Vətəndaş mənafeyini uca tutan məhkəmə-hüquq islahatları

 

Bəşər sivilizasiyasının ali varlığı sayılan insan qədim zamanlardan müasir günümüzədək ədalətli cəmiyyətə qovuşmaq, haqqın yüksək mənəvi-siyasi,  hüquqi dəyər tək qəbul olunduğu sivil dövlətdə yaşamaq istəyində olub. Özünüdərkdən özünütəsdiqə uzanan keşməkeşli yollarla irəliləyərək dünyada onun maddi və mənəvi varlığını məhdudlaşdırmaq istəyən maneələri, sədləri dəf etməyə çalışan insan hər zaman haqq-ədalət axtarışına çıxıb.

Azərbaycan insanı da tarix boyu "Şahın qanun deyil, qanunun şah olduğu" hüquqi cəmiyyət qurmağa, xalqın tarixən formalaşmış zəngin ənənələri əsasında milli dövlətçilik modeli yarada biləcək güclü liderə ehtiyac duyub. Fəqət, bu istəyini yalnız XX əsrin sonlarına doğru - ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində gerçəkləşdirə bilib.

"Ədalət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda" - deyən ümummilli lider ilk gündən məhkəmə orqanlarının dövlət idarəçilik sistemindəki müstəsna yeri və rolunu düzgün dəyərləndirib. İctimai münasibətlər sisteminin qanunamüvafiq qaydada tənzimlənməsində mühüm rol oynayan məhkəmə hakimiyyətində kompleks islahatların həyata keçirilməsi də Heydər Əliyevin daim xüsusi diqqət mərkəzində olub. 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının möhkəm təməlini qoyub. Konstitusiyaya məhkəmə və hakimlərin fəaliyyətini tənzimləyən bir sıra normaların da daxil edilməsi ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsini təmin edib.

Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il dekabrın 1-də qəbul olunmuş "Məhkəmələr və hakimlər haqqında" qanun ölkədə məhkəmə-hüquq islahatları sahəsində ilk mühüm addım olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaradıb. İnsan haqlarına dair Deklarasiyanın 8-11-ci maddələrində, habelə BMT-nin 1985-ci il 29 noyabr tarixli qətnaməsi ilə təsdiqlənmiş "Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsipləri"ndə və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş normaları hüquqi baxımdan özündə əks etdirən "Məhkəmələr və hakimlər haqqında" qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi məsələləri əksini tapıb.

"Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2000-ci il 17 yanvar tarixli fərmanla hakimlərin seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti ilə bağlı digər funksiyaların həyata keçirilməsi məqsədilə yüksək məhkəmə sədrlərindən, ədliyyə nazirindən ibarət tərkibdə Məhkəmə-Hüquq Şurası təsis edilib. Şura Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmini, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən müstəqil orqan kimi fəaliyyət göstərir.

2002-ci il avqustun 24-də  ümumxalq referendumu əsasında Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər respublikada məhkəmə orqanlarının fəaliyyətini daha da təkmilləşdirib. Konstitusiyanın 96-cı maddəsinə edilmiş dəyişikliklə Ali Məhkəməyə qanunvericilik təşəbbüsü hüququ verilib. Eləcə də mühüm yeniliklərdən biri kimi hər bir vətəndaşın hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ təmin edilib. Bununla əlaqədar "Konstitusiya məhkəməsi haqqında" qanuna da əlavə və dəyişikliklər olunub. Ən nəhayət, Konstitusiya və məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olaraq ölkə vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət imkanı yaradılıb.

Dövlətin iqtisadi imkanlarının daha da genişləndiyi son illərdə məhkəmə orqanlarında zamanın tələbi ilə səsləşən islahatlar geniş vüsət alıb. Ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmini, bəzi neqativ halların aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, hazırda Azərbaycan sosial-iqtisadi sahədə qazandığı böyük uğurlarla yanaşı, həm də mütərəqqi ruhlu hüquqi-siyasi islahatlarla, insan hüquq və azadlıqlarının təminatına yönəlmiş kompleks tədbirlər sistemi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Avropa Şurası ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası

(CEPEJ) 2011-ci ildə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarını, xüsusən də hakimlərin seçilməsi prosedurunu digər ölkələrə örnək göstərib.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə son 10 ildə respublikada uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsində də məhz insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlər dayanıb. 2004-cü ildən Avropa Şurası ekspertlərinin yaxından iştirakı ilə məhkəmə orqanlarının fəaliyyətini tənzimləyən bir sıra normativ-hüquqi sənədlərin hazırlanması - "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi, "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun qəbulu, "Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə"nin, "Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları"nın təsdiqi, nəhayət, Hakimlərin Seçki Komitəsinin yaradılması bütövlükdə ölkədə məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi baxımından siyasi iradə nümayişi kimi dəyərləndirilə bilər.

Son illər regionlarda və paytaxtda yeni məhkəmələrin yaradılması, həmçinin məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində mühüm addımlar atılıb. 2010-2011-ci illərdə əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr - regional ağır cinayətlər məhkəmələri, habelə inzibati-iqtisadi məhkəmələr formalaşdırılıb. Bu islahatlar, şübhəsiz, regional inkişaf proqramları ilə paralel surətdə reallaşdırılır. Məqsəd regionlarda yaşayan əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətini və səmərəsini yüksəltməkdir. Bundan sonra hansısa imkansız vətəndaşın məhkəməyə müraciət etmək üçün Bakı şəhərinə gəlməsinə ehtiyac qalmayıb.  

Məhkəmələrdə iş yükünün çoxluğu nəzərə alınaraq Məhkəmə-Hüquq Şurasının təklifi ilə hakimlərin sayı son illərdə 50 faiz, məhkəmə aparatı işçilərinin sayı 75 faizədək artırılıb, hər bir hakim üçün əlavə köməkçi ştatı təsis olunub. Hakimlərin seçiminə diqqət gücləndirilib, 2008-2012-ci illərdə çoxmərhələli, şəffaf və obyektiv imtahanlar nəticəsində uğur qazanmış 311 nəfər hakim təyin olunub. Həmin şəxslər uzunmüddətli nəzəri kurslarda iştirak edərək məhkəmələrdə təcrübə keçib, xarici ölkələrə tədris səfərlərinə göndəriliblər. Beləliklə, məsuliyyətli hakim vəzifəsi üçün tam hazırlanan hakimlər müxtəlif məhkəmələrə təyinat alıblar.

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli "Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında" fərmanı da məhkəmə-hüquq islahatlarının uğurlu davamı sayıla bilər. Fərmanla Azərbaycan Respublikası apelyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası təsdiq edilib.

Bundan əlavə, Prezident İlham Əliyevin 2010-cu il 9 avqust tarixli "Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında" fərmanı da Azərbaycan Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi daşıyır. Fərmanla respublikanın məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən olunub. Şübhəsiz, hakim korpusunun sayının artırılması respublikamızda ədalət mühakiməsinin demokratikliyinin, şəffaflığının, obyektivliyinin təmini istiqamətində mühüm addımdır.

Son illər Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmin olunması, onların iş şəraitinin yaxşılaşdırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Bu qəbildən olan məsələlər dövlət başçısının hələ 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapıb. Son illər Bakıda və regionlarda inşa olunan yeni məhkəmə binalarının bir üstün cəhəti də ondan ibarətdir ki, onlar inzibati və ictimai zonalara bölünürlər və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edirlər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Təqdirəlayiq haldır ki, yeni məhkəmə binalarında müasir İKT tətbiq edilməklə hazırda bütün məhkəmələr arasında, o cümlədən Məhkəmə-Hüquq Şurası ilə elektron sənəd dövriyyəsi və sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılıb.

Şübhəsiz, bu gün hansısa ölkədə tam müstəqil məhkəmə hakimiyyəti formalaşdırmadan insan hüquq və azadlıqlarının etibarlı təminatından danışmaq mümkün deyil. Bu baxımdan, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmini, bəzi neqativ halların aradan qaldırılması istiqamətində də qətiyyətli tədbirlər həyata keçirilir. Kifayət qədər obyektiv və şəffaf qurum olan Məhkəmə-Hüquq Şurası son 5 ildə vətəndaşların hüquq və azadlıqlarını pozan 80-dən çox hakimin fəaliyyətinə xitam verib. Doğrudur, belə halların tamamilə aradan qalxdığını da demək mümkün deyil. Lakin bu, bir reallıqdır ki, peşə etikasını pozan, hakim adına ləkə gətirən hakimlərin sayı ildən-ilə azalır. Şübhə etmədən demək olar ki, aparılan davamlı və ardıcıl islahatlar məhkəmə hakimiyyətinin müstəqil və şəffaf fəaliyyətinə imkan yaradacaqdır. 

 

 

Elçin QURBANOV,

Şirvan Şəhər Məhkəməsinin sədri

 

Azərbaycan.-2013.- 25 aprel.- S.8.