Mərkəzi Seçki Komissiyasında prezident seçkiləri ilə əlaqədar işçi qrupu yaradılmışdır

 

Mərkəzi Seçki Komissiyasında (MSK)  Prezident seçkiləri ilə əlaqədar işçi qrupu yaradılmışdır.

MSK mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, işçi qrupu 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş lazımi sənədlər MSK-ya təqdim edildikdən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparacaqdır. Bundan sonra isə işçi qrupunun rəyi nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olunacaqdır. İşçi qrupun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə, Daxili İşlər, Vergilər nazirliklərinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hesablama Palatasının mütəxəssisləri daxil edilmişdir.

MSK üzvü İlham Məmmədov İşçi qrupunun rəhbəri təyin olunmuşdur.

 

Azərbaycan. - 2013.- 6 avqust.- S. 5.