Azərbaycan və Belarus İKT sahəsində sənədlər imzalamışlar

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycanın dövlət, özəl və qeyri-hökumət qurumlarının 60-a yaxın nümayəndəsi Belarus Respublikasının Minsk şəhərində "TİBO-2013" telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə XX Beynəlxalq ixtisaslaşmış sərgi-konqresdə iştirak edir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, açılış mərasimində Belarus Respublikasının baş nazirinin müavini Anatoli Kalinin, informasiyalaşdırma və rabitə naziri Nikolay Panteley, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, eləcə də digər rəsmi şəxslər çıxış etmişlər.

"TİBO-2013" təşkilatçıları tərəfindən təltif olunmuş xatirə medalı Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova təqdim olunmuşdur.

Çıxışlardan sonra qonaqlar VİP-tur çərçivəsində Azərbaycanın stendinə baş çəkmiş və ölkəmizin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmuşlar.

Səfər çərçivəsində Belarusun baş naziri Mixail Myasnikoviç nazir Əli Abbasov ilə görüşmüşdür.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaya əsasən ikinci Belarus-Azərbaycan İKT Forumu keçirilmişdir.

Forumda iki ölkə arasında İKT sahəsində qarşılıqlı əməkdaşlığa dair sənədlər imzalanmış, gələcək perspektivlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 26 aprel.- S.11.