R.İbrahimbəyovla İ.Qəmbər «vahid namizəd» məsələsində razılığa gələ bilmədilər

 

"Milli Şura" üzvlərinin erməniyə məxsus hoteldə görüşünün detalları bəlli oldu

 

 

"Milli Şura" yaranan gündən qurum üzvləri arasında qarşılıqlı ittihamlar, "söz savaşları" davam edir. Antimilli qüvvələrin cəmləşdiyi qurumun taleyinin belə olması gözlənilən idi. Son olaylar da bir daha göstərdi ki, qurum təmsilçilərinin ölkəyə rəhbərlik etmək iddiası gülüncdür. "Milli Şura" üzvlərinin erməniyə məxsus "Vera Palace" hotelində görüşmələri bu şəxslərin əsl ermənipərəst simalarını ortaya qoydu. Bununla da "Milli Şura" üzvlərinin nəinki Vətən, dövlət, millət hissindən, hətta kosmopolit insana da xas adi insani keyfiyyətlərdən - vicdan və ədalət hissindən məhrum olduqları üzə çıxdı. Belə bir addımı Rüstəm İbrahimbəyovun erməni sevgisinin növbəti təzahürü kimi də qiymətləndirmək olar.

R.İbrahimbəyovun ermənilərə olan sevgisinin zaman-zaman özünü büruzə verməsi onsuz da hər kəsə bəllidir. Görünür, onun tərəfdaşları, aqressiv müxalifət partiya rəhbərləri də antiazərbaycançı şəbəkənin, xüsusilə də ermənilərin təsiri altında fəaliyyət göstərməkdən çəkinmirlər. Beləliklə, məlum olur ki, bu şəxslər maraqları naminə hətta ən qatı düşmənlərimizlə belə razılığa gəlməyə hazırdırlar. Aydındır ki, R.İbrahimbəyov və milli təəssübkeşlikdən uzaq olan "Milli Şura"nın üzvləri türk dünyasına qarşı erməni vəhşiliyinin simvoluna çevrilən Xocalı soyqırımını, milyondan çox Azərbaycan türkünün doğma yurdundan zorla didərgin düşməsi faktlarını görə-görə erməni təəssübkeşliyi çəkmələri məkrli qüvvələrin marağına xidmət edir. Aşkar görünür ki, müstəqil Azərbaycan dövlətinin sürətlə inkişaf etməsindən narahat olan qüvvələr ölkəmizə və xalqımıza qarşı qərəzli mövqelərini gizlədə bilmirlər. Beləcə, bu çirkin əməllərini R.İbrahiməyov kimi qoca ssenaristin əli ilə həyata keçirməyə çalışırlar.

Tiflisdə keçirilən toplantıda məlum olub ki, İbrahimbəyov orada Gürcüstan kinematoqrafları ilə film çəkməyi planlaşdırırmış. Bu plana əsasən, Tiflisə gələn qoca kinossenarist deyib ki, "Milli Şura" nə zaman onun qayıtması ilə bağlı qərar qəbul etsə, o zaman Bakıya qayıdacaq. Bu da növbəti yalan ssenarilərdən biridir. "Milli Şura" üzvləri dünənə kimi R.İbrahimbəyovun Bakıya gəlməsini istəyirdilər. Elə isə bir qərar qəbul etmək nə çətin işdir ki?! Görünür, bunun üçünxarici dairələrdən xüsusi göstəriş gəlməlidir...

İbrahimbəyov gəlsə, nə dəyişəcək ki? Qurumun tərkibində hərə özünü potensial  "vahid namizəd" kimi görür.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib: "Əvvəlcədən bəlli idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməkdən qorxur. O kimdir ki, onun da ayağına gedək. Kifayət qədər ona güzəştə getdik. Onun Milli Şuranın sədri olmasına dəstək verdik. Bundan sonra İsa Qəmbərin namizədliyinin dəstəklənməsi haqqında düşünməliyik".

Rəsul Quliyev isə tam əmindir ki, prezident seçilə bilər. Deyir ki, ölkəyə qayıda bilsə, seçkidə iştirak edəcək, özüqalib gələcək: "Mənim namizədliyimi irəli sürmək məsələsinə gəldikdə, "heç bir bazası olmayan" ifadəsi demoqogiyadan başqa bir şey deyildir. Mən artıq "Rüstəm İbrahimbəyov nəyə görə vahid namizəd olmalıdır və o, qeydiyyata alınmasa, seçkilərin keçirilməsinə imkan vermək olmaz" kimi fikirlərimi dəfələrlə söyləmişəm... Ölkəyə qayıda bilsəm, seçkidə iştirak edəcəyəm, mənə vahid namizəd olmaq lazım deyil".

Öz aralarında "vahid namizəd" məsələsində razılığa gələ bilməyən müxalifət liderləri artıq gülünc duruma düşüblər.  Bütün proseslər göstərir ki, müxalifətin başqa-başqa adlarla "birlik"lər yaratmaq cəhdləri nə qədər qəribə səslənsə də, məhəllə uşaqlarının yığışıb müxtəlif adlarda oyun oynamaqlarına bənzəyir. Əvvəllər yaradılan və hazırda fəaliyyətləri görünməyən saxta birliklərin tərkibinə baxsaq, hamısında eyni simaların olduğunu görərik. Onların ideyaları da, irəli sürdükləri fikirləri də özləri kimi köhnədir. "Milli Şura" da bu qəbildəndir. Hazırda yeni informasiyakreativ düşüncələr dövründə yaşayırıq. Ancaq müxalifətin saxta birliklərinin davamçısı olan "Milli Şura" üzvləri hələ də 80-90-cı illərin düşüncəsindən uzağa gedə bilməyiblər.

 

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.- 2013.- 1 avqust.- S.3.