Ağdaşda kənd təsərrüfatı məhsullarının istehsalı artmışdır

 

Rayonda yeni istehsal müəssisələri də tikilir

 

Ağdaş rayonunun kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində artım qeydə alınmışdır.

Bu il 16 min 274 hektar sahədə taxıl, 4 min 416 hektar sahədə tərəvəz, 1343 hektar sahədə dən qarğıdalı, 1481 hektar sahədə çəltik, 1204 hektar sahədə kartof, 1531 hektar sahədə bostan, 30 hektar sahədə şəkər çuğunduru, 6 min 155 hektar sahədə yonca əkilmişdir. Hazırda əkin sahələrindən məhsul yığımı davam edir.

Ötən illə müqayisədə kənd təsərrüfatı məhsullarının əkin sahəsi və istehsalı xeyli artmışdır. Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 45 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılmışdır.

Məlumatda o da qeyd olunur ki, məhsul istehsalının artırılması üçün aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə 302,6 ton gübrə satılmışdır.

Ağdaşda heyvandarlığın inkişaf etdirilməsi üçün yem bitkilərinin əkini sahələrinin genişləndirilməsinə də diqqət artırılmışdır. Qüvvəli və qaba yem istehsalının artırılması məqsədilə cari ildə

5 min 381 hektar sahəyə arpa, 1343 hektar sahəyə qarğıdalı, 6 min 443 hektar sahəyə təzə yonca əkilmiş, mövcud olan 6 min 575 hektar yonca sahəsində aqrotexniki qulluq işləri aparılmışdır. Hazırda rayonda qaba yem tədarükü görülür. Qaramalın qışlaması üçün kifayət qədər qaba və qüvvəli yemin tədarük olunması nəzərdə tutulmuşdur. Məlumat üçün bildirək ki, rayonda qaramalın sayı 74,2 min, davarın sayı isə 91,4 mindən çoxdur.

Digər bir məlumatda isə bildirilir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası sayəsində rayonda yeni istehsal müəssisələri yaradılır. Hazırda "Orelay" şirniyyat istehsalı müəssisəsinin yeni istehsal sexinin, beton istehsalı zavodunun tikintisində son tamamlama işləri aparılır, qarışıq yem, kərpic və dam örtükləri istehsalı müəssisələri tikilir.

Rayon ərazisində biyan istehsalı müəssisəsinin yaradılmasına və bu məqsədlə 1000 hektar sahədə biyan yetişdirilməsinə də başlanılmışdır.

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 10.