Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırlanan qızıl xatirə sikkələrinin təqdimatı olmuşdur

 

2013-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur.

Prezident İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 2013-cü il 21 yanvar tarixli sərəncamına əsasən Azərbaycan Mərkəzi Bankı tərəfindən 3-cü nəsil qızıl xatirə sikkələri buraxılmışdır.

Aprelin 26-da ümummilli lider Heydər Əliyevin Azərbaycanın müasir maliyyə sisteminin formalaşmasındakı roluna həsr olunmuş "Heydər Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar" mövzusunda konfransı çərçivəsində ümummilli liderin 90 illik yubileyi münasibətilə hazırlanan qızıl xatirə sikkələrinin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, Mərkəzi Bank tərəfindən yubiley münasibətilə Böyük Britaniyanın "The Royal Mint" Kral Sikkəxanasında 3 növdə qızıl xatirə sikkələri hazırlanmışdır. Ən yüksək əyarlı qızıldan hazırlanmış yeni nəsil xatirə sikkələrində milli ornament üslubunda aypara və səkkizguşəli ulduzun fonunda ulu öndərin portreti əks olunmuşdur. Sikkələr ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun dizayn edilmişdir. Sikkələrin birinci növünün çəkisi 1 troy unsiyası (31,21 qram), ikinci növünün çəkisi 10 troy unsiyası (313 qram), üçüncü növünün çəkisi 1 kiloqramdır.

 

 

Azərbaycan.-2013.- 27 aprel.- S.1.