Mirko Roverelli: Bu ecazkar diyarda Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur

 

Bu ecazkar diyarda Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur. Beynəlxalq musiqi festivalının gözəl bir məkanda - dağlar, meşələr arasında, görkəmli ifaçıların iştirakı ilə keçirilməsi mənim üçün böyük tapıntıdır. Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Qəbələ festivalında iştirakım ölkənizi yaxından tanımağıma da gözəl imkan yaratdı. Növbəti illərdə də böyük məmnuniyyətlə bu möhtəşəm festivala qatılmaq istərdim.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, məşhur italiyalı dirijor Mirko Roverelli AzərTAc-a müsahibəsində demişdir.

Festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirən məşhur dirijor bu mötəbər tədbirdə çıxışı üçün yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Mirko Roverelli "Yeni Rusiya" Dövlət Simfonik, Yerusəlim Simfonik orkestrlərinə dirijorluq etməsini özünün gələcək karyerası üçün mühüm addım kimi dəyərləndirmişdir: "Auditoriyanın festival çərçivəsində keçirilən konsertlərə böyük marağı da məni heyran edir. Düşünürəm ki, bir müddət sonra bu festivalın özünəməxsus yeri olacaq, bütün dünyanın diqqəti bu möhtəşəm sənət bayramına yönələcəkdir".

 

Azərbaycan.-2013.- 1 avqust.- S.4.