«Sarı gəlin - qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam» sənədli filmi Almaniyanın televiziya məkanında

 

Almaniyanın "TV Berlin" telekanalında Azərbaycanda caz mədəniyyətinin ənənələrindən, o cümlədən caz musiqisinin muğamla nadir sintezindən bəhs edən "Sarı gəlin - qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam" sənədli filmi nümayiş etdirilmişdir.

AzərTAc xəbər verir ki, alman rejissor Klaus Bernhart tərəfindən çəkilmiş filmdə Azərbaycanda cazmuğam musiqisinin tarixindən bəhs edilir, musiqinin hər iki növünün görkəmli sənətkarları Alim Qasımov, Salman Qəmbərov, Rain Sultanov, Fərhad Bədəlbəyli, İsfar Sarabski ilə müsahibələr təqdim olunur.

 Azərbaycanın musiqi irsinin ayrılmaz tərkib hissəsi olan "Sarı gəlin" xalq mahnısını ilk dəfə Almaniya teleməkanına çıxaran filmdə, həmçinin ölkəmizin tarixi və mədəniyyəti haqqında ümumi məlumat verilir, Azərbaycanın musiqi beşiyi Şuşanın ölkəmizin mədəniyyətmusiqi həyatındakı yeri xüsusi vurğulanır və görkəmli Azərbaycan musiqiçilərinin vətəni olan Dağlıq Qarabağ bölgəsinin hazırda Ermənistan işğalı altında olması qeyd olunur.

Filmin ideya rəhbəri "Alman-Azərbaycan Forumu"nun icraçı direktorunun müavini Pərviz Yəzdaninin sözlərinə görə, televiziyada nümayiş etdirildikdən sonra tamaşaçılardan daxil olmuş çoxsaylı təbriklər filmin Azərbaycan mədəniyyətinin Almaniya ictimaiyyətində təbliğatına necə böyük töhfə olmasından xəbər verir.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Almaniyanın "Das apartment TV" şirkəti və Azərbaycanın "Salnamə" studiyasının birgə istehsalı və "Alman-Azərbaycan Forumu", Almaniyanın E-ON şirkəti, ARDNŞ və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə ərsəyə gəlmişdir.

 

Azərbaycan. - 2013.- 1 avqust.- S. 8.