Vətəndaş mənafeyini uca tutan məhkəmə-hüquq sistemi

 

Tarix boyu fərqli ictimai-iqtisadi formasiyaları taleyində yaşamış bəşər övladı məhz demokratik quruluşda ali ideallarının təntənəsini tapmış, belə bir sivil cəmiyyətdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, sosial ədalətin, ən başlıcası, qanunun aliliyinin mümkünlüyünə əmin olmuşdur. Sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində də ümumbəşəri dəyərlərə - demokratik ideallara, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət bəsləməyən hansısa dövlətin dünya siyasətində özünə layiq yer tutmasından, qlobal miqyasda cərəyan edən proseslərə nüfuz etməsindən danışmaq mümkün deyildir.

Müstəqil respublikamızda son 20 ildə hər bir fərdin maraq və mənafeyi əsas tutulmaqla həyata keçirilən siyasət ölkədə demokratikləşmə xəttinin davamlı və dönməz xarakter daşıdığını, hüquqi islahatların dövlətin ali məqsədlərindən biri olduğunu təsdiqləmişdir. Hüquqi dövlətin tam mahiyyəti üzrə reallaşdırılmasına, vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən bu islahatlar məhz ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Bu ilin mayında anadan olmasının 90-cı ildönümü respublikada yüksək səviyyədə qeyd olunan bu fenomen şəxsiyyət daim haqqa, ədalətə bağlı olaraq cəmiyyətin mütərəqqi ruhda inkişafının yalnız hüququn aliliyi şəraitində mümkün ola biləcəyini müdrikliklə qeyd etmiş, qanunçuluğun bütün səviyyələrdə təminatına çalışmışdır.  

Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir ki, ədalətli cəmiyyətin əsas təməl daşlarından biridir. Antik yunan fiosofu Platon yazırdı ki, ədalətlə idarə olunan cəmiyyətdə yaxşı vətəndaş olmaq asandır. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına xüsusi diqqət yetirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində aparılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyətinə imkan yaratmışdır. 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərman əsasında ardıcıl surətdə gerçəkləşdirilən məhkəmə islahatlarının başlıca məqsədi qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması və digər konseptual məsələlərin həlli olmuşdur.

Qanuna əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, ölkəmizdə birinci instansiya, apelyasiyakassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqafakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə düzgünobyektiv həllinə şərait yaradır.

"Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" 2000-ci il 17 yanvar tarixli fərmanla isə hakimlərin seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti ilə bağlı digər funksiyaların həyata keçirilməsi məqsədilə  Məhkəmə-Hüquq Şurası təsis edilmiş, hüquq sistemində köklü dəyişikliklərə səbəb olan  tədbirlər görülmüşdür. Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında müstəqil məhkəmə sisteminin təmini, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyasını yerinə yetirir, habelə məhkəmə hakimiyyətinin özünüidarə prinsiplərini həyata keçirən müstəqil orqan kimi fəaliyyət göstərir.

Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin məhkəmələr üzərində hər hansı, o cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır. 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş və nəticədə hakim korpusu təzələnmişdir. Görülmüş tədbirlər əhali arasında məhkəmələrə etibarı xeyli artırmış, məhkəmələr barədə keçmiş sovetlər birliyindən miras qalmış "cəza orqanı" təəssüratı aradan qalxmışdır. Təsadüfi deyil ki, məhkəmələrə müraciətlərin sayı xeyli artmağa başlamış, həmin dövrlə müqayisədə işlərin sayı hazırda 6 dəfəyədək çoxalmışdır.

Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə ölkə həyatının bütün sahələrində çevik işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi (referendum) ilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişiklikləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Həmin əlavə və dəyişikliklərin bir hissəsi də məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apelyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək, onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.

Ulu öndər Heydər Əliyev deyirdi: "İslahat o zaman uğurlu nəticələr verir ki, onun həyata keçirilməsi zəruriliyi cəmiyyətin sosial sifarişinə çevrilsin". Cəmiyyətin təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi ictimai zərurətdən irəli gələndə səmərəli olur. Yeni, müasir və təkmil dövlətçilik modelinin yaradılması, demokratik idarəetmə meyarlarının cəmiyyət həyatının ən müxtəlif sahələrində bərqərar olması çevik hüquqi mexanizmlərin formalaşdırılmasından bilavasitə asılıdır.

Bu gün fəxarət hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı - Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən inamla davam etdirilir. Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən cəmiyyət həyatındakı mühüm yeniliklər məhkəmə-hüquq  sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.

Prezident İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının əsas qayəsində həm də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi olmuşdur. Bu baxımdan dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanı respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər.

Fərman bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə şərait yaratmışdır. Belə ki, fərman əsasında Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apelyasiya məhkəmələri, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsi, Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri yaradılmışdır. Xatırlatmaq lazımdır ki, bu fərmana qədər Azərbaycanda yalnız bir Apelyasiya Məhkəməsinin fəaliyyət göstərməsi ilk növbədə regionlarda yaşayan insanlar üçün ciddi problemlər doğurur, onların qanuni mənafelərinin yüksək səviyyədə təminatına əngəllər yaradırdı. Vətəndaşlar birinci instansiya məhkəmələrinin qərarlarından verdikləri apelyasiya şikayəti ilə əlaqədar uzaq məsafə qət edərək Bakı şəhərinə gəlməyə, əksər hallarda prosesin müəyyən səbəblərdən təxirə salınması ilə bağlı geriyə dönməyə məcbur olurdular. Apelyasiya şikayətlərinin çoxluğu əksər hallarda ədalətli məhkəmə araşdırması apararaq qətnamə çıxarmaq imkanlarını da məhdudlaşdırırdı. Ötən 6 ildə isə bu sahədə ciddi dönüş yaranmış, vətəndaşların apelyasiya məhkəmələrinə müraciət imkanları asanlaşmışdır.

Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olduğunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 157 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. İlk dəfə təsis olunaraq hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2007-ci ildən 235 nəfər hakimliyə namizəd ən şəffaf və mütərəqqi üsulla seçilərək hakim vəzifəsinə təyin olunmuşdur.

Ümumilikdə son 5 il ərzində ölkədə 20-dək yeni regional məhkəmə, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.

Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər və məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixli fərmanlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Yeni qanunvericiliyə uyğun olaraq əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmişbu ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.

Son illər Prezident İlham Əliyevin xüsusi qayğısı ilə məhkəmələrin yeni binainventarla təmin olunması istiqamətində də mühüm addımlar atılır. Bu kimi məsələlər dövlət başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. Bir sıra məhkəmələr üçün  ən müasir standartlara cavab verən yeni binaların tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Bu məhkəmə binalarının şəraiti müasir tələblərə cavab verməklə, vətəndaşlarla hakimlər arasında münasibətlərin tamamilə şəffaf, qanunamüvafiq qurulmasına xidmət edir.

Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyəti, habelə bu sahədə həcminin ilbəil xeyli artması nəzərə alınaraq icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə əsaslı tədbirlər həyata keçirilmişdir. Yeni qanunvericiliyə uyğun olaraq dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra vəziyyətinə dair ölkə Prezidentinə hər altı aydan bir müvafiq hesabatın təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək müsbət nəticəsini verir.

Ümumilikdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli xüsusi diqqət mərkəzindədir. İnanırıq ki, bu islahatlar respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə imkan yaradacaqdır.

 

 

İlham KƏRİMLİ,

Abşeron Rayon Məhkəməsinin hakimi

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 5.