belədir: artıq belə yaşamaq olmaz, xalq sosial-siyasi fəlakətdən xilas olmalıdır.

Üçüncüsü, ümummilli liderin müstəqillik konsepsiyasının strukturunda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik anlayışları önəmli yer tutur. Vətənimizin taleyi hər bir soydaşımızın taleyi olmalıdır, belə olmasa, milli müstəqilliyi qorumaq, onu möhkəmləndirmək mexanizmi zəif olar. Müstəqilliyimizin taleyindən söhbət açarkən ingilis tarixçi-filosofu Arnold Toynbinin bu sözlərini xatırlamalı oluruq: "Biz elə bir dövrdə yaşayırıq ki, tarix hamımıza meydan oxuyur". Həqiqətən də, Azərbaycanın müstəqilliyi qarşısında tarixi məsuliyyəti dərk edərkən ən yeni tariximizdə əslində, dövlətçiliyin olduqca təhlükəli dövrü kimi qiymətləndirilən 1991-1992-ci illərdə  və 1993-cü ilin birinci yarısında tüğyan etmiş siyasi, iqtisadi, hərbi anarxiyanı unutmaq olmur. Bu, müstəqillik tariximizin elə məqamıdır ki, bütün dövrün tədqiqatçıları bu problemə labüdən toxunmalı olacaqlar. Ulu öndərimiz o dövrdəki vəziyyəti realistcəsinə qiymətləndirərək belə bir haqlı nəticəyə gəlmişdi ki, 1991-1993-cü illər Azərbaycanın müstəqilliyi tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan "ölüm, ya olum" dilemması qarşısında qalmışdı. Məlumdur ki, hələ klassik alman fəlsəfəsinin baniləri millətlərin tarixi inkişafını dövlət quruluşu ilə bağlayırdılar. Azərbaycan xalqının müstəqilliyi barədə dövlətçilikdən və suverenlikdən kənarda hər hansı söhbət predmet məzmunundan məhrumdur. Xalqın dünya birliyi tərəfindən tanınmış dövləti olmasa, onun öz müstəqilliyini müdafiə etməyin hüquqi imkanları da məhdud olur. Buna görə də, Azərbaycan dövlətçilyinin təkmilləşdirilməsi və suverenliyinin  möhkəmləndirilməsi, eyni zamanda, xalqın milli müstəqilliyinin müdafiəsinin əsaslarının möhkəmləndirilməsi deməkdir. "Azərbaycan Respublikası milli dövlətçilik quruculuğu yolunda müvəffəqiyyətlər qazanaraq şərəfli gələcək istiqamətində inamla addımlayır" - ulu öndərin bu sözlərində mühüm bir ideya durur: milli dövlətçiliyi qorumaqla, möhkəmləndirməklə xalq özünün müstəqilliyinin möhkəmləndirilməsi üçün  müstəsna təminat yaradır. Bu hadisələr bir daha belə bir tarixi həqiqəti üzə çıxardı ki, böhranlı anlarda xalqlar və onların  liderləri bir qayda olaraq, tarixin sınaqlarından çıxmış öz milli təcrübəsinə  müraciət etməli olur. İntensiv cərəyan edən transformasiya prosesləri xalqların ənənəvi təcrübəsinə yenidən baxmağı tələb edir.

Müasir dünya reallığında aydın olur ki, cəmiyyətin ənənəvi təcrübəsinin potensialı zamanın sərt tələblərinə cavab verməyə hazır deyil və xalqlar labüd olaraq qaçılmaz seçim qarşısında qalmışdır: ya millətin yaradıcı potensialını artırıb yeni reallıqların mürəkkəbliyinə uyğun həyat keyfiyyətini formalaşdırmaq, ya da mədəniyyətin dərin qatlarında durğunluq keçirən dəyərlərlə kifayətlənib qloballaşmanın tələbləri qarşısında təslim olmaq. Bunlar dövlətçiliyin möhkəmləndirilməsinin, vətənin gələcəyini qorumağın mühüm sosial-ideoloji təminatıdır. Ona görə də Heydər Əliyevin müstəqillik konsepsiyasında "vətən" kateqoriyası mücərrəd anlayış olmayıb, övladlarının ölkəsinin təbii və mənəvi sərvətlərindən azad və bərabər bəhrələnən suveren Azərbaycan vətəndaşlarının imkanı kimi təqdim edilir. Hər bir xalqın yaşadığı torpaq onun ruhi beşiyidir, çünki vətən hissi özündə millətin mənəvi-əxlaqi dəyərlərini ehtiva edir. Bu gün insanlarımızın vətənpərvərlik hissi, onların öz doğma etnik beşiyinə səmimi məhəbbəti sosioloji baxımdan yeni dünyagörüşü sisteminin təməlini təşkil edir. Ulu öndər millətin mənəvi və əxlaqi dayağı kimi, onun sosial yaddaşının mühafizəçisi və mənbəyi olan tarixin ən yüksək rolunu vətənpərvərliyin, vətən amalının formalaşmasında görür. O, tez-tez qeyd edirdi ki, "bizim tariximiz bizə ibrət dərsi verməlidir". Bu kəlamda Heydər Əliyevin əxlaqi və dünyagörüşü  kredosu ifadəsini tapmışdır. Tarixi unutqanlıq millətin ruhunu öldürür, onun şərəf və ləyaqətinə ziyan vurur. Milli tariximizi bilmədən, keçmişimizə pozitiv yanaşmadan, tarixən itirdiklərimizi tənqidi  dərk etmədən və əldə etdiklərimizin qədrini bilmədən, eynilə də tarixi hadisələr və faktlardan razılıq hissi, yaxud məyusluq keçirmədən özündə vətənpərvərlik duyğusunu tərbiyə etmək, ulu babalarımızın pak adını və nəcib işlərini təhriflərdən və qarayaxanlardan qorumaq mümkün deyildir. Özünün ictimai görüşlərində Heydər Əliyev belə bir düzgün metodoloji nəticəyə gəlir ki, özünüdərk çərçivəsində millət Vətən tarixinin bütün mühüm tarixi fakt və hadisələrinə  yetkin vətəndaşlıq münasibətini müəyyənləşdirməli, tarixi prosesin məntiqinə ardıcıl riayət edərək dəyərlərə yeni düşüncə mövqeyindən baxmalı, özü də tarixə heç bir siyasi məqsədəuyğunluq ünsürləri daxil etməməlidir. Elə buna görə də ulu öndər təsadüfi deyil ki, özünün müstəqillik konsepsiyasında vətənin taleyi üçün məsuliyyət  hissini mühüm struktur elementi kimi təqdim edir. Ulu öndərin Bakıda (avqust 1993) ümumrespublika müşavirəsindəki çıxışından bir epizodu xatırlayaq: "Biz, yəni, azərbaycan xalqı, böyük imtahan içindəyik və bu imtahandan ləyaqətlə çıxmalıyıq. Hər bir azərbaycanlı, əgər onun qəlbində doğrudan da, azərbaycanlı hissiyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə həmahəng vurursa, bu yolla getməlidir". Ölkəmizin ərazisində yaşayan  hər bir millət və xalq vətən qarşısındakı vəzifəsini aydın dərk edib öz fəaliyyətini onun çiçəklənməsinə istiqamətləndirməlidir. Çünki Azərbaycan Respublikası onların hamısı üçün vətən ocağıdır. Heydər Əliyev vətənçilik və vətənpərvərlik ideyalarının müstəqil Azərbaycanın gənclərin düşüncəsində möhkəm yer tutmasının müstəsna əhəmiyyətini qeyd edirdi: "Siz də Azərbaycan xalqına xidmət edərək, vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman kimi, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız", Ulu öndərin "Mən - milli ordu - müstəqillik" triadası mühüm əxlaqi mahiyyət daşıyır. O, xalqını inandıra bilmişdi ki,  güclü milli ordunun yaradılması müstəqilliyin qorunmasında milli ləyaqət və şərəf işidir.

Heydər Əliyevin müstəqillik konsepsiyasının yaşarlılığı və müasirliyi ondadır ki, o, mücərrəd  seyrçilikdən uzaqdır. Müasir qlobal reallıqları düzgün qiymətləndirən ulu öndər Azərbaycan xalqının müasir sivilizasiyada özünütəsdiqi məsələsinin həllində milli ideologiyanın rolunu xüsusi qeyd edir. Məlumdur ki, qloballaşma dövlətlərin sabit inkişafı, ərazi bütövlüyü və idarəetmə sistemlərinin rəvan işləməsi, iqtisadi-siyasi inteqrasiyası kimi məsələlərdə dövlətlərin, xüsusilə, yeni demokratiyaların identikliyi kimi həyati problemləri ciddi  təsirlərə  məruz qoyur. Lakin bu prosesdə  mili mənliyin identikliyini qoruyub saxlayan çox mühüm sarsılmaz ideoloji silah azərbaycançılıqdır. Azərbaycanın müstəqilliyinin qorunub möhkəmlənməsinin labüd ideoloji təməli və təminatı ölkənin hər bir vətəndaşının özünü əsl azərbaycanlı hiss etməsi, azərbaycanlılara məxsus şüuru ilə hərəkət etməsidir. Soydaşlarımızın mənlik ruhunun saxlanmasında, onların dünya sivilizasiyasında bir millət kimi özünütəsdiqində azərbaycançılıq ideologiyasının danılmaz rolunu dəfələrlə vurğulayan ulu öndərimiz bu ideologiyanı heç bir fikir müxtəlifliyinə məruz qoymamağı tövsiyə etmişdi. Heydər Əliyevin nəzəri irsindən azərbaycançılıq milli həmrəyliyin ideologiyası kimi  işlənmişdir. Ona görə də onun fikrincə, dövlətçilik, vətənçilik kimi fenomenlər azərbaycançılıq ideologiyasından bəhrələnməli və bunlar da öz növbəsində azərbaycançılığın sosial-milli məzmunun saflığını qorumalıdırlar. Maarifçilik fəlsəfəmizin tarixi-mənəvi dəyərlərindən bəhrələnmiş ümummilli lider vətən, millət və milli dövlət anlayışlarını azərbaycançılıq ideyası çərçivəsində vəhdətdə götürərək bu sintezi milli bütövlüyün təmin edilməsi, onun həmrəylik ruhunda inkişaf etdirilməsinin mühüm sosiomədəni mexanizmi kimi işləmişdir.

Azərbaycançılıq bir ideya kimi müharibə gedən ölkəni fəlakətdən çıxarmaq üçün millət və cəmiyyət qarşısında həmrəy qüvvələri birləşdirmk simvoluna çevrilmişdi. Ulu öndərin "Azərbaycanlının Azərbaycandan başqa vətəni yoxdur" kəlamı nəinki ölkə daxilindəki vətəndaşlarımız, hətta xaricdəki soydaşlarımız üçün də milli həmrəylik manifestinə çevrilmişdi. Ulu öndərin bilavasitə təşəbbüsü ilə Bakıda keçirilmiş Dünya azərbaycanlılarının I qurultayı da göstərdi ki, həmrəylik fenomeni bütün dünyadakı soydaşlarımızın milli inkişafı üçün misilsiz sərvətdir. O, soydaşlarımıza daim belə bir əqidəni aşılayırdı ki, tariximizdə ağır səhifələr və böhranlı məqamlar  az olmayıb, amma ulu babalarımız  ruhdan düşməmişlər. Onlar öz qeyrətlərinə güvənərək qüvvələrini bir yerə toplamış, öz əxlaqlarını və simalarını itirməmişlər, özlərini ləyaqətlə qorumuşlar. Ona görə də biz tariximzə olduğu kimi yanaşaraq düşmən üzərində qələbəyə köklənən tarixi həqiqətə xidmət etməliyik. Acınacaqlı səslənsə də, on illiklər ərzində bu həqiqəti dərk etməmiş və ya bəzən dərk etsə də, ona qarşı mübarizə aparmaq iqtidarında olmamışıq. Bu tarixi həqiqət ilk dəfə xalqına və dünya ictimaiyyətinə rəsmi dövlət səviyyəsində bütün qətiyyətilə Heydər Əliyev tərəfindən elan edildi. Azərbaycan Respublikasının Prezidenti olarkən  onun imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR-in ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanda deyilir. "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur, Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin  mövcud  repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. ...Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin... törədilən cinayətlərin təşkilində iştirakı da az olmamışdır". Fərmanın başlıca qayəsi budur ki, tarix xalqın yaddaşıdır, yaddaşdan isə heç bir şey atmaq lazım deyil, tarixi həqiqətlər özümüzü dərk etmək üçün vasitədir. Lakin heç bir şey unudulmamalı, deməli, yeni fəlakətlərə yol verilməməlidir. Bu fərman nəinki tariximizi dərindən öyrənməyə, həmçinin milli sərvətlərimizin, milli-mənəvi dəyərlərimizin qorunmasının təminatçısı olan müstəqilliyimizin qədrini bilməyə, onu qorumağa və daha da möhkəmləndirməyə səsləyir.

Ümummilli lider həmişə qeyd edirdi ki, "...biz öz milli-mənəvi dəyərlərimzi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Bununla bağlı Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi haqqında 13 avqust 2001-ci il tarixli bəyanatı müstəsna əhəmiyyət kəsb edir. Həqiqətən də, öz mənəvi-əxlaqi dəyərlərini yalnız azad və müstəqil xalq saxlaya bilər. Bu bəyanat, hər şeydən əvvəl, azərbaycançılıq ideologiyasına sadiq qalan xalqı öz tarixi köklərinə, əcdadlarının yaratdığı milli-mənəvi dəyərlərə daha sıx bağlı olmağa çağırır.

Deyilənlərlə bağlı ulu öndərin müstəqillik konsepsiyası barədə çoxlu önəmli fikirlər və mülahizələr söyləmək mümkündür. Bu, əslində, moqrafik bir mövzu olub, tədqiqatçıları dərindən düşündürməlidir. Lakin məqalə çərçivəsində məhdudluğa baxmayaraq, bir daha milli liderlik probleminə toxunmaq istərdik. Heydər Əliyev bir çox çıxışlarında "səriştəsiz,  xalqdan uzaq liderləri" hakimiyyət üçün barışmaz qüsur saymışdır.

Heydər Əliyev intellekti xalq məfkurəsinin qaynaqlarından bəhrələnən, daha mürəkkəb, dinamik reallıqlarımızın mənimsənilməsi və dərkinin qüdrətli nəticəsi, siyasətçi şəxsiyyətinin özünütəsdiqinin vacib vasitəsidir. Ulu öndərin dövlətçilik fəaliyyətinin timsalında aydın oldu ki, müstəqilliyin möhkəmləndirilməsinə yönəlmiş milli inkişaf siyasətini yalnız intellektual düşüncə zənginliyi sayəsində reallaşdırmaq mümkündür. Real praktika da sübut etdi ki, məhz dərin tarixi təcrübəyə və geniş nəzəri bilik diapozonuna malik  dövlət adamları çox  zaman bənzəri olmayan, yalnız milli reallıqları dərindən başa düşdükləri təqdirdə məsuliyyətli tarixi qərarlar qəbul edirlər.

Zaman xalqımızın taleyinə müstəqilliklə, ulu öndərin əzmkar fəaliyyətilə yeni həyat keyfiyyəti gətirmişdir. Tarixi idrakın üstün dəyərlərini, milli reallıqların özünəməxsusluğunu xalq çox zaman öz əzmkar yaradıcı fəaliyyəti ilə yanaşı, ümumilli liderin dühası ilə dərk edir. Azərbaycanda Xalq Cəbhəsi - Müsavat cütlüyünün hakimiyyəti dövründə xalqın dövlətçiliyimizə itmiş inamını məhz Heydər Əliyev dühası və intellekti qaytardı. Şübhə etməmək olar ki, ulu öndərin sarsılmaz qətiyyəti nəticəsində əldə edilmiş sabitlik bir sosial fenomen kimi gələcəkdə Azərbaycan dövlətçiliyi ilə bağlı politoloji ədəbiyyatda siyasi təcrübənin xarizmatik nümunəsi kimi  öyrəniləcəkdir. Yalnız xalqına xidmət edən və onun etimadını doğruldan siyasətçi lider ola bilər. Tarixi həqiqət düşünən fərdin mənlik şüurunun formalaşmasında müstəsna rol oynayır, o, yüksək məsuliyyət hissilə dərk edilir. Belə bir keyfiyyət liderlik düşüncəsinin inkişafı üçün vacib şərtlərdən  biridir, çünki o, tarixi təcrübə qazanmağın mühüm qaynaqlarından biridir. Əsl lider, əsl siyasətçi dövrün, zamanın, ilk  növbədə, xalqının tələbatlarına vaxtında həssas reaksiya verməyi bacarır. Azərbaycanın timsalında dünya birliyi bir daha inandı ki, xalqının müstəqilliyi uğrunda barışmaz mübarizə aparan Heydər Əliyev simalı lider ölkəsi ətrafında risk amilinin artdığı bir zamanda canlı praktikadan və yaradıcı təbii dəyərlərdən bəhrələnəndə  cahanşümul enerji nümayiş etdirir, universal fəaliyyət subyekti kimi hərəkət edir. Ulu öndərin fəaliyyəti sivilizasiyalı dünyanı bir daha inandırdı ki, iri və qüdrətli dövlətlərin başçıları vaxtilə az tanınan Azərbaycan məkanında siyasət arenasında intellektual siyasətçi kimi xalqının rəğbətini qazanmış görkəmli lider və strateqlə iş görməli olacaqlar. Bir vaxtlar Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonun Prezident Heydər Əliyevə söz verərkən: "İndi siz böyük təcrübəyə malik olan dünya siyasətçisinə qulaq asacaqsınız" deməsi bu həqiqəti bir daha təsdiq etdi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Onun 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxukladlı iqtisadi strukturun intensiv formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın dinamik inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı  addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. 15 oktyabr 2008-ci ildə Azərbaycanda keçirilən prezident seçkilərinə xalqın, milli elitanın və beynəlxalq müşahidəçilərin verdiyi yüksək qiymət deyilənləri bir daha sübut edir. Prezident İlham Əliyev demişdir: "Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictmai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da, müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr düşür. Biz buna birlikdə nail olmalıyıq".

Ulu öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən "sabitlikdən inkişafa doğru" ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən ulu öndərin bu müdrik sözləri yada düşür: "Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır". Hər bir Azərbaycan vətəndaşının bu ideyaya inamı sonsuzdur.

 

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü

 

Azərbaycan.-2013.- 25 aprel.- S.7.