Əbədiyaşar xatirə

 

Dünən Nərimanov rayonunda yerləşən Zərifə Əliyeva adına uşaq bağçasında Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 90-cı ildönümünə həsr edilmiş tədbir keçirildi.

Tədbiri açan uşaq bağçasının müdiri Sevinc Mustafayeva Zərifə xanım Əliyevanın nəcib, qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlandığını qeyd etdi.  O bildirdi ki, 1923-cü ilin bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev alimin oftalmologiya elmi sahəsində xidmətlərindən danışaraq, onun millətinə, Vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı ömrü yaşadığını, xeyirxah əməlləri ilə örnək olduğunu bildirdi. O vurğuladı ki, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi tədqiqatlar aparmışdır.

A.Fərzəliyev qeyd etdi ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator alim olmuşdur. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Zərifə xanım Əliyeva müasir Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.  Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri paylaşırdı. Ulu öndərin əsl həmfikri, sadiq silahdaşı idi.

Tədbirdə Zərifə xanım Əliyevanın zəngin həyatını təsvir edən videoçarxlar nümayiş etdirildi. Bağça uşaqlarının və əməkdaşlarının ifasında səslənən akademik Zərifə Əliyevaya həsr olunmuş şeirlər onun parlaq obrazını göz önündə canlandırdı. Balaca istedadların ifa etdiyi rəqslər tədbir iştirakçılarına xoş təəssüratlar bağışladı.

 

 

Azərbaycan.-2013.- 27 aprel.- S.11.