Respublika Prokurorluğu ölkədə ictimai-siyasi sabitliyin qorunması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər görmüşdür

 

Avqustun 2-də Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirmişdir ki, cari ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam etmiş, respublikamızın iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə, bütövlükdə Azərbaycanın və onun hər bir regionunun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş siyasət öz müsbət nəticələrini vermişdir. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, müasir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxilixarici siyasət tədbirləri təşkil etmişdir.

Dövlət başçısının iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında toxunduğu məsələləri diqqətə çatdıran baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlərin yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişaf etdiyini, qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icra olunduğunu, gələcəkdə iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasını təmin edəcək sahələrin artan templə inkişaf etdiyini xüsusi vurğulamışdır.

Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, Dünya İqtisadi Forumuna (Davos Forumu), İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və digər əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, Azərbaycanın süni peyki olan ölkələr sırasına daxil olması, həmçinin ölkədə aparılan islahatların nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşmasının, dünya standartlarına uyğun müasir dövlətin və vətəndaş cəmiyyətinin qurulması zəminində reallaşdırılan, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə nail olmağa yönəlmiş xarici siyasətin nəticəsində mümkün olmuşdur.

Bildirilmişdir ki, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq-mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülmüşdür. 2000-ci ilin aprelindən başlayan hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, çatışmazlıqların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın icrasına istiqamətləndirilmişdir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətli icrası məqsədi ilə konkret tapşırıqlar verilmişdir.

Cari ilin birinci yarısında daxili işlər orqanları ilə qarşılıqlı əlaqəli birgə fəaliyyət nəticəsində kriminogen durumun daha da sabitləşməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinə təsir edən mənfi təzahürlərin aradan qaldırılması istiqamətində məqsədyönlü işlər görülmüşdür. Hesabat dövründə respublikada qeydə alınmış 10 min 929 cinayətin 86,9 faizinin açılması təmin edilmişdir.

Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2013-cü ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən qəsdən adamöldürmə hadisələri ilə əlaqədar Bakı şəhərinin Nərimanov, Yasamal, Binəqədi, həmçinin YevlaxNeftçala rayonlarının hər birində bir bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilmişdir.

Baş prokuror hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə mütəmadi mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğunu xüsusi vurğulamışdır. Dövlət başçısı İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq, ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən, işçilərinin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti daha səmərəli və çevik olmuşdur. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilmişdir. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cari ilin birinci yarımilində 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş 3237 müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılmış, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu mənfi təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

"Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Prezidentinin 2009-cu il 22 iyun tarixli fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Respublika Prokurorluğu üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilmiş, onların iştirakı barədə qərarlar qəbul olunmaqla yoxlamalar aparılmış və 2 cinayət işi başlanmışdır. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlaratabe prokurorlara konkret tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində qeyd edilmişdir ki, 2013-cü ilin birinci yarımilində istintaq işiibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də müsbət nəticələrini vermiş, istintaq fəaliyyətini həyata keçirən prokurorluq orqanlarının, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumlarının fəaliyyəti daha da səmərəli olmuşdur. Həmin qurumlar tərəfindən 4 min 647 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. Peşəkar istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilmişdir.

Hesabat dövründə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyəti nəticəsində "İmtahan" informasiya sisteminin yaradılması və onun vasitəsilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin test üsulu ilə yoxlanılmasının əhəmiyyəti xüsusi vurğulanmışdır. Yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi və "Elektron hökumət" layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsi sisteminin tam fəaliyyət göstərməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, respublikamızda uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqlara müvafiq olaraq Azərbaycan Prezidentinin 2001-ci il 19 iyul tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən demokratik yolu kimi müsbət nəticələrini vermişdir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilmiş 546 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 52 faizdən çoxunu təşkil edir. Müsbət hal kimi qeyd edilmişdir ki, müsabiqə yolu ilə ilkin qəbulların nəticələrinə görə prokurorluqda qulluğa qəbul olunmaqla fəaliyyətləri dövründə xidməti vəzifələrinə vicdanlı münasibətləri və peşə hazırlığı səviyyəsinə görə seçilən bir çox gənc mütəxəssis vəzifədə irəli çəkilərək Baş Prokurorluğun şöbə rəisi, rayon prokuroru və digər vəzifələrə təyinatlar almışdır.

Əldə edilmiş müsbət göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən bir sıra cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə qüsur kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə tapşırıqlar verilmişdir.

Bildirilmişdir ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi diqqət mərkəzində olmuşdur. 2013-cü ilin birinci yarısında 17 prokurorluq işçisi  xidməti və icra intizamını pozduğuna görə intizam məsuliyyətinə cəlb edilmişdir. Bütün struktur qurumların rəhbərlərinin, rayon və şəhər prokurorlarından ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülməsi tələb olunmuşdur.

Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarının prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanıldığı xüsusi vurğulanmışdır. Bu sahədə işlərin təkmilləşdirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirildiyi, Müraciətlərə baxılması idarəsinin kadr tərkibinin yeniləşdirildiyi diqqətə çatdırılmışdır. Eyni zamanda, müraciətlər üzrə natamamqeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşların müraciətlərinə formal və səthi cavabların verilməsi, qəbulların keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınaraq, bütün struktur qurumların rəhbərlərindən və tabe prokurorlardan bu sahədə mənfi halların tezliklə aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyəti bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, baş prokurorun müavinləri, kollegiya üzvlərinin sədrliyi və tabe şəhər rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində, İsmayıllı, Tərtər və Masallı rayonlarında keçirilmiş geniş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqları doğuran səbəblər hərtərəfli və prinsipial təhlil edilmişdir.

"Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində nəzarətin daha da təkmilləşdirilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsində cari ilin oktyabrında ölkəmizin həyatında çox mühüm hadisə olan Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar digər hüquq- mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyillərinin qarşısının alınmasına yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilmişdir.

Xüsusi qeyd edilmişdir ki, aparılmış rəy sorğularının nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda "10 ilin dövlət adamı", İslam Əməkdaşlığı Təşkilatı coğrafiyasında "İlin dövlət başçısı", Böyük Britaniyanın nüfuzlu jurnalı tərəfindən "İlin adamı" seçilməsi, ən nəhayət, prezident seçkiləri ilə bağlı ümumrespublika ictimai rəy sorğusu iştirakçılarının 81,2 faizinin seçkilərdə məhz İlham Əliyevə səs verəcəklərini bildirmələrini xalqın öz rəhbərinə göstərdiyi etimadın, inamın, məhəbbətin məntiqi nəticəsidir.

Əməliyyat müşavirəsində 2013-cü ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə baş prokurorun birinci müavini Rüstəm Usubovun məruzəsi dinlənilmişdir.

Müzakirələrdə çıxış edən baş prokurorun müavini Namiq Əsgərov prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin avtomatlaşdırılmış elektron test imtahanı üsulu ilə yoxlanılmasının nəticələri barədə, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətlə amnistiya elan edilməsi haqqında" Milli Məclisin Qərarının icrası ilə əlaqədar görülən işlər, baş prokurorun köməkçisi Günay İsmayılova bölgələr üzrə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişlər.

Əməliyyat müşavirəsində belə bir inam ifadə olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi müstəqil dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının müdafiəsini, cinayətkarlığa qarşı yeni müstəvidə qətiyyətli mübarizə aparılmasını, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsini, prokurorluğa dövlət səviyyəsində göstərilən etimada layiq səviyyədə işin təşkili üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

 

Azərbaycan. - 2013.- 3 avqust.- S. 6.