Pentaqonun başçısı ABŞ ilə strateji tərəfdaşlığa görə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə minnətdarlığını bildirmişdir

 

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,  Birləşmiş Ştatların müdafiə naziri Çak Heygel Azərbaycan hökumətinin Əfqanıstanda hərbi əməliyyatlarda Birləşmiş Ştatlara davamlı dəstəyinə, o cümlədən Azərbaycanın hərbi kontingentinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım  Qüvvələrinin (ISAF) missiyasında iştirakına görə Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə minnətdarlığını bildirmişdir.

Pentaqonun mətbuat xidmətinin başçısı Corc Litl mətbuat konfransında çıxışında Əfqanıstanda ABŞ qoşunlarının maddi-texniki təminatı üçün yerüstü, hava və dəniz tranzit məkanının təqdim edilməsində Azərbaycanın rolunu xüsusi vurğulamışdır. O bildirmişdir ki, hər iki ölkənin müdafiə nazirləri terrorizmə qarşı mübarizə və dənizdə təhlükəsizliyin təmin olunması sahəsində NATO ilə interperabellik məsələlərinə dair işi davam etdirmək barədə razılığa gəlmişlər. Regional təhlükəsizlik məsələləri də müzakirə edilmişdir. Pentaqonun rəhbəri vurğulamışdır ki, İranın yeni seçilmiş prezidenti Həsən Ruhani ölkəsinin dünya birliyini narahat edən nüvə proqramı ilə bağlı təcili tədbirlər görməlidir. Mətbuat katibi demişdir: "Müdafiə naziri Ç.Heygel regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında Azərbaycanın rolunu qiymətləndirir və strateji tərəfdaşlığı davam etdirməyə maraq göstərir".

ABŞ-ın hərbi sahədə Azərbaycana köməyi mülki və hərbi münasibətlərə dair məsləhətlər verilməsini, peşəkar hərbi təhsil almaq, fövqəladə hallarda idarəçilik vərdişlərinə yiyələnmək üçün imkan yaradılmasını nəzərdə tutur. Pentaqonun nümayəndəsi qeyd etmişdir ki, ABŞ Azərbaycanın qarşılıqlı fəaliyyət dəstələrinin, o cümlədən Kosovo, İraq və Əfqanıstanda beynəlxalq missiyalarda iştirak etmiş sülhməramlılar batalyonunun inkişafı və təkmilləşdirilməsi məsələlərində Bakıya yardım göstərir.

 

 

 

Yusif BABANLI,

 

AzərTAc

 

Vaşinqton

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 3.