Akademik Zərifə Əliyevanın adını daşıyan məktəb-liseydə yubiley tədbiri keçirilib

 

Akademik Zərifə Əliyevanın adını daşıyan Bərdə məktəb-liseyi bayramsayağı bəzədilmişdi. Hiss olunurdu ki, məktəbin pedaqoji kollektivi və şagirdləri bu tədbirə ciddi hazırlıq görüblər.

Zərifə xanım Əliyevanın anadan olmasının 90-cı ildönümünə həsr olunmuş tədbirin iştirakçıları öncə görkəmli oftalmoloq alimin məktəbin həyətində ucaldılmış abidəsi önünə tər qızılgüllər qoydular.

Məktəbdə keçirilən yubiley tədbirində Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya geniş məruzə ilə çıxış etdi. Natiq akademik Zərifə xanımın keçdiyi şərəfli ömür yolundan ehtiramla söhbət açdı. Qeyd etdi ki, Zərifə xanım Əliyeva ömrü boyu azərbaycanlı ziyalı qadın adını ən yüksək mərtəbəyə qaldıran unudulmaz simalardandır. Həmişə cəmiyyətin ali zümrəsində olsa da, sadəliyi və səmimiyyəti özünə əsas meyar seçərək əsl mükəmməllik nümunəsi göstərən, həqiqətən yüksək mənəvi keyfiyyətlərə, dərin zəkaya, biliyə, elmi potensiala malik olan bu böyük alimin, kamil şəxsiyyətin sadəliyi, təvazökarlığı, təmasda olduğu insanlarla mülayim və xoş münasibəti hər kəsi heyran qoymuş, könüllərdə ona sonsuz ehtiram və məhəbbət abidəsi ucaltmışdır. Görkəmli alim, sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqı dəyərləri varlığında təcəssüm etdirən Zərifə xanım bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insandır. Azərbaycan xalqı üçün onun ən böyük xidməti həyatın keşməkeşli yollarında ulu öndər Heydər Əliyevin ən yaxın dostu, sirdaşı olması və çox sevdiyi xalqa, vətənə İlham Əliyev kimi oğul bəxş etməsidir.

Yubiley tədbirində Bərdə şəhər paliklinikasının göz həkimi Nurlanə İbrahimova, Heydər Əliyev muzeyinin direktoru Arifət Əhmədova və Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov çıxış edərək Zərifə Əliyevanın şərəfli ömür yolunun müxtəlif məqamlarından ehtiramla söz açdılar.

Tədbirin sonunda Zərifə Əliyeva adına məktəb-liseyin şagirdlərinin hazırladığı tamaşa və 2 saylı şəhər musiqi məktəbi kollektivinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.-2013.- 28 aprel.- S.8.