1920-ci ildə Qarabağda, Zaqatalada, Lənkəranda xalq üsyanları

 

Qarabağ tarixində üsyanlar çox olub. Onlardan biri XIV əsrdə, biri isə XX əsrin əvvəllərində baş verib. Hər iki üsyanın əsasında haqsızlıq və əsarətə qarşı etiraz dayanır. İlk belə üsyan  1343-cü ildən 1356-cı ilədək Qarabağda Çobanlı əmirlərinə qarşı baş veribsonda xalqın arzusu yerinə yetib. Qarabağ əmirləri Hacı Həmzə, Mülayim, Həsən Çobani Axtaçı və Hüseyn Ənbuğa  özlərinə "Ulus əmirliyi" verilməsini tələb edirlər və məqsədlərinə nail olurlar. Qızıl Orda hökmdarı Canı bəy Qarabağa gəlir və Ağdamda əhali onu ehtiramla qarşılayır. Ardınca o, Təbrizə  gedib Məlik Əşrəfi tutub cəzalandırır və bununla Çobanlı feodallarının ağalığına son qoyulur.

1920-ci il aprelin 27-də Azərbaycana gələn Qırmızı ordunun məqsədi isə  tamamilə başqa idi: Azərbaycanın işğalı və  müstəqilliyimizə son qoyulması, torpaqlarımızın parçalanması.

Müxtəlif səbəblərdən işğalın ilk günlərini nisbətən sakit qarşılayan əhali sonradan baş alıb gedən hərc-mərcliyə dözməyərək ayağa qalxdı.  Mayın əvvəllərində XI ordu hissələri Yevlax tərəfdən Qarabağa daxil oldu. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov hakimiyyətdən kənarlaşdırıldı və bununla da Qarabağın qara günləri başlandı. Əvvəlcə Milli Ordu hissələri sıxışdırıldı. Bu isə Gəncədə, Zaqatalada olduğu kimi, Qarabağda da silahlı üsyana gətirib çıxardı.

Professor Fəzail İbrahimlinin qeyd etdiyi kimi, "tarixən heç bir işğalçı tərəfindən müqaviməti qırılmayan Azərbaycan xalqı XI ordu qarşısında da mütilik göstərmədi. XI ordunun gəlişini sükutla qarşılayan Azərbaycan xalqının təmkini uzun çəkmədi. Tərəddüd edənlər, ümid gözləyənlər, mübarizə aparmağın mənasız olduğunu güman edənlər, qeyri-leqal fəaliyyətə keçən siyasi partiya üzvləri və Milli Ordu əsgərləri qısa müddətdə başa düşdülər ki, sakit dayanmağın heç bir mənası yoxdur. XI ordunun özbaşınalığı, qarətçilik, kütləvi güllələmələr xalqın qəzəbinə səbəb oldu. Respublikanın ayrı-ayrı bölgələrində üsyanlar baş verdi... Milli Ordu ilə XI ordu arasında yaranmış qarşıdurma mayın ortalarında Tərtərdə üsyan dalğası yaratdı və bu dalğa bütün Qarabağa yayıldı. Qarabağın müxtəlif yerlərində yerləşən Azərbaycan Ordusunun Tərtər, Cavanşir, Ağdam süvari və Bakı piyada alayı və iki topçu diviziya xalqın mənafeyini müdafiə edir, XI ordunun bu yerlərdə törətdiyi cinayətə göz yummurdular".

Ermənilərin istəkləri ilə XI ordunun fəaliyyəti, 1918-ci ilin martında olduğu kimi, bir-birini tamamlayırdı. Gəncə üsyançılarına qarşı vuruşan orduda ermənilərin söz sahibi olması orada 12 mindən çox azərbaycanlının amansızcasına məhvinə gətirib çıxardı. XI ordu Gəncə üsyanından sonra azərbaycanlılara qarşı amansızlıqla rəftar edirdi. Günahsız insanları sorğu-sualsız güllələyir, hər tərəfdə qanunsuzluq hökm sürür, əhali səbəbsiz olaraq incidilirdi. İnsanların narazılığının səbəbi isə hərbi hissələrdə erməni daşnaklarının həddindən artıq çox olması və onların qəddarlığı ilə bağlı idi.

1920-ci ilin martında Milli Ordu tərəfindən ermənilərin Qarabağda qaldırdığı qiyam yatırılsa da, gizli şəkildə fəaliyyətini davam etdirən qüvvələr var idi. Bolşeviklərin gəlişi onların əl-qolunu tamamilə açdı. Ermənistan hökumətinin göstərişlərini yerinə yetirən xüsusi dəstələr peyda olmuşdu və onlar əsl quldurluqla məşğul olurdular. Onların bu özbaşınalığına qarşı isə ancaq Milli Ordu hissələri dayanmaq gücündə idi. Belə bir vaxtda erməni silahlılarını zərəsizləşdirmək əvəzinə XI ordu rəhbərliyi Milli Ordunu ləğv etmək planını işə saldı.

Gəncə üsyanı ilə Cəbrayıl qəzasında 20-dən çox silahlı dəstə yaradıldı. Mayın 29-da başlanan üsyan nəticəsində Tərtərdə və ətraf bölgələrdə sovet hakimiyyəti devrildi. Tezliklə Ağdam və Xankəndi də üsyançıların əlinə keçdi. İyunun 3-də Qafqaz İslam Ordusunun keçmiş komandanı Nuru paşanın da üsyancılara qoşulması ilə Qarabağda sovet hakimiyyəti tamamilə devrildi. 1920-ci il iyunun 10-da Qırmızı ordu hissələri ilə milli qüvvələrin qarşılaşması oldu. Üsyançılar sona qədər vuruşsalar da, sovet-bolşevik qüvvələrinin hərbi üstünlüyü şəraitində məğlubiyyətə uğradılar. İyunun 11-də Tərtər, Ağdam və Bərdə, iyunun 13-də Şuşanın müdafiəçilərinin müqaviməti qırıldı.

Bir faktı da qeyd edək ki, eyni vaxtda Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Lənkəran və Zaqatalada da üsyanlar oldu. Zaqatalada sovet hakimiyyətinə qarşı üsyana Qars Respublikasının rəhbərlərindən Molla Hafiz Əfəndi başçılıq edirdi. Üsyançılar sürətlə Zaqatala qalasını, Qaxı və ətraf əraziləri ələ keçirdilər. Bütün bölgə ayağa qalxmışdı. Lakin XI ordu hissələri qeyri-bərabər döyüşdən sonra iyunun 16-da üsyanı yatıra bildi. Üsyanın rəhbəri Hafiz Əfəndi öz dəstəsilə birlikdə hələ sovet hakimiyyətinin olmadığı Gürcüstan ərazisinə keçə bildi.

Qüvvələr nisbətinin qeyri-bərabərliyi bu üsyanların taleyini XI ordunun xeyrinə həll etsə də, Zaqatala, Lənkəran və Qarabağdakı üsyanlar xalqımızın azadlıq və milli dövlətçilik mübarizəsi tarixində parlaq səhifələrdən biridir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2013.- 28 aprel.- S.12.