Hakimliyə namizədlərin seçkiləri yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilir

 

"Azərbaycanda hakimliyə namizədlərin seçkiləri yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilir".

Bu sözləri Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev avqustun 1-də jurnalistlərə müsahibəsində demişdir.

İman Nağıyev bildirmişdir ki, hakimliyə namizədlərin seçilməsi ilə bağlı keçirilən bütün imtahanlarda müşahidəçilər iştirak edirlər.

Sədr vurğulamışdır ki, seçkilər Avropa Şurasının ekspertləri tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir. İmtahan komissiyasının üzvü bu qaydalara uyğun olaraq, namizədin cavablarını qiymətləndirərək öz balını verir.

Hazırda hakimliyə 75 namizədin imtahanın son mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran İman Nağıyev demişdir: "Onlar Məhkəmə-Hüquq Şurasında söhbətdən keçəcəklər. Daha sonra namizədlərin hakim vəzifəsinə təyin olunması üçün dövlət başçısına təqdimat veriləcəkdir".

Ölkə üzrə apelyasiya məhkəmə instansiyalarının hakimlərinin sayının artırılması prosesinin davam etdiyini deyən sədr vurğulamışdır ki, hazırda Bakı Apelyasiya Məhkəməsində hakimlərin sayı 48 nəfərdən 53-ə çatdırılmışdır.

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 2.