Ukrayna parlamenti qondarma «erməni soyqırımı» layihəsini müzakirəyə çıxarmaqdan imtina etmişdir

 

Ukrayna Ali Radasının insan hüquqları və millətlərarası münasibətlər komitəsi parlamentə təqdim olunmuş qondarma «erməni soyqırımı»nın tanınması haqqında qanun layihəsini müzakirəyə çıxarmışdır.

Ukrayna Azərbaycanlıları Konqresindən AzərTAc-a bildirmişlər ki, komitə üzvləri keçirilən müzakirələrdə layihənin parlamentdə müzakirəsini məqbul sayılmamış və layihə komitədən geri qaytarılmışdır.

Müzakirə zamanı bildirilmişdir ki, belə bir sənədin Ukrayna parlamentində qəbulu reallığa uyğun deyildir. Komitə üzvlərinin  yekdil fikri ondan ibarət olmuşdur ki, bu kimi sənədlərin qəbulundan əvvəl tarixçilərin bu barədə geniş araşdırmalarına və birgə qərarlarına ehtiyac vardır. Eyni zamanda, belə bir qanunun qəbulu ölkədə millətlərarası münasibətlərə ciddi ziyan vura bilər. Ona görə də komitə belə bir qanun layihəsini parlamentin plenar iclasına çıxarmaqdan imtina etmişdir.

Məsələ ilə bağlı Ali Radanın bir qrup deputatının imzası ilə Ukrayna Azərbaycanlıları Konqresinə rəsmi müraciət də ünvanlanmışdır. Müraciətdə layihənin komitədən geri qaytarıldığı və Ukraynada yaşayan azərbaycanlıların, digər türkdilli xalqların narahatlığına artıq ehtiyac qalmadığı qeyd olunmuşdur.

Xatırladaq ki, qanun layihəsi ötən ay Ukrayna Ali Radasının erməni əsilli deputatları Arsen Avakov (Yuliya Timoşenkonun rəhbəri olduğu "Batkivşina" Partiyası) və Vilen Şatvoryanr (hakim Regionlar Partiyası) tərəfindən hazırlanaraq parlamentin müvafiq komitəsinə təqdim olunmuş və radanın katibliyində qeydə alınmışdır.

 

Azərbaycan. - 2013.- 1 avqust.- S. 7.