Kolumbiya Konqresinin Nümayəndələr Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən verilmiş məlumata əsasən, cari il iyulun 30-da Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri üzrə II Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul etmişdir.

Kolumbiya Konqresinin Nümayəndələr Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən irəli sürülən "Ermənistan-Azərbaycan münaqişəsi" adlı qərar layihəsi Palatanın II Komitəsində səsverməyə qoyulmuş və yekdilliklə qəbul edilmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, sənəddə Azərbaycanın Dağlıq Qarabağ regionuonun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunması, bu hərbi təcavüz nəticəsində Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması, xüsusilə Xocalıda baş vermiş soyqırımı aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejiminin pozulması qətiyyətlə pislənilmişdir.

Qərarda həmçinin Azərbaycan və Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət prinsiplərini rəhbər tutaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi barədə Ermənistan  Respublikası hökumətinə çağırış ifadə edilmişdir.

Bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair Kolumbiya Konqresinin Nümayəndələr Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən Xarici İşlər və Milli Müdafiə Məsələləri üzrə II Komitəsinin üzvləri üçün hazırlanan altı səhifəlik icmalda bu münaqişə, eləcə də Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və bu işğalın regionda sülhə və əmin-amanlığa təhdid olması, rəsmi Yerevanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz yurdlarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verilmiş və pislənilmişdir.

İcmalda münaqişənin tarixinə nəzər salınır və Ermənistan silahlı qüvvələrinin  Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımının ağır nəticələri barədə məlumat verilir. İcmalın sonunda Hernan Penaqos Xiraldo Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının Ermənistan tərəfindən işğalının xronologiyasını verir və işğalın qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT  Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları diqqətə çatdırır.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 2 avqust.- S.1.