«Ulu öndər həmişə bizimlədir»

 

Bu sözlər Daşkəsən rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə dönə-dönə səsləndi.

Əvvəlcə ulu öndərin şəhərin mərkəzində ucalan abidəsi ziyarət olundu, abidə önünə gülçiçək dəstələri düzüldü. Qonaqlar Heydər Əliyev Mərkəzində dahi insanın həyat və fəaliyyətini əks etdirən bir-birindən dəyərli eksponatlarla tanış oldular.

Sonra maşın karvanı, insan axını Bayraq meydanına yol aldı. Şəhərin girəcəyində, dövlət bayrağının ucaldığı bu səfalı guşəyə minlərlə adam yığışmışdı. Əsl el bayramı, xalqla dövlətin yekdilliyinin təntənəsi idi. Bir yanda həvəskarların əl işlərinin rəsm sərgisi nümayiş olunur, bir tərəfdə idmançılar öz məharətlərini göstərirdilər. Ortada geniş məclis açılıb, çalan kim, oxuyan kim, ön tərəfdə isə çaparlar cıdıra çıxıblar. Müxtəlif növ texnika yenicə təməli qoyulan yola doğru axışır.

Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev qonaqları salamladı. Müstəqil Azərbaycanın memarı  Heydər Əliyevin ölkə iqtisadiyyatının tərəqqisindəki, neft strategiyasının həyata keçirilməsindəki  əvəzsiz xidmətlərindən, eləcə də dağlar diyarına göstərilən tükənməz qayğıdan, onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi dövründə qazanılan  uğurlardan söz açdı.

Respublika  Ağsaqqal Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov və YAP Siyasi Şurasının üzvü, Milli Məclisin  deputatı Mirkazım Kazımov böyük dövlət xadimi, nadir istedad sahibi Heydər Əliyevin keşməkeşli həyatının müxtəlif mərhələlərindən, vətən və xalq yolundakı, habelə milli müstəqilliyin ölkəmizin daimi sərvətinə çevrilməsindəki misilsiz xidmətlərindən danışdılar.

Yekdilliklə qeyd olundu ki, qədirbilən xalqımız Heydər Əliyevin adını həmişə uca tutur, onun müqəddəs ideyalarını layiqincə yaşadır. Ulu öndər Heydər Əliyev həmişə bizimlədir. Biz həmişə, hər işdə onun şanlı yolunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevi ürəkdən dəstəkliyirik.

Tədbirin sonunda Heydər Əliyevin yubileyinə hazırlıq ərəfəsində ayrı-ayrı kollektivlərdə keçirilmiş idman yarışlarında və inşa-yazı müsabiqələrində xüsusi fərqlənənlərə fəxri fərmanlar və hədiyyələr verildi.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2013.- 30 aprel.- S.3.