Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

 Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil Akademiyasının rektoru Larisa MOŞETOVA yubiley mərasimində çıxış edərək dedi:

 

- Çox hörmətli cənab Prezident!

Çox hörmətli ali mərasim iştirakçıları! Mən ilk növbədə belə ali məclisdə iştirak və çıxış etməyə dəvət olunduğuma görə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun!

Akademik Zərifə Əliyeva! Bu ad tədbirdə iştirak edənlərə son dərəcə əzizdir və çox təəssüf ki, biz bu gün Zərifə xanımı yubiley münasibətilə təbrik edə bilmirik, yalnız onun haqqında xoş xatirələrimizi danışır, hörmət və ehtiramımızı bildiririk. XX əsrin böyük qadını, müdrik, savadlı, gözəl ziyalısı olan Zərifə xanım görkəmli oftalmoloq alim, bununla yanaşı, həm də sadə və çox ünsiyyətcil insan idi. Mən taleyimə minnətdaram ki, bəxtim gətirib, bu böyük qadınla ünsiyyətdə olmuşam və həyat yolumun müəyyən hissəsini onunla yanaşı keçmişəm. Zərifə xanımla tanışlığa qədər mən onun barəsində həmkarlarından və öz müəllimlərimdən xeyli xoş sözlər eşitmişəm. Sonralar Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun iki kafedrasının rəhbərlərinin xoş münasibətləri bu iki kollektivin sıx dostluq etmələri üçün təməl oldu. Biz Bakıda birgə məşğələlər keçirirdik. Çox yaxşı yadımdadır, o vaxt mən gənc pedaqoq idim və çox həyəcanlanırdım. Çünki mühazirələrdə Azərbaycan kafedrasının zəngin təcrübəli pedaqoqları iştirak edirdilər və çox vaxt Zərifə xanım da gəlirdi. Amma özünün dövlət statusuna baxmayaraq, o gənc pedaqoqlara münasibətdə son dərəcə diqqətli və xeyirxah idi. Biz Bakıda unudulmaz günlər keçirdik, gündən-günə yaxşılaşan bu gözəl şəhər haqqında çox şey öyrəndik.

Zərifə xanımla bilavasitə tanışlıq isə bizim gələcək elmi əməkdaşlığımızın bünövrəsini qoydu, birgə monoqrafiyalar dərc edildi, əcnəbi dillərə tərcümə olunan oftalmologiyanın, terapevtik oftalmologiyanın aktual məsələləri işıq üzü gördü. Zərifə xanım nəşrlərin keyfiyyətinə son dərəcə həssaslıqla yanaşırdı. Bu məsələdə Heydər Əliyev bizə çox kömək edirdi. Mən onlarla həmin kitablar üzərində işi başa çatdırmaq üçün Bakıya gələndə görüşdüm. Bu, unudulmaz, xeyirxah və son dərəcə peşəkar görüşlər idi. Mənim yadımda Zərifə xanımın Helmqolts adına Göz Xəstəlikləri İnstitutunda Oftalmoloqların Moskva Elmi Cəmiyyətində çıxışı qalıb. O, gənclərin hazırlığı və tərbiyəsi haqqında çıxış edirdi. Bu, siyasi xadimin, pedaqoqun, müdrik ziyalının çıxışı idi və biz hamımız - gənclər də, zəngin təcrübəli pedaqoqlar və alimlər də nitqin gözəlliyinə, məruzənin dərin məzmununa və ifadə tərzinin səlisliyinə heyran qalmışdıq.

Təəssüf ki, Zərifə xanımın ömür yolu çox qısa oldu, yaddaşımızda onunla vidalaşmanın kədərli günləri qaldı. İllər keçdi, lakin Azərbaycan və Rusiya oftalmoloqlarının xoş münasibətləri yeni keyfiyyət kəsb etdi. Hazırda elmi kadrlar birgə hazırlanır, elmi konfranslar, praktik məsləhətləşmələr keçirilir. Elə dünən keçirilmiş gözəl konfrans buna nümunə ola bilər. Azərbaycanın Həkimləri Təkmilləşdirmə İnstitutu həqiqətən elmi, praktik həkim kadrlarının hazırlanması üzrə böyük məktəbə çevrilib. Bu gözəl instituta daxil olarkən özünü saraydakı kimi hiss edirsən. Bizim Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu isə artıq akademiyaya çevrilib. Həmin akademiyanın rektoru və oftalmologiya kafedrasının müdiri kimi mən münasibətlərimizin tarixinə çox doğma yanaşır və onları maksimum dərəcədə inkişaf etdirməyə çalışıram.

Larisa Moşetova iki təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalandığını qeyd edərək, bu sənədin gələcək əlaqələr, MDB Ölkələri Həkimlərin Təkmilləşdirmə İnstitutları Assosiasiyasının yaradılmasına əsas ola biləcəyini dedi. Larisa Moşetova Zərifə xanım Əliyevanın diplomdan sonrakı tibbi təhsilə verdiyi önəmi diqqətə çatdıraraq dedi:

- Tibbi kadrların hazırlanması sahəsində əməkdaşlığımız, - mən tamamilə əminəm ki, təbabət sərhədsizdir, hansı dildə danışmalarından asılı olmayaraq, - bizim bütün pasiyentlərimiz üçün yəqin ki, çox faydalı olardı. Əlbəttə, çox təəssüf ki, bütün bunları mənə çox əziz olan iki insan - nə Zərifə xanım, nə də Heydər Əliyev görmürlər. Mən onlara minnətdaram. Bu böyük şəxsiyyətlərlə ünsiyyətdə olmaq xoşbəxtliyinə görə çox sağ olsunlar, hazırda həyatda olanların vəzifəsi onları yadda saxlamaq və xatirələrini gələcək nəslə çatdırmaqdır. Mən Azərbaycan xalqına və sizə, Azərbaycan Prezidenti İlham Əliyevə yeni uğurlar, tərəqqi və bir səhiyyə işçisi kimi cansağlığı arzulayıram. Çox sağ olun!

 

* * *

 

Sonra Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibbi Təhsil  Akademiyasının kafedra müdiri Alevtina BROVKİNA çıxış edərək dedi:

- Əziz dostlar! Bu gün mən sizə müraciət etmək istərdim!

Belə müraciət forması Zərifə Əziz qızına daha çox xas idi. Bu gün Zərifə xanımın elmə töhfələri haqqında çox danışdıq, amma nədənsə kiçik bir nüansı nəzərdən qaçırdıq. Həmin uzaq sovet dövründə Bakıda məişət kondisionerləri zavodu var idi. Zərifə xanım həmin müəssisədə işləyən pasiyentlərdə müşahidə olunan bəzi oftalmoloji simptomlara diqqət yetirmişdi. Təsadüfi deyildir ki, o vaxt Zərifə Əziz qızı göz yaşı ifrazının pozulması, göz yaşı ifraz edən orqanların xəstəlikləri məsələləri ilə məşğul olmağa başlamışdı. Uzun müddət belə halların mahiyyətini və səbəblərini anlamaq qeyri-mümkün idi. Biz yalnız bu gün bilirik ki, quru göz sindromu deyilən bir əlamət vardır. O illərdə isə bu haqda heç nə eşitməmişdik. Amma bu, alimin öncəgörmə qabiliyyətidir. Bu keyfiyyət məhz istənilən istiqamətdə yaradıcılıqla işləyən insanlara xasdır.

Akademik Zərifə Əliyevanın Göz Xəstəlikləri İnstitutunun fəaliyyətinə verdiyi önəmi vurğulayan və bu institutla bağlı xatirələrini bölüşən Alevtina Brovkina dedi:

 

- Bu səfərimdə, bu gün buraya gələndə institutu gördüm. Bilirsinizmi, Zərifə Əziz qızı haqqında keçmiş zamanda danışmaq istəməzdim. O, yenə vardır, orada, Oftalmologiya İnstitutundadır! Bu, çox mühüm məqamdır.

Zərifə xanım Əliyevanın daxilən çox ziyalı insan olduğunu qeyd edən Alevtina Brovkina onun təvazökarlığını xüsusi vurğuladı, Zərifə xanımın insanlarla çox gözəl, səmimi ünsiyyət qurduğunu, qayğıkeş ana, təəssübkeş olduğunu qeyd edərək bildirdi:

- İlham Heydər oğlu, burada Sizin və ailənizin ünvanına çox xoş sözlər deyildi. Ümumiyyətlə, mən hesab edirəm ki, Siz çox xoşbəxt insansınız, çünki Sizin bu cür ananız və atanız olmuşdur. Sağ olun.

 

* * *

 

Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri xanım Sunay DUMAN çıxış edərək dedi:

 

- Hörmətli Prezident!

Hökumətin hörmətli üzvləri!

Dəyərli qonaqlar, hörmətli xanımlar və cənablar, əziz həmkarlarım!

Sizə, dost və qardaş Azərbaycan xalqına ölkəmin ən səmimi duyğularını, sevgilərini, salamlarını çatdıraraq çıxışıma başlamaq və məni bu toplantıya dəvət etdiyinizə görə təşəkkürlərimi bildirmək istəyirəm.

Akademik Zərifə Əliyevanın adının niyə bir çox müəssisəyə verildiyi, xatirəsinə hər il nə üçün beynəlxalq yubiley tədbirləri keçirildiyi, xalqının onu niyə bu qədər sevib millətinin anası qəbul etdiyi onun həyat hekayəsindəki yaşadıqlarındadır.

Zərifə xanım hələ orta məktəbdə oxuyarkən traxomadan əziyyət çəkən insanların iztirabını hiss edir və onun öhdəsindən gəlməyi qarşısına məqsəd qoyur. Tibb İnstitutunu müvəffəqiyyətlə bitirir. Məzun olduqdan sonra yalnız xəstəxanada çalışmır, respublikanın ən ucqar yerlərinə qədər gedib traxomanın öhdəsindən gəlmək üçün bir sıra araşdırmalar aparır və nəticədə bu xəstəliyə qalib gəlməyi bacarır.

Bununla yanaşı, Zərifə xanım sənaye müəssisələrində zərərli amillərin insan gözlərinə təsiri ilə də məşğul olur. Bu sahədəki uğurlu işləri nəticəsində Averbax mükafatı ilə təltif edilir. Bu mövzuda yazdığı elmi əsərləri ona böyük nüfuz qazandırır və 1983-cü ildə akademik seçilir.

Sizdə də, bizdə də istifadə edilən belə bir atalar sözü vardır: "Yuvanı quran ana quşdur", ya da "Hər bacarıqlı kişinin arxasında bacarıqlı bir qadın vardır". Atatürk "Qadının ən böyük dühası dünyaya övlad gətirmək və böyütməkdir" demişdir. Böyük zəka və düha sahibi olan Zərifə xanım da analıq vəzifəsini ən yüksək səviyyədə yerinə yetirmiş, övladları ilə dost olmuş, istedadlı gəncliyin yetişməsinə çalışmış, onlarla elm xadimi yetişdirmişdir.

Təvazökarlığı və xalqına qucaq açması ilə vətənin anası olmuş, könüllərdə taxt qurmuş Zərifə Əliyeva 62 illik qısa ömrünə elə şeylər sığdırmışdır ki, heyranlıq duymamaq mümkün deyildir. Vəfatından bu yana 28 il keçməsinə baxmayaraq, Azərbaycan xalqını Zərifə Əliyevanın xatirəsinə göstərdiyi qədirbilənliyə görə ürəkdən təbrik edirəm. Qəbri nurla dolsun.

Təəssüf ki, Zərifə xanım ilə tanış ola bilmədik. Ancaq böyük dövlət xadimi, möhtərəm Heydər Əliyev ilə 2000-ci ildə tanış olduğum üçün özümü çox şanslı sayıram. Mərkəzi Klinik Xəstəxananın açılışında, çox soyuq bir havada hörmətli Prezidentin sevgiyə, hörmətə, etimada çağıran, qəlbləri isidən, insanları coşduran bir saatdan çox çıxışında tez-tez təkrarladığı "bir millət, iki dövlət" kəlamı hələ də qulaqlarımdadır. Bu kəlam dostluq və qardaşlığımızın ən gözəl ifadəsidir. Hörmətli sabiq Prezidentin ruhu şad olsun.

Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişafına, elm adamlarına yüksək qayğı göstərdiyini vurğulayan Sunay Duman Heydər Əliyev Fondunun gördüyü işlərin dünyada böyük maraq doğurduğunu bildirərək dedi:

- Həmkarımız Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi xidmətləri dünyada izlənməkdə və çox təqdir qazanmaqdadır. Fondun dəstəyi ilə Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının fəaliyyəti ilə Zərifə Əliyevanın arzuları gerçəkliyə çevrilmişdir. Hazırda Milli Oftalmologiya Mərkəzi Cənubi Qafqazın ən böyük müayinə, müalicə və müasir cərrahiyyə mərkəzidir.

Son on ildə Azərbaycan oftalmologiya sahəsində dünya ilə inteqrasiya istiqamətində ciddi addımlar atmışdır. Azərbaycanda rezidentura təhsilinin 3-4 ilə çatdırılması və təhsili Tibb Universiteti ilə Milli Oftalmologiya Mərkəzinin verməsi çox sevindirici haldır. Beləliklə də Azərbaycan dünya ilə paralelliyi təmin etmişdir.

Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə toxunan Sunay Duman əlaqələrimizin təməlində fədakarlıq, qarşılıqlı dəstək və vətənpərvərlik hisslərinin durduğunu vurğulayaraq bildirdi:

- Biz bir millət, iki dövlətik. Xocalı qətliamı bizim də içimizi yandırır. Dağlıq Qarabağ münaqişəsi ortaq problemimizdir. Türkiyə türk dünyasının ürəyi, Azərbaycan bu ürəyin şah damarıdır. Ulu öndər Atatürkün dediyi kimi, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Dünən belə idi, bu gün də belədir, sabah da belə olacaqdır. Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı. Hamınıza təşəkkür edirəm. 

 

* * *

 

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyi münasibətilə Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olundu.

 

* * *

 

Daha sonra Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin əks olunduğu fotosərgiyə baxdı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 28 aprel.- S.2-3.