«Heydər Əliyev maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar» mövzusunda konfrans keçirilmişdir

 

Aprelin 26-da ümummilli lider Heydər Əliyevin Azərbaycanın müasir maliyyə sisteminin formalaşmasındakı roluna həsr olunmuş Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə "Heydər Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar" mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuşdur.

Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırlanan qızıl xatirə sikkələrinin təqdimatı olmuşdur.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, həm də bu gün dünyanın ən sabit və sürətlə inkişaf edən güclü iqtisadiyyatının qurucusudur. Məhz ulu öndərin 90-cı illərin ortalarında təməlini qoyduğu güclü sosial-iqtisadi baza bu gün Azərbaycan xalqının yüksək rifahına, onun parlaq gələcəyinə xidmət edir.

Heydər Əliyev müasir tariximizin çətin və kəşməkəşli bir dönəmində xalqın tələbi ilə dərin keçid böhranı yaşamış, iqtisadi potensialının yarıdan çoxunu itirmiş, kütləvi yoxsulluq və səfalətin tüğyan etdiyi boş xəzinəsi olan bir ölkəyə rəhbər gətirilmişdir. Qısa müddətdə ölkədə dövlətçiliyin əsası olan ictimai-siyasi sabitlik bərpa olunmuşdur. Bu əsas amil bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyatda zəruri islahatların həyata keçirilməsinə zəmin yaratmışdır. Aparılan ardıcıl iqtisadi islahatlarla qısa zamanda ölkədə makroiqtisadi sabitliyin əsası qoyulmuş, qiymətlərin sabitliyinə nail olunmuş, ölkənin zəruri valyuta ehtiyatı yaradılmışdır.

E.Rüstəmov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, bank sektorunun formalaşması və inkişafında da dönüş nöqtəsi olmuşdur. Heydər Əliyevin birbaşa diqqət və dəstəyi ilə bank islahatları dövlət banklarının yenidən qurulması, özəl bankların kapitalizasiyası və konsolidasiyası, bank infrastrukturunun formalaşması istiqamətində həyata keçirilmişdir.

Ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illər ərzində görülmüş genişmiqyaslı işlər Azərbaycanda siçrayışlı inkişafın başlaması üçün zəruri potensial formalaşdırmışdır. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, bu kursun ideoloji bazası əsasında yeni inkişaf modelini həyata keçirən, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah, mədəni cəmiyyətin qurulması istiqamətində 2003-cü ildə bəyan edilmiş hədəflər artıq günümüzün reallığına çevrilmişdir. Bu gün dövlət başçısı tərəfindən təsdiq olunmuş müasir inkişaf konsepsiyası keyfiyyətcə yeni prioritetlər müəyyən edir. İnnovasiya əsaslı inkişaf modelinə keçid, yüksək rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulması qarşıda duran ən mühüm prioritetdir.

İqtisadiyyatın şaxələnməsi üçün ən fundamental şərtlərdən biri makroiqtisadi sabitlikdir. Bunun üçün Mərkəzi Bank orta müddətli dövrdə çevik pul və məzənnə siyasətini yürüdəcəkdir. Maliyyə sabitliyi də Mərkəzi Bankın ən mühüm strateji hədəflərindən biridir. Bu mənada makromikro prudensial siyasət bank sektorunda hərarətlənmənin sistem tənzimlənməsi və fərdi nəzarət vasitəsilə idarə edilməsinə yönələcəkdir.

E.Rüstəmov vurğulamışdır ki, bank sektorunun əsas hədəfi yaxın 10 ildə maliyyə dərinliyini ümumi daxili məhsula nisbətdə 100 faizə çatdırmaqdan ibarət olacaqdır. Bank biznesinin daha da müasirləşməsi, elektronlaşması və optimizasiyası istiqamətində zəruri tədbirlər görüləcəkdir. Bank filiallarının, mikromaliyyə institutlarının regionlara intensiv istiqamətlənməsi, kənd bankçılığının inkişafı istiqamətində zəruri fəaliyyət təmin ediləcəkdir. Maliyyə dərinliyinin böyüməsində ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi mühüm rol oynayacaqdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı çıxış edərək, ulu öndərin  ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sahələrdə köklü islahatların aparılması, iqtisadiyyatın, regionların və sahibkarlığın inkişafı sahəsində gördüyü misilsiz xidmətlərdən danışmışlar.

Tədbirdə yubileyə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda keçirilmiş referat müsabiqəsinin qalibləri pul mükafatı, xatirə sikkəsi və diplomlarla mükafatlandırılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 27 aprel.- S.2.