«Milli Şura»nın «vahid namizəd» xülyası baş tutmadı

 

R.İbrahimbəyovla İ.Qəmbər razılığa gələ bilmədilər

 

"Milli Şura"da təmsil olunan aqressiv müxalifət partiyaları rəhbərlərinin qoca kinorejissor Rüstəm İbrahimbəyovla erməniyə məxsus "Vera Palace" hotelində görüşünün bütün detalları bəlli oldu. R.İbrahimbəyovun "erməni xəstəliyinə" yoluxan qurum üzvlərinin antimilli mövqe tutmaları onların antiazərbaycan şəbəkənin təsiri altında fəaliyyət göstərdiklərini sübuta yetirdi.

Müsavat başqanı İsa Qəmbərin görüşdən sonra mətbuata verdiyi açıqlama həqiqətən də bu şəxsin vaxtilə söylədiyi, "maraqlarım naminə şeytanla da əməkdaşlığa gedərəm" - fikrini bir daha təsdiqləmiş oldu. Erməniyə məxsus "Vera Palace" hotelində görüşlə bağlı Müsavat başqanının "tədbirin belə bir məkanda keçirilməsində qəbahət görmürəm" - fikrini səsləndirməsi onun milli heysiyyatdan uzaq olduğunu təsdiqlədi. Bu fakt İ.Qəmbərin Azərbaycan torpaqlarının 20 faizini işğal edən, 1 milyondan artıq soydaşımızı qaçqın və köçkün vəziyyətinə salan ermənilərə olan böyük məhəbbətinin təzahürü kimi də dəyərləndirilə bilər.

Tiflis görüşü "Milli Şura"nın ümummilli maraqlar pərdəsi altında gizlənərək antiazərbaycan şəbəkənin "beşinci kolon"u olduğunu sübuta yetirdi. Bu qurum faktiki olaraq milli maraqlarımızı şəxsi maraqlara satan manqurtlaşmış bir dəstəyə çevrilib. Antiazərbaycançı şəbəkə öz çirkin ssenarisini bu dəfə R.İbrahimbəyov kimi qoca kinorejissorun əli ilə həyata keçirməyə çalışır.

"Milli Şura" üzvlərinin son toplantısı "vahid namizəd" məsələsinin də mif olduğunu üzə çıxardı. İ.Qəmbərlə R.İbrahimbəyovun ikisaatlıq görüşündə razılığın əldə olunmaması düşərgə təmsilçilərinin vahid siyasi çətir altında birləşməsinin qeyri-mümkünlüyünü sübuta yetirdi. Qoca kinorejissor "vahid namizəd" məsələsində Müsavat başqanının "hə"sini ala bilmədiyindən reneqat Eldar Namazovu da özü ilə Moskvaya aparmaqla yeni variantlar hazırlamağı məqsədəuyğun saydı. Eldar Namazovun da "vahid namizəd" məsələsində "yalnız İbrahimbəyov" variantı üzərində israr etməsi bütövlükdə düşərgədə qarşıdurmanı daha da artırıb.

"Ümid" Partiyasının sədri İqbal Ağazadə "Milli Şura"nın Tiflis görüşüvahid namizədin ətrafında gedən proseslərlə bağlı bunları bildirib: "Bu gün Azərbaycanda siyasətin filmini çəkməyi siyasətdən heç nə bilməyən Rüstəm müəllimə həvalə edib Azərbaycanın qos-qoca siyasətçiləri, Azərbaycan xalq hərəkatında iştirak edənlər. Və nəticə - hökmən film belə bərbad alınacaqdı. Eyni ilə "Bəyin oğurlanması"nda deyilən kimi. Deyir, bu ssenari zay ssenaridir. O birideyir ki, əşşi, bunu götürəndə biləydin də. Əvvəlcədən adamlar bilməli idi, hara və niyə gedirlər... Rüstəm İbrahimbəyovun gəlib-gəlməməsi prosesi mənim üçün maraqlı deyil. Mənim üçün maraqlı olan Azərbaycan müxalifətinin böyük bir kəsiminin yanlış yolda olmasıdır. Bu, yanlış yoldur. Rüstəm İbrahimbəyov və "Milli Şura" bu yanaşmada, formatda yanlış yoldadır. Yanlış olan da istəyir gəlsin, istəyir gəlməsin".

Aqressiv müxalifət təmsilçilərinin "vahid namizəd" məsələsində bir-birlərinə güzəştə getməyəcəkləri əvvəlcədən də bəlli idi. Son hadisələr və sosial şəbəkələrdə partiya funksionerlərinin bir-birlərinin ünvanına təhqiramiz ifadələr işlətməsi bir daha bu şəxslərin əsl simasını cəmiyyətə göstərmiş oldu. Aqressiv müxalifət düşərgəsində baş verənlərlə bağlı digər müxalifətçilərin mövqeyimaraq doğurur.

ADP sədri Sərdar Cəlaloğlu baş verənlərlə bağlı bildirib: "Rüstəm İbrahimbəyovun ətrafında birləşən qüvvələrin arasında bağlılıq yoxdur. Hamısı bir-birinə düşməndir. Nə Rəsul Quliyev İsa Qəmbəri, nə Əli Kərimli İsa Qəmbəri, nə də İsa Qəmbər Lalə Şövkəti qəbul edir. Belə bir qurumla, hansı güc və qüdrət iki aya qələbəni təmin edəcək?.. Əvvəlcədən də gözlənilən idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək. Çünki bundan əvvəl də bunabənzər bir problem yaşamışıq... Necə olur hakimiyyət öz əllərində olanda, Azərbaycanda heç bir ciddi müxalifət olmayanda, beynəlxalq ictimaiyyətin indiki kimi təsiri olmayanda Əbülfəz Elçibəy yalnız 58 faiz səs topladı və çox böyük çətinliklə prezident seçildi? Eyni zamanda, dünyanın əksər ölkələrinin Azərbaycanda maraqları var. Bu maraqlar "Milli Şura"nın maraqları ilə üst-üstə düşmür. Belə olan halda, bunlar necə inanırlar ki, Rüstəm İbrahimbəyov qalib gələcək? Rüstəm İbrahimbəyovun heç bir siyasi təcrübəsi yoxdur. Siyasi hakimiyyət dəyişikliyinə rəhbərlik edən adamın müəyyən ölçüləri olmalıdır. Siyasi partiyası yox, siyasi təcrübəsi yox, özüdeyir ki, mən siyasəti bilmirəm".

Destruktiv müxalifət dairələrinin qlobal məkanda cərəyan edən prosesləri analiz etmək imkanlarında olmaması və hələ də konyunktur maraqlara xidmət etmələri yalnız təəssüf doğurur. İddiaları ilə imkanları heç zaman uzlaşmayan ifrat radikal qüvvələrin birillik uğursuz hakimiyyət illəri hələ unudulmayıb. Azərbaycan cəmiyyətinin siyasi nöqteyi-nəzərdən kifayət qədər yetkinləşməsi vətəndaşların düşüncə tərzində də kardinal dəyişikliklərə səbəb olmuş, seçki mübarizəsində populizm elementlərinə, irreal vədlərə hansısa yer saxlamamışdır.

 

 

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 2.