Prezident İlham Əliyev indi heç vaxt olmadığı qədər güclüdür

 

ABŞ Dövlət Departamentinin son hesabatı ənənəvi olaraq subyektiv, qərəzli və təhrifedicidir

 

Artıq 20 ildən çoxdur ki, müxalifət düşərgəsi ictimaiyyətlə canlı və hərtərəfli münasibətlərin qurulması əvəzinə populist metodlara üstünlük verir. Seçkilərdən seçkilərə müvəqqəti manevr imkanları olsa da, son nəticədə bu, yenə də onların nüfuzunu aşağı salır və xalqın ümumilikdə müxalifətçiliyə etibarını azaldır.

 

 Müxalifət özünə "antielektorat" formalaşdırır

 

Müxalifətin real qüvvəyə çevrilməsinə əngəl olan digər səbəb - siyasi məkanda oyunçuların yanlış mövqelər seçməsidir. Aşkar görünür ki, müxalifət öz siyasətini konkret ideoloji prinsiplərinə görə deyil, iqtidarın siyasətinə münasibət əsasında qurur. Bunun nəticəsində siyasi mübarizənin məzmunu təhrif edilir. Xaricdən antiazərbaycançı mənbələrin buyruqları üzərindən Azərbaycan hakimiyyətinə qarşı müqaviməti necə təşkil etmək üçün baş sındırmaq puç və faydasız işə çevrilir.

Müxalifət sözlər və real işlər arasındakı uçurumdan çıxmağı bacarmır. Ümumiyyətlə isə "ənənəvi müxalifətin yenidən formalaşmasına, yenidən təşkilatlanmasına" ümid yeri qalmır. 20 ildən çoxdur ki, müxalifət iqtidara gəlmək istəyr, xalq isə iqtidara səs verir. Bu illərdə etiraz aksiyalarının mənası da, daxili dinamika da itib. "Sistemsiz, statuslu "qlamur" müxalifətçilər" isə "inqilab, siyasət və demokratiya oyunu" oynamaqdan bezmir.

Düşünmək olar ki, müxalifət məhz buna görə sağlam rəqabət istəmir. Çünki hesab edilir ki, hətta cüzi partiyadaxili demokratiya, fikir mübadiləsi bu "müxalifətçiliyi, demokratiyaya monopoliya"nı dağıda bilər.

Müxalifət ilk baxışda mühüm şeylər haqda danışır: azadlıq, demokratiya, büdcə, pensiya və s. Müxalifətin "İnternet-qeybət"də işltirak edənlərinin sıraları da iqtidardan qat-qat çoxdur. Lakin on illər davam edən uğursuzluğun səbəbi ortadadır: sözlər və real işlər başqa-başqa şeylərdir!

2013-cü ildə də müxalifətin real siyasi rəqib olmayacağı bəllidir!

Müsavat və AXCP-nin demokratik prinsiplərə riayət etməsi, liderlərin, şəxsiyyətlərin rolu, daha doğrusu, iddiaları, ümumiyyətlə, ayrıca təhlil edilməli mövzudur. Burada heç bir partiyadaxili rəqabətdən söhbət getmir. Belə partiyaların özlərini deyil, iqtidarı və xalqı "demokratiyaya çağırması" isə ən azı gülüncdür. Halbuki onların ən çox örnək kimi istinad etdikləri ABŞ-da, Fransada, Almaniya və İngiltərədə partiya liderləri gərgin partiyadaxili praymerizlər və rəqabət şəraitində seçilir. "Azadıq" şüarının inhisara alınması isə hələ onun mahiyyətinə əməl etmək deyil! "Hansı ölkədə "Azadlıq" radiosu və onun prezidentləri" yoxdursa, orada azadlıq və demokratiya yoxdur" - kimi bəsit düşünənlər var. Demokratiyanın meyarı yalnız, sadəcə, "siyasi azadlıq" şüarları deyil. Sosial rifah, iqtisadi yüksəliş, təhsil, səhiyyə - bunlar daha vacib məsələlərdir.

Beləliklə, dəyişməyən müxalifət, təbii olaraq, özünə elektorat deyil, "antielektorat" formalaşdırır. Müxalifət iqtidara gəlməyin qanuni-hüquqi strategiya və taktikasına malik deyilsə, iqtidar da onun əvəzinə bu düşərgəni yaratmaq səlahiyyətində deyil. Klassik ikipartiyalı demokratiya ölkələrində bu, normal vəziyyət hesab olunsa da, Azərbaycanda müxalifət mütləq maksimalizm mövqeyini tutur və iqtidarı devirmək istəyir.

 

 İqtidar öz opponentlərindən tam 20 il öndədir

 

Onillərlə oturub heç nəyə cavabdeh olmadan, heç bir əziyyət çəkmədən, xalq üçün heç nə etmədən 20 illik "statuslu müxalifətçiliyin" bəhrəsini görürlər. Yeni və gənc nəsil müxalifətçilərin yetişməsi onlara birmənalı olaraq sərf etmir.

 

Sözdə 20 ildir demokratiya, azadlıq, insan hüquqlarının şüar edilməsini, işdə isə bunun tamamlə əksini görürük. Bunun üçün hər il başa bəla olan "vahid namizəd" dilemmasına, liderlərin səlahiyyətinə, proqram və nizamnamələrə, keçirilən qurultaylara baxmaq, partiyadaxili demokratiyaya nəzər salmaq kifayətdir.

Bundan fərqli olaraq, iqtidarın konkret, təfərrüatlı və perspektivlərə hesablanmış milli proqram və layihələri, konkret nəticələri var. İqtidar 20 il əvvəlki zamanın, siyasi keçmişin şüarlarında ilişib qalmayıb.

Sərbəst toplaşmalar və aksiyalar demokratiyanın mühüm elementləri olduğu kimi, iqtidara alternativ olmaq istəyən qüvvələrin intellekt səviyyəsi və partiyadaxili demokratik prinsiplərə əməl etməsi də vacibdir. Bu sahədə iqtidar öz opponentlərindən tam 20 il öndədir. Onlardan kimsə "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına bənzər nəyi isə hazırlayıbmı və bütün cəmiyyətin müzakirəsinə təqdim edibmi? Cəmiyyətin mühakiməsinə partiyadaxili innovasiyalara dair hər hansı sənəd verilibmi? Təbii ki, yox, çünki müxalifət nə desə - "mütləq həqiqətdir" və müzakirəyə ehtiyacı yoxdur! Bu gün dünyada və cəmiyyətimizdə novasiyalara, dəyişikliklərə ehtiyac var və onları iqtidar təqdim edir, xalq isə bunları təqdir edir.

Nədənsə qanuni yollarla deyil, iqtidarı devirmək, kütləvi iğtişaşlara, vətəndaş itaətsizliyinə çağırmaq, antiazərbaycançı şəbəkə ilə danışıqlar aparmaqla iqtidara gəlmək üstün tutulur.

Müxalifət getdikcə totalitar təriqətə çevrilir, öz davamçılarından liderlərinə, sözsüz, itaət tələb edir. Hərə öz liderini yeganə, əvəzolunmaz hesab edir. Artıq bu yanaşmanın "dəfn edilməsi" zamanın işidir.

Bu gün Azərbaycan vətəndaşı kiminsə yalnız iqtidar əleyhinə çıxış etdiyinə görə onun ardınca getmək fikrində və səviyyəsində deyil! Xalq artıq son 10 ildə dərk edib ki, Prezident İlham Əliyevi hədəfə alanlar - Azərbaycanı hədəfə alanlardır! Onlar ideallıqdan uzaqdırlar, eyni zamanda, 90-cı illərin fəlakətlərinin heç zaman təkrarlanmasına yol verməyəcəklərinə də əmindirlər.

Müxalifət partiyalarının siyasi brendinin köhnəlməsi, ritorik resursun tükənməsi, ictimai rəyin ənənəvi manipulyasiya siyasətinin süqutu və yenilənmə zərurəti göz önündədir. İctimai rəydə nüfuzdan məhrum olan, yeniləşə bilməyən müxalifət "öz-özü ilə şahmat oynamaq" kimi ssenarini icra etmək məcbiriyyətindədir və özü də bilmədən ehtiyatsızlıq üzündən seytnot vəziyyətinə düşmüşdür.

 

 Azərbaycan iqtidarının seçkilərdə uğurunu təmin edəcək vasitələr

 

 2013-cü il Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsinin reallaşmasına başlandığı ilk il olacaq və tarixdə məhz bu adla qalacaq. İlin ən böyük hadisəsi, bütün ölkələrdə və bütün seçkilərdə olduğu kimi, xalqın etimad göstərdiyi liderin seçilməsi olacaq. Bu birmənalıdır! Liderin kimliyi barədə saysız-hesabsız ssenarilər irəli sürülə bilər. Lakin sonda xalqın seçimi hər şeyi həll edəcək!

 

Siyasi gündəmdə gedən müzakirələr bu dəfə də "xalq öz səsini kimə verəcək" sualına cavab axtarışlarından ibarət olmayaraq, yenə də ictimai rəyə hərənin öz istədiyini bəyan etmək yönündə gedir. Elə isə əsas sualları səsləndirmək lazım gəlir: xalq səsini indiyə qədər kimə verib? Onun seçiminin dəyişməsinə təsir edə biləcək hər hansı amillər mövcuddurmu? Növbəti 5 ilin yeni hədəflərin qət edildiyi tarix olacağına əminlik yaradan hansı amilləri yada salmaq olar?

Prezident seçkiləri hər bir ölkənin həyatında ən mühüm hesab edilən siyasi proseslərdəndir. Bununla belə, 2013-cü ilə yalnız "siyasi hərarətin artdığı mövsüm" kimi baxmaq dövlətimizi gözləyən nəhəng dəyişikliklərin mahiyyətinin natamam ifadəsi demək olardı.

O qədər də uzaq olmayan müstəqillik tariximizə boylansaq görərik ki, 1993-cü ildən, eləcə də 2003-cü ildən başlayan tarixlər Azərbaycan dövlətçiliyinin möhtəşəm səhifələrinin yazılmasının başlanğıcı olmuşdur. Deməli, 2013-cü il də belə olacaq! Təbii olaraq, 20 ildən çox yaşanan müstəqilik tarixi və demokratik dövlətçilik təcrübəsi həmin gözləntilərin 2013-cü ildən etibarən daha sürətlə reallaşdırılacağını təmin edəcək.

Son on ilin ən başlıca yekunlarından biri - Prezident İlham Əliyevin malik olduğu fundamental resursun - xalqın etimadının artmasıdır.

2013-cü ilin ən yaddaqalan tarixi hadisəsi - xalqın növbəti dəfə öz seçimini etməsi olacaqdır.

Bu gün - 2013-cü ildə Prezident İlham Əliyev heç vaxt olmadığı qədər güclüdür! Xalqa verdiyi sözlərin real nəticələri ilə! 10 il heç nə ilə müqayisə edilə bilməyən şəxsi siyasi liderlik təcrübəsi ilə! İrəli sürülən milli layihələrin ən kiçik bəndinə qədər həyata keçirməsi ilə! 10 ilin uğurlarının "islahatlar və quruculuq" resursunun tam mənzərəsi ilə!

2008-ci il və sonrakı dövr qlobal maliyyə böhranının hər bir dövlətin və siyasi liderlərin strategiyasını sınaqdan çıxardığı illər oldu. Azərbaycan bu sınaqdan üzüağ çıxan nadir dövlətlərdən idi. Beləliklə də dövlət başçısının siyasəti "ən doğru siyasət" adını qazandı.

Son on ildə reallaşan islahatlar siyasəti - demaqogiya və ritorikadan uzaq, addımbaaddım həyata keçirilən siyasi strategiyadır! Onun çəkisi o dərəcədə böyükdür ki, inkarçı və qərəzli niyyətlərə ciddi baxmaq üçün heç bir ümid yeri qoymur! Vətəndaş 20 ildir dəyişməyən partiya proqramlarındakı qeyri-real duruma deyil, əhatəsindəki reallığa baxır.

Azərbaycan əvvəlki iki onillikdə olduğundan daha çox müstəqildir. Demokratik inkişafın keyfiyyət mərhələsinə keçid alınması üçün zəruri olan fundamental iqtisadi, sosial, texnoloji resurslar təmin edilmişdir.

 

MİLLİ BREND: Müasir, inkişaf edən güclü Azərbaycan dövləti

 

Prezident İlham Əliyevə xalqın dəstəyini artıran əsas amillərdən biri də paradoksal olsa da, məhz müxalifətdir. Bu, politologiyada "alternativsizlik" resursu" adlanan qanunauyğunluqdur. Mənası o deməkdir ki, bir tərəfdə müxalifətçi qüvvələrin nüfuzunun düşməsi, təbii və məntiqi olaraq iqtidarın siyasi çəkisinin artmasına səbəb olur.

 

* 2013-cü ildən etibarən Azərbaycan inkişaf etmiş ölkələrin səviyyəsinə catmağı hədəfə alıb. Bu isə o deməkdir ki, siyasi sistemin modernləşməsi, həmin ölkələrin standartlarına uyğunlaşması prioritet kimi müəyyən edilmişdir.

* Son illərin mənzərəsi göstərir ki, Azərbaycan öz müstəqil tarixini yaradıb, iqtisadiyyatda keçid dövrünü qət edib. Ən böyük nailiyyətlərdən biri də odur ki, Azərbaycan vətəndaşının baxış istiqaməti dəyişdi, "keçmişdən gələcəyə doğru" istiqamətləndi. İnsanların həyat strategiyasının zaman üfüqü dəyişdi. Bu gün vətəndaş öz həyat strategiyasını artıq neçə illər əvvəlcədən planlaşdıra bilir, halbuki on il əvvəl bu, hələ mümkün deyildi. Keçid, sınaq, eksperiment və s. kimi obyektiv sosial praktikalardan, fors-major davranış modellərindən daimi və gələcəyə hesablanmış fəaliyyətə köklənmək həlledici sosial prosesə çevrildi. Fasiləsiz gözləntilər, inqilab və böhranın nə zaman bitəcəyinə dair, bəlkə yenidən xaosa yuvarlanmaq qorxuları vətəndaşı tamamilə tərk etdi. Cəmiyyət bu güzəranının, həyat axarının artıq həmişəlik və davamlı olacağına əmin oldu. Bu, çox böyük qələbədir. Bu gün artıq vətəndaş demokratik cəmiyyətdə hakimiyyətin qolları və səviyyələrini ayırd edə bilir və onun etirazları bəzi müxalifətçi qüvvələrin arzu etdiyi kimi "bütövlükdə hakimiyyətə" qarşı deyil, konkret problemi həll etməli olan konkret quruma, məsul şəxsə və s. yönəlir. Öz hüquqlarını sivil formada təmin etmək vərdişləri formalaşıb.

* Bu illərdə ölkədə həqiqətən də gerçək müstəqil düşüncəyə malik gənclik yetişib. Təşəbbüskar və kreativ gənclik ona tələb və ehtiyac olduğunu görür və hiss edir. Bunun səbəbi, ilk növbədə, dövlətin həyata keçirdiyi siyasətdir. Həyat daha sabit olub, fəlakət ssenarilərinin yaratdığı ovqat yox olub. Onu cidd-cəhdlə müxtəlif vasitələrlə (müxalifətyönlü KİV-lərdə və s.) canlandırmaq istəyənlər isə məğlubiyyətə düçardır. İntellekt və savadına, təşəbbüskarlığına görə həyatda özünüreallaşdıra bilənlər cəmiyyətdə artıq bütöv bir təbəqə təşkil edirlər. Onlar özlərinə ehtiyac olmasının fərqindədirlər. Təhsil, peşəkarlıq, nikbinlik və yeniləşmə arasında bağlılıq hər gün daha çox dərk edilir.

* Dövlət idarəçiliyində yüksək intellekt və peşəkarlığa malik texnokratlar nəslinin çəkisinin artması - bu elitanın təkamül yolu ilə transformasiyasıdır. Hakimiyyətin keyfiyyətinin dəyişməsi deməkdir. "Elektron dövlət"in formalaşması şaquli və üfüqi fraqmentasiyanın aradan qaldırılmasına, korrupsiyanın qarşısının alınmasına və bürokratik əngəllərin dəf edilməsi ilə məmur-vətəndaş münasibətlərinin ahəngini təmin etməyə hesablanmışdır.

* Son illərin fundamental nailiyyətlərindən biri daxili bazar hesabına sürətlə artan milli qeyri-neft sektorudur. Azərbaycanın inkişaf etməkdə olan ölkələrin sırasına qoşulmaq iddiasını ən çox doğruldan da məhz bu sahənin artımıdır. Dünya təcrübəsindən bəllidir ki, məhz bu sahə, iri biznesdən fərqli olaraq "orta sinfə" daha yaxın olması baxımından mühüm olan ideoloji dəyər əhəmiyyətinə malikdir. .

* Cəmiyyətdə inkişafın labüd müşayiətçisi kimi, müsbət dinamikanın templərinin daha da artırılması gözləntiləri mövcuddur. Siyasi elmdə bu fenomen "Tokvil effekti" kimi məlumdur. Yəni, əksər hallarda xalqın yeni tələbləri, onun rifahı siyasi sabitliyin artması fonunda irəli sürülür. Bu onunla bağlıdır ki, ictimai gözləntilərin artımı, ictimai imkanların artımını şərti olaraq həmişə üstələyir. Lakin son on ilin təcrübəsi göstərdi ki, Azərbaycan xalqının lideri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bütün gözləntilərdən öndədir.

Beləliklə, 2013-cü ildə də xalqın seçiminin dəyişməyəcəyi və uğurlar gətirəcəyi artıq tam təsdiqini tapmış formul kimi görünür! Qət etmək istədiyimiz hədəflər isə "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından aşkar bəllidir. Əgər brend anlayışını tətbiq  etmək olarsa "Müasir, inkişaf edən güclü Azərbaycan dövləti" qurmaq - milli brenddir! Siyasi islahatların sürətlənməsini son 10 ilin qələbələri və uğurlarının məntiqi davamı diktə edir. İqtisadi yüksəliş diktə edir ki, biz siyasi sistemin modernləşməsinin də yüksələn xətlə getməsini təmin edək.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə çərçivəsində "Avropa Qonşuluğu Barometri"nin ölkəmizdə keçirdiyi sorğu nəticəsində məlum olub ki, respondentlərin 65 faizi öz həyatından razıdır, 69 faizi iqtisadiyyatın vəziyyətini yaxşı sayır, 60 faiz ölkədəki demokratikləşmə prosesinin nəticələrindən razıdır, ən əsası isə 92 faiz öz hökumətinə inanır. Yəni, bu gün Prezident İlham Əliyevə etimadın göstəricisi 92 faiz təşkil edir! Özü də bu sorğunu yerli sosial mərkəzlər yox, məhz Avropa İttifaqının maliyyələşdirdiyi xarici təsisat keçirib!

Siyasi liderin arxasında xalq dayanır! Nə qədər ki, xalq etimad göstərir, istənilən qüvvə ilə mübarizənin nəticəsi məlumdur!

Bu baxımdan, siyası lider kimi cənab İlham Əliyevin heç bir rəqibi yoxdur!

 

 

Rəbiyyət ASLANOVA,

Milli Məclisin İnsan hüquqları komitəsinin

 sədri, fəlsəfə elmləri doktoru

 

Azərbaycan.-2013.- 28 aprel.- S.4.