2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 9/68

 

 

Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixli V Qurultayının və həmin partiyanın İdarə Heyətinin 5 avqust 2013-cü il tarixli iclasının qərarları ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 5-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56 və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52 və 54-cü maddələrinə əsasən qərara alır:

 

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Sədr        Məzahir Pənahov

 

Katib       Arifə Muxtarova

 

Katib       Mikayıl Rəhimov

 

10.08.2013

 

Azərbaycan. - 2013.- 13 avqust.- S. 4.