Seçicilərin vaxtından əvvəl səsverməsi qaydalarına dair İZAH

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyun 2013-cü il tarixli 6/51 saylı Qərarı ilə təsdiq edilmişdir.

 

Bu İzah Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) (bundan sonra - seçkilərdə) seçicilərin vaxtından əvvəl səsverməsinin təşkili keçirilməsi qaydalarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 46-cı, 104-cü 106-cı maddələrinə əsasən hazırlanmışdır.

 

1. Ümumi müddəalar

 

1.1. Seçki Məcəlləsinin 104.4-cü maddəsinə əsasən müvafiq dairə seçki komissiyaları seçkilər günü Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, yolu çətin və ya ucqar yerlərdə səsvermə gününə ən çoxu 10 gün qalmış səsvermənin keçirilməsinə icazə verə bilərlər. Bunun üçün dairə seçki komissiyası müvafiq qərar qəbul edir.

 

1.2. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə vaxtından əvvəl səsvermə yalnız Azərbaycan Respublikasının Prezidenti seçkilərində və referendumda keçirilir.

 

2. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, yolu çətin və ya ucqar yerlərdə vaxtından əvvəl səsvermənin keçirilməsi qaydaları

 

2.1. Bu Təlimatın 1.1-ci bəndində göstərilən yerlərdə səsvermə gününə azı 50 gün qalmış, o cümlədən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müəyyənləşdirdiyi müstəsna hallarda səsvermə gününə azı 5 gün qalmış yaradılmış seçki məntəqələrində (əgər həmin məntəqələr bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulmuş müddətdən gec yaradılmayıbsa) vaxtından əvvəl səsvermə keçirilə bilər.

 

2.2. Səsvermə günü Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları gəmi kapitanının seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki komissiyası tərəfindən yoxlanılmış məlumatlar əsasında həmin komissiya tərəfindən səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.

 

2.3. Yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu başçılarının seçicilər haqqında verdikləri məlumatlar əsasında səsvermə gününə azı 25 gün qalmış, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.

 

2.4. Müvafiq dairə seçki komissiyaları səsvermə gününə ən geci 20 gün qalmışadək Mərkəzi Seçki Komissiyasına müraciət edərək, yuxarıda göstərilən yerlərdə vaxtından əvvəl səsvermə keçirilməsi zəruriyyəti barədə əsaslandırılmış məlumat verməlidir.

 

2.5. Dairə seçki komissiyalarının təqdim etdiyi məlumatda vaxtından əvvəl səsvermənin keçirilməsi nəzərdə tutulan seçki məntəqələrinin, həmin məntəqələr üzrə tərtib olunmuş seçici siyahılarındakı seçicilərin və səsvermə üçün zəruri olan seçki bülletenlərinin sayı göstərilməlidir.

 

2.6. Dairə seçki komissiyalarnın müraciətinə Mərkəzi Seçki Komissiyasında baxılaraq müvafiq qərar qəbul edilir. Göstərilən yerlərdə vaxtından əvvəl səsvermənin keçirilməsi məqbul sayıldığı halda, səsvermə gününə ən geci 12 gün qalmış müvafiq dairə seçki komissiyasına dairə seçki komissiyası sədrinin və katiblərinin iştirakı ilə tərtib olunmuş akt əsasında lazımi sayda seçki bülleteni verilir. Müstəsna hallarda seçki bülletenlərinin, eləcə də səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolunun mətni başqa texniki vasitələrdən istifadə etməklə (radioqram, radioötürücüs.) çatdırıla bilər.

 

2.7. Göstərilən yerlərdə səsvermə saat 8.00-dan 19.00-a kimi Seçki Məcəlləsinin 104-cü maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.

 

2.8. Səsvermə keçirilmiş seçki məntəqələrində səsvermə başa çatdıqdan sonra müvafiq məntəqə seçki komissiyası 24 saatdan gec olmayaraq səsvermənin nəticələri haqqında protokolu dairə seçki komissiyasına təqdim edir (çatdırır). Səsvermənin nəticələri haqqında məlumatların çatdırılması başqa üsullarla mümkün olmadıqda, həmin məlumatlar bu Təlimatın 2.6-cı bəndində göstərilən qaydada ötürülə bilər.

 

2.9. Seçici siyahılarına daxil edilmiş bütün seçicilər səsvermədə iştirak etdikdə, məntəqə seçki komissiyaları səsvermənin vaxtından əvvəl qurtarması haqqında məlumat verə bilərlər.

 

2.10. Səsvermənin vaxtından əvvəl keçirildiyi seçki məntəqələri üzrə müəyyən edilmiş səsvermənin nəticələrinə dair məlumatlar müvafiq dairə seçki komissiyası tərəfindən sonradan ümumi qaydada təşkil edilmiş səsvermənin nəticələrinə əlavə edilərək yekun protokola daxil edilir.

 

 

3. Yekun müddəalar

 

3.1. Bu İzah qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 iyul 2003-cü il tarixli 11/67 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçicilərin vaxtından əvvəl səsverməsi qaydaları haqqında" İzah, 8 yanvar 2009-cu il tarixli 1/4-6 saylı Qərarı ilə təsdiq edilmiş "Referendumda seçicilərin vaxtından əvvəl səsverməsi qaydaları haqqında" İzah qüvvədən düşmüş hesab edilir.

 

Azərbaycan. - 2013.- 4 avqust.- S. 3.