Azərbaycan-UNESCO arasındakı əlaqələr qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır

 

Azərbaycan Respublikasının uğurlu xarici siyasətinin əsasında nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən davamlı siyasət dövlətimizin beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxarmışdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq inamla davam etdirilir və böyük nailiyyətlərlə nəticələnir.

Ölkə rəhbərliyinin demokratik dövlət quruculuğu yolunda atdığı mühüm addımlar respublikamızın dünya siyasətində yerini və rolunu xeyli möhkəmləndirmişdir. Bu sahədə mühüm istiqamətlərdən biri də Azərbaycan Respublikasının BMT-yə daxil olan beynəlxalq təşkilatlar sistemi ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır. BMT-nin ixtisaslaşmış təsisatlarının yaradılması, fəaliyyəti və onların bu qurumla əlaqələrinin ümumi hüquqi mexanizmi təşkilatın Nizamnaməsinin bir sıra maddələrində öz əksini tapmışdır. Belə ki, təşkilatın Nizamnaməsinin 57-ci maddəsində ixtisaslaşmış qurumların əsas səciyyəvi cəhətləri qeyd olunur: belə təşkilatların yaranması haqqında sazişlərin dövlətlərarası mahiyyət daşıması; onların öz təsis aktları çərçivəsində geniş beynəlxalq məsuliyyət daşıması; BMT ilə bağlı olması; müəyyən sahələrdə (iqtisadi, sosial, elmi-texniki, mədəni, humanitar və s.) fəaliyyət göstərməsi, yəni ixtisaslaşması göstərilib.

Hazırda BMT strukturunda geniş ixtisaslaşmış təsisatlar fəaliyyət göstərir ki, onların da əksəriyyəti müəyyən dərəcədə insan hüquqları məsələləri ilə məşğul olur. Məsələn, Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (UNESCO), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və s.

Belə təşkilatlardan biri UNESCO-dur. UNESCO 1945-ci ildə London Konfransında təsis olunmuş   Nizamnaməsi 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 67 büro və alt bölmələr daxildir. Bu qurum 1946-cı ilin dekabrından BMT-nin ixtisaslaşmış təsisatıdır. Onun əsas vəzifəsi maarifçilik, elm və mədəniyyət, kütləvi informasiya vasitələrindən istifadə, xalq təhsilinin, elmin və mədəniyyətin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına nail olmaqdır.

Hazırda 200-ə yaxın dövlət bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Təşkilatın Nizamnaməsi 9 hissə, 57 maddədən ibarədir. UNESCO məqsədini Nizamanaməsinin birinci maddəsində belə açıqlayır: "UNESCO beynəlxalq əməkdaşlığa söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədilə qurulmuşdur". Təşkilat millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək anlaşma yaratmaq, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geridə qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir. UNESCO-nun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət abidələrinin mühafizə edilməsidir.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra respublikamız özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Azərbaycan artıq insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatın üzvüdür. Ulu öndərin Azərbaycanda siyasi rəhbərliyə qayıdışı ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yaratdı, bütün sahələrdə elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur.  Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində də uğurlu siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Belə bir siyasət bu gün yeni bir istiqamətlə və inkişafla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

UNESCO və Azərbaycan Respublikası arasındakı əlaqələrin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, bu nüfuzlu təşkilatla Azərbaycan arasında əlaqələrin inkişafında ən mühüm addım ulu öndərin 1993-cü ilin dekabr ayında Fransa Respublikasına rəsmi səfəri zamanı UNESCO-nun baş direktoru Federiko Mayorla görüşü mühüm rol oynamışdır. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər. Azərbaycan Respublikası və UNESCO arasında əməkdaşlığa dair 1996-cı ilin noyabrında imzalanmış saziş isə təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASIS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair layihələr reallaşdırılmağa başlanmışdı. 2000-ci il UNESCO tərəfindən Böyük İpək Yolu-TRASEKA ili elan olunmuşdu.

UNESCO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini onun işi ilə əlaqələndirmək üçün ilk növbədə milli komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməli idi. Ona görə də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması məqsədilə lazımi addımlar atılmış və ulu öndər Heydər Əliyev bununla bağlı 1994-cü il fevralın 21-də xüsusi sərəncam imzalamışdı. Sərəncama əsasən Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmışdır. 2005-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu nüfuzlu qurumla ölkəmiz arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdır.

Ölkəmizin UNESCO ilə əlaqələrinin qurulmasında və inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. 2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu uğurlu fəaliyyətilə Azərbaycan cəmiyyətində milyonların ümid, pənah yerinə çevrilmişdir. Xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu ilk növbədə ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Qurumun başlıca məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.

UNESCO ilə  Azərbaycan Respublikası arasındakı əlaqələr Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri seçiləndən sonra daha  sürətlə inkişaf etməyə başlamışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu ada  ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və bu mötəbər təşkilatın ideyalarına göstərdiyi sadiqliyə görə layiq görülmüşdür. Bundan başqa, Mehriban xanım Əliyeva sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın mükafatına layiq görülmüşdür.

 

2009-cu ildə Azərbaycanla Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Böyük Komandor Xaçı ordeni, 2010-cu ildə isə Azərbaycanla Fransa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Fransanın "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə ("Fəxri legionun böyük xaç komandoru") təltif edilmişdir. 2010-cu il iyulun 30-da Mehriban xanım Əliyevaya UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən Motsart medalı təqdim olunmuşdur.

Hər bir dövlətin müəyyən bir beynəlxalq təşkilatla əməkdaşlığının əsasında həmin beynəlxalq təşkilat tərəfindən qəbul edilən beynəlxalq sazişlərdə dövlətin iştirakı durur. Təqdirəlayiq haldır ki, ölkəmiz qısa müddət ərzində təşkilatın əksər konvensiyalarına qoşulmuşdur. Bunlara aiddir: Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Konvensiyası; Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 16 noyabr 1972-ci il Konvensiyası; Avropa regionu dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 21 dekabr 1979-cu il Konvensiyası; Asiya və Sakit okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası; Müəlliflik hüququ haqqında 6 sentyabr 1952-ci il Ümumdünya Konvensiyası; Avropa regionunda ali təhsil ixtisaslarının tanınması haqqında Konvensiya; Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il Konvensiyası; Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq əhəmiyyətə malik su-bataqlıq yerləri haqqında 2 fevral 1971-ci il Konvensiyası; Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz istehsalında mühafizəsi haqqında 29 oktyabr 1971-ci il Konvensiyası; Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNIDRUA) oğurlanmış, yaxud qanunsuz çıxarılmış mədəni dəyərlər haqqında 1995-ci il Konvensiyası; Qeyri-maddi mədəni irsin qorunması haqqında 17 oktyabr 2003-cü il tarixli Konvensiyası; İdmanda dopinqə qarşı mübarizə haqqında 19 oktyabr 2005-ci il tarixli Beynəlxalq Konvensiya; Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyası.

Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Bir sıra amnistiya aktlarının qəbul edilməsinin təşəbbüskarı kimi çıxış etmiş Mehriban xanım Əliyevanın fəaliyyəti son nəticədə vətəndaşlarda dövlətə olan inamı möhkəmləndirməyə xidmət edir.  Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə 7 may 2013-cü il tarixdə qəbul edilmiş Amnistiya aktı 9 mindən çox şəxsə şamil olunmuşdur.

UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikası və UNESCO arasında  elm, təhsil və mədəniyyət sahəsində bir sıra mühüm layihələr həyata keçirilmiş və əməkdaşlıq münasibətləri daha da inkişaf etdirilmişdir. Bütövlükdə 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə Mehriban xanım Əliyeva ölkəmizin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük işlər görmüşdür. Azərbaycan Respublikası UNESCO-ya üzv olduqdan bu günə qədər təşkilat hər zaman ölkəmizin mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə  sahəsində xidmətləri olan şəxsiyyətlərin yubileylərinin və əlamətdar hadisələrin qeyd olunması üzrə bir sıra qərarlar qəbul etmişdir. Buna Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi, 2000-ci ildə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi, 2001-ci ildə Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyi, 2002-ci ildə azərbaycanlı alim, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, 2005-ci ildə akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi, 2006-cı ildə məşhur rəssam, xalça ustası Lətif Kərimovun 100 illik yubileyi, 2008-ci ildə "Leyli və Məcnun" operasının ilk tamaşasının 100 illik yubileyi, 2008-ci ildə yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyi, 2009-cu ildə akademik Musa Əliyevin 100 illik yubileyi, 2009-cu ildə dahi rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi misal ola bilər.

 

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəmiz Bakı şəhərinin füsunkar məkanı olan İçərişəhər memarlıq kompleksidir. Kompleks 2000-ci ilin dekabr ayında həmin siyahıya daxil edilmişdir. Bundan başqa, həmin siyahıya Qobustan Dövlət Tarixi Bədii Qoruğu da salınmışdır. Qoruq UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 30-cu sessiyasında qəbul edilmiş qərara əsasən Ümumdünya İrs Siyahısına daxil edilmişdir. 2003-cü il noyabr ayının 7-də Azərbaycan muğamı UNESCO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2009-cu il 28 sentyabr - 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən təşkilatın Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında komitənin yekun qərarına əsasən, Azərbaycanın aşıq sənəti, beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi  Novruz bayramı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir sıra sazişlərin imzalanması bu sahədə əməkdaşlığın yeni istiqamətlərini müəyyən etməklə bərabər, dövlətimizin beynəlxalq öhdəliklərinin icrası istiqamətində də mühüm işlər görülmüşlür. Məsələn, 2005-ci il avqustun 24-də Bakı şəhərində "UNESCO-Azərbaycan: gələcəyə körpü" mövzusunda keçirilən beynəlxalq konfransda təşkilatla Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda təhsildə bərabər imkanların yaradılması, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, təhsilin bütün pillələri üzrə kurikulumun yeniləşdirilməsi və müəllimlərin ixtisasartırma sisteminin təkmilləşdirilməsi vasitəsilə keyfiyyətin artırılması, beynəlxalq əməkdaşlıq şəbəkəsinin təşkili və digər əsas prioritetlər əks olunmuşdur. 27 aprel 2007-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və Azərbaycanda səfərdə olan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri tərəfindən Heydər Əliyev Fondu ilə ISESCO arasında imzalanan əməkdaşlıq haqqında protokol elm, mədəniyyət, təhsil sahəsində əlaqələrin inkişafını, birgə layihələrin işlənib həyata keçirilməsini, fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur. 2007-ci ilin 18 iyununda UNESCO, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu arasında "Azərbaycanda peşə təhsilinin inkişafı" layihəsinin icra planına dair saziş imzalanmışdır. 19 mart 2009-cu ildə isə qeyri-maddi mədəni irsin qorunması sahəsində məqsədlərə nail olmaq üçün Heydər Əliyev Fondu və UNESCO arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Təşkilatın himayəsi ilə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması da mühüm yer tutur, bundan başqa, qəbul edilən bir sıra qərarlar da xüsusi əhəmiyyət daşıyır. 2008-ci il 10-11 iyunda Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun və ISESCO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, ISESCO-nun baş direktoru, UNESCO-nun xoşməramlı səfirləri iştirak edirdilər. Forumun yekununda Bakı Bəyannaməsi və birinci xanımların bəyanatı qəbul olunmuşdur. 2010-cu il iyunun 22-24-də UNESCO-nun baş qərargahında Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının növbəti 3-cü sessiyasında Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə keçirilən seçkilərdə Azərbaycan bu quruma üzv qəbul edilmişdir.

Heydər Əliyev Fondunun fəaliyyət istiqamətləri durmadan artır. İnsan hüquqlarının təbliği və geniş tədrisi istiqamətində də fond ardıcıl fəaliyyət göstərir. Belə ki, ümummilli lider Heydər Əliyev tərəfindən insan hüquqları sahəsində imzalanmış bir sıra sənədlərlə (22 fevral 1998-ci tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" 18 iyun 1998-ci il Azərbaycan Respublikası Prezidentinin sərəncamı və s.) bu siyasəti yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli,  Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında 27 dekabr 2011-ci il tarixli sərəncamlarda insan hüquqları sahəsində fəaliyyətin genişləndirilməsi ön plana çəkilmişdir. Həmin sənədlərə əsasən ayrı-ayrı ali təhsil müəssisələrində insan hüquqları kafedralarının məhz UNESCO kafedraları kimi yaradılmasına Heydər Əliyev Fondunun verdiyi dəstək əvəzedilməzdir. Dövlət başçısı İlham Əliyevnın 17 iyun 2007-ci il tarixli fərmanı ilə isə 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü elan olunması insan amilinə həssas münasibətin bariz təcəssümü olmuşdur.

Göründüyü kimi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən bir siyasətə Heydər Əliyev Fondu tərəfindən verilən dəstək dövlətimizin beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə və inkişafına gətirib çıxarmışdır. 2013-cü il iyul ayının 18-də Heydər Əliyev Fondunun təşəbbüsü və onun gördüyü işlərin davamı olaraq UNESCO və Azərbaycan hökuməti arasında Təhsil, elm, mədəniyyət və kommunikasiya sahəsində əməkdaşlığa dair Çərçivə Sazişinin imzalanması yeni bir mərhələnin başlanğıcını qoydu.  Həmin mərasimdə çıxış edən Mehriban xanım Əliyeva demişdir: "Mən inanıram ki, bu saziş həmçinin beynəlxalq səviyyədə başlanmış prioritet proqramlara və təşəbbüslərə dəstək verməklə UNESCO-nun ideallarının və prinsiplərinin dünyada təbliğinə töhvə verəcəkdir".

UNESCO-nun baş direktoru İrina Bokova UNESCO ilə Azərbaycan arasında olan çoxillik əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəni irsin qorunmasına göstərdiyi dəstəyi xüsusi vurğulamışdır.

 

 

 

Əmir ƏLİYEV,

 

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor

 

Azərbaycan. - 2013.- 7 avqust.- S. 6.