Pirallahının sərvəti

 

İlin bütün fəsillərində neftçilərin işi çoxdur

 

Pirallahı adadır. Təbiətin hökmü ilə dənizin ortasına - sahildən onlarca kilometr aralı düşmüş torpaq parçasıdır. İnsanlar onu damba vasitəsilə quru əraziyə birləşdiriblər. Burada daş evlər, sənaye obyektləri, su anbarı, elektrik stansiyası və s. tikilir. Bir sözlə, adada bir oba yaranıb, abad bir qəsəbə salınıb, indi 16 min nəfərdən çox əhalisi olan qəsəbə.

"Pirallahı" həm də yataqdır. Neftlə və qazla zəngin olan bir məkandır ki, onilliklər boyu çıxarılan sərvəti hələ də tükənməyib. İnsanlar da burada məhz neft tapılandan sonra məskən salıb, ev-eşik qurub, infrastruktur yaradıblar.

"Pirallahı" elə bir yataqdır ki, sərvətinin yarısı quruda - yerin təkində, yarısı Xəzərdə - dənizin dibindədir. Adada ilk sənaye əhəmiyyətli neft 1902-ci ildə 44 nömrəli quyudan alınıb. 1935-ci ildə isə sahildən 520 metr aralıda polad dirəklər üzərindən qazılmış 157 nömrəli quyu yatağın sudakı ərazisini nişan verib. Bu quyu canlı bir eksponata çevrilərək hələ də işləyir, neftqaz verir.

Pirallahıda neft və qazçıxarma idarəsi 1936-cı ildə yaradılıb. Bu idarə də adanın özü kimi, uzun illər yad adlarla çağırılıb. İndi "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi adlanır. Bu gün "Abşeronneft" Xəzərin qoynundakı "Gürgan-dəniz", "Darvin bankası", "Qərbi Abşeron" və digər yataqları da istismar edir. Dəniz özülləri sahildən onlarca kilometr irəliyə "addımlayıb". İdarənin hətta adadan 45 kilometr aralıda, Xəzərin Sumqayıt şəhərinə yaxın ərazisində də özülləri var.

Özüllər və estakadalar, 4 neft və qazçıxarma mədəni (sexi), bir sıra digər əsas və köməkçi sahələr "Abşeronneft"in 1500 nəfərdən artıq olan kollektivinin yerləridir. Burada geoloq da, qazmaçı da, operator da, hətta istehsalatdan kənarda, yəni xidmət sahəsində və köməkçi işlərdə çalışanlar da özlərini neftçi, böyük neftçilər ordusunun üzvü hesab edirlər. Məhz bu birlik hissinin gücü ilə idarə qarşıda duran vəzifələri layiqincə yerinə yetirir. Bu ilin 6 ayında "Abşeronneft" 117 min 65 ton neft hasil edib. Bu, planın 112,4 faiz yerinə yetirilməsi deməkdir. Yarımillik neft qaz təhvili tapşırıqlarına da artıqlaması ilə əməl olunub.

Xatırladaq ki, yataqlar köhnədir burada hasilatı sabit saxlamaq o qədər asan məsələ deyil. "Abşeronneft" əməkçiləri isə hasilatı nəinki sabit saxlamağa, hətta artırmağa da nail olurlar. Bu, geoloji texniki tədbirlərin həyata keçirilməsinin, yeni texnologiyanın tətbiq edilməsinin, işin düzgün təşkilinin, ən başlıcası, kollektivin bütün üzvlərinin gərgin zəhməti sayəsində mümkün olur.

Son illərin bir nailiyyəti əməyin təhlükəsizliyi, neftçilərin məişət şəraitinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdir. Başqa sözlə, başlıca şərt neftçinin sağlamlığıdır, onun evindən sağ-salamat çıxdığı kimi əmək növbəsindən ailəsinin, uşaqlarının yanına da beləcə qayıtmasıdır. Axı bu yerlərin ən böyük sərvəti insanlardır - ada dəniz şəraitində torpağın suyun dərinliklərindən təbiətin sərvətini üzə çıxaran insanlar...

Bu ğün Pirallahı müxtəlif sahələrdə çalışan yüzlərlə insanın məskən saldığı bir məkan olsa da, yaddaşlarda həmişəlik neftçilər qəsəbəsi kimi qalır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə bu qəsəbənin sosial-iqtisadi inkişafına yönəldilən tədbirlər burada yaşayan neftçilərə bütün sakinlərə qayğıdan qaynaqlanır. Dövlət başçısı keçən il noyabrın 23-də qəsəbəni sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün avtomobil körpüsünün tikintisi yol boyunca sahilbərkitmə işlərinin aparılması məqsədilə ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması barədə sərəncam vermişdir.

İndi nəzərdə tutulan işlər davam etdirilməkdə, Pirallahıya gedən yollar abadlaşmaqdadır. Axı qədim Pirallahı bu gün həm Azərbaycan paytaxtının ən gənc rayonudur. Bu rayonun ən böyük sərvəti neft neftçilərdir.

Neftçilərin isə işi həmişə çox olur. Bu isti yay günlərində onlar mədənlərdə, özül estakadalardadır.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2013.- 1 avqust.- S. 1.