Azərbaycanın hüquq-mühafizə orqanlarının korrupsiya ilə mübarizə sahəsində həyata keçirdikləri kompleks tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə edilmişdir

 

Azərbaycanın hüquq-mühafizə orqanlarının korrupsiya ilə mübarizə sahəsində həyata keçirdikləri kompleks tədbirlər nəticəsində mühüm nailiyyətlər əldə edilmişdir.

AzərTAc xəbər verir ki, bu sözləri baş prokurorun birinci müavini Rüstəm Usubov iyulun 31-də dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kursdakı çıxışında demişdir.

Cari ilin birinci yarısında Baş Prokurorluğun, o cümlədən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti barədə məlumat verən Rüstəm Usubov bildirmişdir ki, bu sahədə bir sıra uğurlar qazanılmışdır. Məhz görülən işlərin nəticəsidir ki, rəyi soruşulan respondentlərin 68 faizi korrupsiya ilə mübarizə sahəsində görülən işləri təqdirəlayiq hesab etmiş, 73 faizi isə ölkədə korrupsiyanın səviyyəsinin artmadığını bildirmişdir. O demişdir: "Biz daha fəal olmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün olan meydan maksimum dərəcə daralsın".

Rüstəm Usubov qeyd etmişdir ki, əvvəlki illərlə müqayisədə cari ilin birinci yarısında soyğunçuluq 24 faiz, oğurluq 46 faiz, dövlət əmlakının talanması ilə bağlı cinayət hadisələri isə 17,3 faiz azalmışdır. Əvvəlki illərlə müqayisədə üstü açılmamış cinayətlər 15-16-ya qədər azalmışdır. Bu ilin 6 ayı ərzində isə bu xarakterli cinayətlərdən cəmi 5-nin üstü açılmamışdır.

Baş prokurorun birinci müavini vurğulamışdır ki, korrupsiyaya qarşı görülən preventiv tədbirlər nəticəsində Baş Prokurorluqda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və şəffaflığın tətbiqi sahəsində mühüm işlər görülmüşdür. Baş prokurorluqda yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində görülən işlər müsbət dəyərləndirilir.

Rüstəm Usubov bildirmişdir ki, Prezident İlham Əliyevin sədrliyi Nazirlər Kabinetinin cari il iyulun 11-də keçirilmiş iclasında dövlətimizin başçısının elektron sistemə keçidin zəruriliyi barədə verdiyi göstərişlərə müvafiq olaraq təxirəsalınmaz tədbirlər görülmüşdür. Bakı şəhərinin prokurorluq orqanları və respublika ərazisində yerləşən tabe rayon və şəhər prokurorluqlarının "Elektron sənəd dövriyyəsi" sisteminə mərhələli şəkildə qoşulmaları, videokonfrans rejimində bütün tabe struktur qurumlarla əlaqələrin və informasiya sisteminin yaradılması üzrə tədbirlərin yekunlaşdırılması və bu sistemin tətbiqinə başlanılması istiqamətində zəruri tapşırıqlar verilmişdir. Prokurorluq orqanlarında çalışanların 52 faizini gənc kadrlar təşkil edir. Onlardan 70 nəfəri Baş Prokurorluqda fəaliyyət göstərir.

 

Azərbaycan.- 2013.- 1 avqust.- S. 3.