Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

 

Avqustun 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın avqustun 12-də keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra MSK-nın katibi Arifə Muxtarova Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Ümid Partiyasının 2013-cü il 7 avqust tarixli IV (VI) qurultayının qərarı ilə bu il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Ümid Partiyasının sədri İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 8-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparmış, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Komissiya qərara almışdır ki, 2013-cü il  oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyi təsdiq edilsin.

Sonra Ümid Partiyasının 12 nəfər səlahiyyətli nümayəndəsi, 2 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınmışdır.

Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 17 saylı Yasamal üçüncü, 29 saylı Səbail, 45 saylı Abşeron və 113 saylı Şəki şəhər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin  təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 4.