Heydər Əliyev Mərkəzi ilə tanışlıq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Kürdəmirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, Mərkəzin yerləşdiyi Heydər Parkı Kürdəmir şəhər sakinlərinin üz tutduqları ən sevimli məkanlardan biridir. Burada yerli əhalinin və qonaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazidə aparılan kompleks yenidənqurma, abadlaşdırma və yaşıllaşdırma işləri bu məkanı Kürdəmirin ən gözəl yerlərindən birinə çevirmişdir.

Azərbaycan Prezidenti mərkəzdə fotoguşələrə baxdı.

Mərkəzdə ulu öndər Heydər Əliyevin möhtəşəm portreti diqqəti cəlb edir. Burada ümummilli liderinPrezident İlham Əliyevin Kürdəmir rayonuna müxtəlif dövrlərdə səfərlərini əks etdirən fotoguşələr xüsusi zövqlə tərtib olunmuşdur. Nümayiş etdirilən fotolarda ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik dövrü, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, Azərbaycan Kommunist Partiyasının birinci katibi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu dövrləri, 1990-1992-ci illərdə Naxçıvandakı fəaliyyətini və sonradan Azərbaycan Respublikasının Prezidenti olduğu dövrlərin ayrı-ayrı məqamları geniş işıqlandırılmışdır. Dahi rəhbər Heydər Əliyev bütün mənalı və şərəfli ömrünü, özünündediyi kimi, Azərbaycan xalqına bağışlamışdır. Buradakı eksponatlarfotolardan da aydın görünür ki, müasir Azərbaycan tarixinin çox mühümtaleyüklü səhifələri məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. İkinci mərtəbədə ekspozisiya zalı və müxtəlif tədbirlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı vardır. Burada həmçinin ümummilli liderin zəngin irsini təbliğ etmək üçün tədris otağı yaradılmışdır.

Dövlət başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzinin inşasına ötən ilin iyulunda başlanılmış, bu ilin iyulunda başa çatdırılmışdır. Ümumi sahəsi 2524 kvadratmetr olan mərkəzin üçmərtəbəli binasında ulu öndər Heydər Əliyevə aid kitablar və müxtəlif tarixi sənədlər də sərgilənir. Mərkəzin elektron kitabxana, tədris, poeziya otaqları, 300 nəfərlik akt zalı, xarici dil kursları da ən müasir səviyyədə tərtib olunmuşdur. Burada rəqs, heykəltəraşlıq, xalçaçılıq dərnəkləri, rəsm studiyası, 3D kinozalı, internet kafefotostudiya fəaliyyət göstərir. Bir sözlə, mərkəzdə ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin hərtərəfli təbliği üçün geniş şərait yaradılmışdır.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 1.