Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV çıxış edərək dedi:

 

- Zati-aliləri möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Tariximizdə silinməz iz qoymuş, Azərbaycanın ən parlaq və tanınmış simalarından olan görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 90-cı ildönümüdür.

Özü cismən aramızda olmasa da, xalq onu sonsuz hörmət və məhəbbətlə xatırlayır. Bu mötəbər tədbir də alimin xatirəsinə dövlətin, xalqın, tibb ictimaiyyətinin, elm adamlarının sonsuz ehtiramının ifadəsidir.

Belə bir fikir vardır: əzmlə işləyən insanların günləri qısa, ömürləri uzun olur. Bu mənada, Zərifə xanım Əliyevanı uzunömürlü hesab etmək olar. Onun elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik ömrünə sığmır. İşıqlı xatirəsi bu gün də insanların yaddaşında, təkcə yaxınlarının və həmkarlarının deyil, həm də gözlərinə rəngarəng dünyanın nurunu bağışladığı xəstələrinin qəlblərində yaşayır. Həyatda belə böyük sevgi qazanmaq, özündən sonra belə əziz duyğular, nurlu xatirələr qoyub getmək - belə xoşbəxtlik çox az adamın taleyinə yazılır.

Akademik Zərifə Əliyevanın ömür kitabında Azərbaycan naminə misilsiz xidmətləri olan görkəmli dövlət xadimlərinin taleyi yaşayır.

Sözsüz ki, Zərifə xanımın zəngin daxili aləminin formalaşmasında ailəsinin, valideynlərinin çox böyük rolu olmuşdu. Tanınmış alim və həkim, keçmiş SSRİ-də böyük nüfuz qazanmış bir dövlət xadimi Əziz Əliyevin qızı məhz Zərifə xanım kimi olmalı idi. Akademik Mustafabəy Topçubaşovun adi həkim deyil, bütün cəmiyyətin loğmanı adlandırdığı Əziz Əliyev böyük ürək sahibi, geniş biliklərə, yüksək mənəviyyata malik şəxsiyyət idi.

Övladlarının ona sevgisi onların sənət seçiminə də təsir etmişdir. Bu ailənin üç övladı - Tamerlan, Zərifə və Cəmil həkimlik sənətini seçmişlər.

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Zərifə xanım bütün ömrünü oftalmologiyaya həsr etdi, seçdiyi sənətin fədaisi oldu. Onun ilk elmi-tədqiqat işlərinin mövzusunu da elə həyatın özü verdi - Azərbaycanda o dövrdə çox geniş yayılmış traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi. Bütün ölkə ərazisini əhatə edən bu tədqiqatların nəticələri gənc alimin uğurla müdafiə etdiyi namizədlik dissertasiyasında öz əksini tapdı.

İşinə həvəslə yanaşan, yeniliklər axtarışında olan Zərifə xanımın sonrakı elmi tədqiqatları da böyük praktiki əhəmiyyət daşıyırdı. Onun elmi irsində peşə ilə bağlı görmə problemi xüsusi yer tutur. İlk dəfə olaraq o, sənaye obyektlərində müxtəlif maddələrin gözə təsiri sahəsində elmi tədqiqatlar aparır, peşə patologiyasını araşdıran dünyada ilk elmi-tədqiqat laboratoriyası yaradır və nəticədə elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur.

Uzun illər apardığı müşahidələr, kliniki tədqiqatlar əsasında Zərifə xanım Əliyeva 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmoloji mərkəzlərindən biri olan Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq dissertasiyasını müdafiə edir.

Məhz peşə xəstəliklərinin elmi araşdırmalarının uğurlu nəticələrinə görə professor Zərifə Əliyeva oftalmologiya sahəsində ən mötəbər mükafata - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görüldü. Diqqətəlayiqdir ki, o, bu mükafatla təltif olunan ilk qadın alim idi.

Zərifə xanımın tədqiqatları elmin yalnız bir istiqamətini əhatə etmirdi, o, oftalmologiyanın ən müxtəlif mövzularını işıqlandırır, tam fərqli xəstəliklərin səbəbini araşdırırdı. Qlaukoma, peşə oftalmologiyası, göz travmatizmi, görmə orqanının virus zədələnməsi, bədxassəli şişlər, göz yaşı yolu xəstəlikləri - bu və digər istiqamətlərdə aparılan tədqiqatların nəticələri iki yüzə qədər məqalə, məruzə, monoqrafiyada öz əksini tapmışdı. Görkəmli alimin zəngin elmi irsi bu gün də aktualdır. Onun bir çox əsərləri, dərslikləri oftalmoloqların stolüstü kitabları kimi daim vərəqlənir, oxunur, praktiki fəaliyyətlə məşğul olan göz həkimləri tərəfindən çox yüksək qiymətləndirilir.

Zərifə Əliyeva elm qarşısında böyük xidmətlərinə, çoxillik elmi tədqiqatlarına görə əməkdar elm xadimi fəxri adı ilə təltif olunmuş, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdi.

Akademik Zərifə Əliyeva təkcə öz adını tibb tarixinə yazmadı, eyni zamanda, Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaltdı. 1977-ci ildə onun təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Dünya şöhrətli alimlərin iştirak etdiyi bu mötəbər tədbir Azərbaycan elminin gələcəyi, onun inkişafı naminə ən tanınmış elmi mərkəzlərlə birgə tədqiqatların aparılması, peşəkar kadrların hazırlanması üçün böyük imkanlar yaratdı.

Zərifə xanımın ən böyük xidmətlərindən biri də pedaqoji fəaliyyəti idi. Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, oftalmologiya kafedrasının müdiri kimi o, həkimlərin biliyinin artırılması üçün qüvvəsini və vaxtını əsirgəmirdi. Tələbələrinə oftalmologiyanın incəliklərini öyrədən alim böyük oftalmoloqlar nəsli yetişdirdi.

Zərifə xanım həkim-xəstə münasibətlərində də gənc həkimlərə bir nümunə idi. O, həkim etikası və tibbi deontologiya kimi çox həssas sahələrə xüsusi diqqət yetirirdi. Həkimin cəmiyyətdə roluna, onun peşəkar fəaliyyətinə həsr etdiyi çoxsaylı məqalə və çıxışları, eləcə də "Yüksək əqidə" adlı kitabı cəmiyyətimizdə həkim şəxsiyyətinin formalaşması prosesinə dəyərli töhfələr vermişdi.

Görkəmli alimin həkimlik fəaliyyətində bir məqam da qırmızı xətlə keçir. O, sadə, adi insanlara hər zaman xüsusi diqqətlə, məhəbbətlə yanaşır, onların problemlərini dinləyib ümidsiz qoymurdu.

Zərifə xanım əsl ziyalı qadın idi. Bu ziyalılıq bir tərəfdən onun biliyində və savadında, digər tərəfdən, simasındakı nurla, xasiyyətindəki təmkin və nəcibliklə özünü göstərirdi. Onun ən gözəl cəhətləri bəşəriyyətə və insanlara sevgisi, sevimli işinə hədsiz bağlılıq və ailəsinə vurğunluq idi...

Tale Zərifə xanıma onu sevən, ona dəyər verən, yolunda hər cür fədakarlığa hazır olan qüdrətli bir insanı - müasir müstəqil Azərbaycanın qurucusu, bütün ömrü boyu xalqına, Vətəninə sədaqətlə xidmət etmiş Heydər Əliyevi bəxş etdi. Bu iki insanı bir-birinə təkcə sonsuz məhəbbət hissi bağlamırdı, onlar ruhən də çox yaxın idilər. Zərifə xanım Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı olmamışdı, həm də mənəvi dayağa, əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdu...

Ulu öndər Heydər Əliyevin düz 12 il əvvəl, 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə çox kövrəkliklə söylədiyi bir fikri xatırlatmaq istəyirəm: "....Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır..."

Bir-birini üzvi surətdə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün milli dəyərlərimizi əks etdirən nümunədir. Onlar çətinliklərin öhdəsindən birgə gəlib, uğurlara birgə sevinirdilər. İki ləyaqətli övlad böyütdülər.

Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük.

Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Bakının çox böyük uğurla ev sahibliyi etdiyi ən mötəbər siyasi, iqtisadi, elmi, mədəni tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsindən xəbər verir, eyni zamanda, dünya ictimaiyyətinin diqqətini tariximizə, mədəniyyətimizə, incəsənətimizə cəlb edir.

Dövlət rəhbərinin sosialyönümlü siyasəti nəticəsində səhiyyə sahəsində də əhəmiyyətli nailiyyətlər vardır. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqətdə saxlayır. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən-günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər bunun sübutudur.

Səhiyyə sahəsində qazanılan nailiyyətlərdə Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın da böyük zəhməti vardır. Ümumiyyətlə, onun ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı üçün gördüyü işlər, ulu öndərin adını daşıyan fondun həyata keçirdiyi humanitar layihələr xalqımız tərəfindən yüksək qiymətləndirilir, ona böyük hörmət və ehtiram qazandırır.

Bu yubiley ilində Zərifə xanımın xatirəsi müxtəlif tədbirlərlə yad edilir, konfranslar, simpoziumlar, görüşlər keçirilir. Dünən Bakıda oftalmologiya üzrə Beynəlxalq elmi-praktiki konfrans da Zərifə xanımın xatirəsinə, onun elmi fəaliyyətinə həsr olunmuşdu. Konfransın işində Rusiya, Türkiyə, Almaniya, Yaponiya, Litva və digər ölkələrin alimləri iştirak edirdilər. Qonaqlarımızı konfransın keçirildiyi Zərifə xanımın adını daşıyan Milli Oftalmologiya Mərkəzi ilə tanış edərkən xatırladıq ki, vaxtilə xaricdə tibb ocaqlarının şəraitinə, müasir avadanlığına həsədlə baxırdıq. İndi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük qayğısı və diqqəti nəticəsində biz öz səhiyyəmizi fəxrlə təqdim edirik.

Bütün bunlara görə, icazə verin, cənab Prezident, tibb ictimaiyyəti adından Sizə öz dərin minnətdarlığımızı bildirək.

Bu gün bu mötəbər tədbirdə Zərifə xanımın ömür yoluna nəzər salarkən bir daha şahid olduq ki, o, əfsanəvi bir həyat yaşayıb. Çox təəssüf ki, taleyin Zərifə xanıma yazdığı ömür payı qısa oldu, o, müstəqil Azərbaycanı - sürətlə inkişaf edən, gələcəyə inamla baxan, gündən-günə gözəlləşən, müasirləşən Vətənimizin bu gününü görmədi. Lakin qəlbimizdə bu təəssüflə yanaşı, bir inam da vardır: səhiyyəmizin tərəqqisi, tibb elmində qazanılan uğurlar görkəmli alimin xatirəsinə ucaldılan ən möhtəşəm abidədir.

Əsl yaradıcılıq, əsl elm daimidir. Akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı heç zaman ürəklərdən silinməyəcəkdir.

Diqqətinizə görə minnətdaram.

 

 

Azərbaycan.-2013.- 28 aprel.- S.2.