Bakıda Azərbaycan ilə İsveçrə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

İyulun 31-də Kənd Təsərrüfatı Nazirliyində İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş səfiri Paskal Obişer, İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şoxonun müavini Matias Feldman ilə görüş keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşün məqsədi Azərbaycan ilə İsveçrə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi olmuşdur.

Kənd təsərrüfatı naziri İsmət Abasov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişafın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısı barədə qonaqlara məlumat vermişdir.

Nazir Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlərin və kənd təsərrüfatı sektorunda mütərəqqi dəyişikliklərin dəstəklənməsində İsveçrə hökumətinin müəyyən töhfəsi olduğunu qeyd etmişdir.

İkitərəfli əməkdaşlıq əlaqələrindən danışan İ.Abasov vurğulamışdır ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən 2007-2012-ci illərdə ölkəmizdə "Azərbaycan Respublikasının Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər və qaçqınlar üçün kəndin inkişafında potensialın artırılması" layihəsi həyata keçirilmişdir. Bu layihənin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı, İsveçrə hökuməti də iştirak etmişdir. İki ölkə arasında heyvandarlıq məhsullarının qarşılıqlı ticarətini asanlaşdırmaq məqsədilə tərəflər arasında 8 adda baytarlıq sertifikatı nümunələri razılaşdırılmışdır.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə bir sıra təkliflər irəli sürülmüşdür.

Səfir Paskal Obişer fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirmişdir.

 

Azərbaycan.- 2013.- 1 avqust.- S. 5.