Şəxsiyyəti zaman seçir

 

Azərbaycan İnşaat və Memarlıq Universitetində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi keçirilib

 

 Azərbaycan İnşaat və Memarlıq Universitetində Yeni Azərbaycan Partiyası   Yasamal rayon təşkilatı qadınlar şurası ilə birgə tədbir keçirilib. Universitetin rektoru, professor, Milli  Məclisin deputatı Gülçöhrə Məmmədova ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin bütünlüklə dövlətçiliyimizin qurulmasına, möhkəmləndirilməsi və inkişafına, həmçinin xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb. O, eyni zamanda bildirib ki, XX və XXI əsrlərin ən böyük  tarixi şəxsiyyətlərindən, görkəmli dövlət və siyasi xadimlərindən olan ümummilli lider Heydər Əliyevin adı yaddaşlarda əbədilik qazanıb. Ulu öndər dahi şəxsiyyət idi, onu zaman seçmişdi. Ümummilli liderin xalqımızın taleyində mühüm rol oynayan  siyasi kursu ölkəmizin bütün sahələrinin inkişafında bu gün də mühüm əhəmiyyət daşıyır.

Müasir Azərbaycanın memarı və qurucusu kimi yaddaşlara və tariximizin şərəfli səhifələrinə adını əbədi həkk etdirən ümummilli liderin xilaskarlıq missiyası barədə söylənilən fikirlər yalnız xalqımıza aid deyil. Beynəlxalq birliyin təmsilçilərinin də dilindən eşidilən bu kimi dəyərli fikirlər bir daha  təsdiqləyir ki, ulu öndər bəşəri şəxsiyyətlərdəndir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Azərbaycan İnşaat və Memarlıq Universiteti ilk təşkilatına yeni üzvlər qəbul edilib. Yeni Azərbaycan Partiyası   Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyətə başlamış siyasi qurumda təmsil olunmağın şərəfi və məsuliyyəti barədə yeni üzvlərə öz tövsiyələrini verib.

Tədbirdə ulu öndərin həyat və fəaliyyətinə həsr edilən, "Onu zaman seçib" poeması əsasında çəkilmiş sənədli film nümayiş etdirilib, xalq şairi Zəlimxan Yaqubun "Qurtuluş" poemasından parçalar bədii qiraət ustası Şahinə Könülün ifasında səsləndirilib.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 25 aprel.- S.8.