İqtisadi inkişaf naziri Lerikdə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul etmişdir

 

Avqustun 2-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Lerik şəhərindəki mədəniyyət evində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, işə qəbul, kənd yollarının çəkilməsi, məktəb tikintisi, qaz, suelektrik enerjisi təminatı və s. məsələlərlə bağlı müraciət etmişlər.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilmiş, qaldırılan məsələlər İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılmış və bir sıra məsələlər yerindəcə həllini tapmışdır.

Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Qəbulda həmçinin bir sıra sahibkarların təklifləri dinlənilmiş, müxtəlif layihələrlə bağlı müzakirələr aparılmış və həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün müvafiq göstərişlər verilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşların müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və baxılmasının təşkili üçün nəzarətə götürülmüşdür.

Bununla belə, qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir sakinin müraciəti diqqətlə dinlənilmiş, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülmüşdür.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirən sakinlər yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

***

 

Avqustun 2-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Yevlax şəhərindəki mədəniyyət evində bu rayondan, həmçinin Ağdam, Bərdə, Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Xocalı, Füzuli, Ağdaş, Ucar, Zərdab, Göyçay rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, komitənin şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı DTXK-nın sədrinə müraciət etmiş, arzu və təkliflərini bildirmişlər. Vətəndaşlar əsasən adlarının səhvən aqrar islahat komissiyasının siyahısına salınmaması, kadastr sənədlərini ala bilməmələri, eləcə də onlara verilmiş pay torpaqlarının sənədləşdirilməsi ilə bağlı qarşılaşdıqları problemlər barədə müraciət etmişlər.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmiş, bir hissəsi isə icra olunmaq üçün nəzarətə götürülmüşdür.

Eyni zamanda, qəbulda iştirak edən vətəndaşlardan bir qrupuna kadastr sənədləri təqdim olunmuşdur.

Sakinlər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını söyləmiş, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 4.