Nina Koqan: «Qəbələ festivalı beynəlxalq musiqi arenasında öz layiqli yerini tutmuşdur»

 

"Yaşının az olmasına baxmayaraq, Qəbələ festivalı beynəlxalq musiqi arenasında öz layiqli yerini tutmuşdur. Qəbələyə gəlməmişdən əvvəl burada keçirilən festivalın əhatə dairəsi haqqında çox az məlumatlı idim. Festivalın belə gözəl bir yerdə və möhtəşəm şəkildə keçirilməsi məni valeh etdi".

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, ABŞ-da, eləcə də AvropadaAsiyada geniş konsertləri olmuş, tanınmış rusiyalı pianoçu Nina Koqan AzərTAc-a müsahibəsində demişdir.

Festivalın təşkilatçılığını yüksək qiymətləndirən Nina Koqan Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimlərinin iştirakı ilə bir sırada konsert verməyin çox məsuliyyətli olduğunu bildirmişdir.

Nina Koqan demişdir: "Burada olmaq bir musiqiçi kimi mənim üçün də əsl uğurdur. Fransada olarkən dostlarım Qəbələ Beynəlxalq Musiqi Festivalından danışırdılar. Həqiqətən də bu möhtəşəm incəsənət bayramı dünya musiqi mədəniyyətinə öz dəyərli töhfəsini vermiş festivallardan birinə çevrilir. Qəbələ kimi gözəl diyarı gəzmək, belə bir qədim məkanı tanımaq, eyni zamanda, görkəmli sənət adamları ilə birgə tamaşaçı qarşısına çıxmaq çox maraqlı oldu. Bu festivaldan musiqi duyumu olan hər kəs zövq ala bilər".

 

Azərbaycan. - 2013.- 8 avqust.- S. 12.