Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının üzvləri üçün keçirdiyi kurslarda növbəti mühazirələr dinlənilmişdir

 

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar iyulun 31-də davam etmişdir.

Tədbirdə "Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri" mövzusunda mühazirə ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov bildirmişdir ki, seçki komissiyalarının fəaliyyətinə müdaxilə edənlər - partiyalar, bələdiyyələr və digər təşkilatların nümayəndələri Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb oluna bilərlər.

Rüstəm Usubov diqqətə çatdırmışdır ki, 2005-ci ildə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı Baş Prokurorluğa 365 müraciət daxil olmuşdur. Həmin müraciətlərin 102-si MSK-dan, 35-i dairə seçki komissiyalarından, 4-ü partiyalar blokundan, 31-i hüquq-mühafizə orqanlarından, 193-ü isə vətəndaşlardan daxil olmuşdur. Həmin vaxt 20 dairə seçki komissiyaları ilə bağlı cinayət işi qaldırılmışdır. Eyni zamanda, 10 dairə seçki komissiyasının nəticələri ləğv edilmişdir. Dörd dairə seçki komissiyasının nəticəsi MSK, altı dairə seçki komissiyasının nəticəsi isə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmişdir.

Azərbaycanda 2008-ci ildə keçirilmiş prezident seçkiləri zamanı Baş Prokurorluğa heç bir müraciətin daxil olmadığını deyən Rüstəm Usubov vurğulamışdır ki, 2010-cu ildə parlament seçkiləri ilə bağlı 89 müraciət qeydə alınmışdır. Həmin müraciətlərin 83-ü MSK-ya və dairə seçki komissiyalarına göndərilmiş, 5-i ilə bağlı şərh verilmişdir. Bir müraciətlə bağlı isə cinayət işi açılmışdır. Qanun pozuntularının sayının azalması seçki komissiyalarının işinin düzgün qurulmasının nəticəsi kimi də qiymətləndirilə bilər.

Baş prokurorun birinci müavini demişdir ki, prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, sosial vəziyyətin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi işlər görülmüşdür. Korrupsiyaya qarşı mübarizədə ciddi islahatlar aparılmaqla səmərəlilik gücləndirilmiş və kompleks tədbirlər həyata keçirilmişdir. O demişdir: "Hüquqpozmaların sahələri müəyyənləşdirilərək aidiyyəti üzrə göndərilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində ictimai qurumlar QHT-lərlə əməkdaşlıq edərək əhəmiyyətli işlər görmüşlər. Bunun nəticəsində bəzi beynəlxalq təşkilatlar Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirlərini səmərəli hesab etmişlər.

"Elektron hökumət" layihəsi çərçivəsində yaradılmış "Elektron sənəd dövriyyəsi" sistemi sahəsində bir sıra işlərin görüldüyünü deyən Rüstəm Usubov qeyd etmişdir ki, korrupsiyaya qarşı mübarizədə inzibati tədbirlər və sistem xarakterli addımlar atılır. "ASAN xidmət" mərkəzlərinin yaradılmasının da məqsədi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılmasında İKT sahəsinin inkişafı çox mühümdür. Baş Prokurorluq tərəfindən 2013-cü ildə "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair Elektron cinayət" İnformasiya Proqramı da yaradılmışdır. Bu, prokurorluq orqanlarının işinin daha da asanlaşdırılmasında əvəzsiz rol oynayır.

MSK sədrinin müavini Natiq Məmmədov "Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması" mövzusunda mühazirə ilə çıxış etmişdir. Bildirmişdir ki, artıq Mərkəzi Seçki Komissiyasında vətəndaşların müraciətlərinin araşdırılması üçün mexanizm qurulmuşdur. Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması məsələlərinə toxunan MSK sədrinin müavini vurğulamışdır ki, son vaxtlar şikayətlərin azaldılması meyilləri müşahidə olunur. Bu da maarifləndirmə işinin artırılması ilə bağlıdır.

Məntəqə seçki komissiyalarının vətəndaşlarla ən çox ünsiyyətdə olan seçki qurumu olduğunu xatırladan Natiq Məmmədov burada çalışan şəxsləri diqqətli olmağa çağırmışdır. O demişdir: "Məntəqə seçki komissiyalarının əsas fəaliyyət istiqamətləri seçiciləri müəyyənləşdirərək onların seçkidə iştirakını təmin etməkdir. Məntəqə seçki komissiyalarının şikayətlərə laqeyd yanaşmağa ixtiyarları yoxdur. Seçki günü isə məntəqə seçki komissiyaları əsas işlərini davam etdirməli, şikayətlərə də baxmağa çalışmalıdırlar".

Natiq Məmmədov qeyd etmişdir ki, Avropa Şurası Venesiya Komissiyasının tövsiyəsinə uyğun olaraq dairə seçki komissiyalarının qərarları açıq keçirilən iclaslarda elan olunmalıdır. Ancaq qanunvericiliyə görə, maraqlı tərəflər qərar verən şəxslərin mövqelərini bilməməlidirlər.

MSK sədrinin müavini dairə seçki komissiyalarında telefon və internetlə müraciətə baxılması prosedurunu da açıqlamışdır. Bildirmişdir ki, qeydiyyat kitabında şəxsin hansı saatda zəng etdiyi və hansı məsələ ilə əlaqədar müraciəti əksini tapmalıdır. Komissiyaların əsas fəaliyyəti seçiciləri müəyyən edərək onların səsverməsini təmin etməkdən ibarətdir. Lakin onların şikayətlərə laqeyd yanaşmağa da hüququ yoxdur. Ona görə də orada iki şikayət kitabı mövcuddur. Onlardan biri seçki günü edilən şikayətlər, digəri isə səsvermə gününədək olunan müraciətlər üçündür.

Dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar Azərbaycan Respublikasının Ali Məhkəməsində davam etdirilmişdir.

"Seçki hüquqlarının məhkəmə müdafiəsi, mübahisələrin məhkəmə aidiyyəti. Bu sahədə məhkəmə təcrübəsi" mövzusunda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev vətəndaşların Konstitusiyaqanunlarda nəzərdə tutulmuş seçki hüquqlarının məhkəmə müdafiəsinin səmərəliliyini artırmaq üçün mühüm işlərin görüldüyünü vurğulamışdır.

Kursda seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat, seçki hüquqlarının müdafiəsi haqqında ərizələrin verilməsi və onlara baxılması qaydaları ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Sonda vətəndaşların seçki hüququnun etibarlı təmin edilməsi məsələləri ilə əlaqədar müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 1 avqust.- S.1,3.