Diqqət bir daha Xəzərin ekologiyasına yönəldildi

 

Bu dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Xəzər günü" münasibətilə keçirdiyi tədbirləri Neftçala rayonunda yerləşən Xıllı nərə balıqartırma zavodunda yekunlaşdırdı. Tədbirə nazirliyin əməkdaşları, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri toplaşmışdılar.

"Xəzər günü" bu dənizin sahilində yerləşən 5 ölkədə hər il avqustun 12-də qeyd olunur. Bunun da öz tarixi var. Belə ki, "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya edildikdən sonra 2006-cı ilin həmin günündə qüvvəyə minib. Konvensiya Xəzərin sahilində yerləşən dövlətlər arasında regionda təbiətin mühafizəsi şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. Bu saziş Tehran şəhərində imzalanaraq təsdiq olunub. Ona görə "Tehran Konvensiyası" adı ilə də tanınır.

"Xəzər günü" münasibətilə Xıllıda keçirilən tədbirdə Ekologiya Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Könül Əhmədova toplaşanlara bütün bunlar barədə ətraflı məlumat verdi:

- Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına xidmət edir. O, eyni zamanda Xəzərin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpası məqsədini daşıyır. Konvensiyada Xəzərin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da öz əksini tapıb. Sənəd  BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilmiş görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb. Bu, BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzər Ekoloji Proqramı çərçivəsində 8 illik hökumətlərarası danışıqların yekun nəticəsi idi.

Başqa sözlə, bütün bunlar yüz milyonlarla insanın sağlamlıq və rifahına xidmət etmək deməkdir. Odur ki, konvensiyanın qüvvəyə mindiyi tarixin "Xəzər günü" kimi qeyd olunması da təsadüfi deyil. Burada əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi, həmçinin bu istiqamətdə əhalinin maarifləndirilməsidir.  

ETSN Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin Xıllı nərə balıqartırma zavodunun direktoru Zaur Salmanov qonaqları salamladı və "Xəzər günü"nün məhz müəssisənin kollektivi ilə birlikdə keçirilməsindən məmnun olduğunu bildirdi. O, zavod haqqında ətraflı məlumat verərək dedi:

- Zavod Dünya Bankı tərəfindən maliyyələşdirilən "Təxirəsalınmaz ekoloji investisiyalar" layihəsi çərçivəsində nərəkimilərin ehtiyatlarının qorunub saxlanılması məqsədilə 2003-cü ildə tikilib istifadəyə verilmişdir. Müəssisənin açılışında ölkə Prezidenti İlham Əliyev iştirak etmişdir. Müasir tipli avadanlıqla təchiz olunmuş zavod əsasən nərə cinsli balıqların 4 növünün - bölgə, nərə, kələmo və uzunburun balıqlarının süni yolla artırılması ilə məşğul olur. Fəaliyyət göstərdiyi müddət ərzində müəssisə tərəfindən ümumilikdə 44 milyon ədəd müxtəlif növlü nərə cinsli balıq körpələri yetişdirilmiş, standart ölçü və kütləyə malik olduqdan, yəni, 1-1,2 qrama çatdıqdan sonra Kür çayının mənsəbinə buraxılmışdır. Eyni zamanda, təmir-törədici fondunun yaradılması məqsədilə zavodda 2004-cü ildən elmi-praktik təcrübələr həyata keçirilir. Hazırda zavod şəraitində süni yolla alınmış 5000 ədədə qədər müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlar saxlanılır.

Tədbirdə eləcə də süni balıqartırma prosesinin bir neçə mərhələdən keçildiyi barədə söhbət açıldı. Müəssisənin fəaliyyətinin qəbul olunmuş ümumi prinsiplər əsasında qurulduğu bildirildi. Buraya xüsusi balıqovlama vətəqələrindən törədici balıqların nəqliyyat vasitəsilə zavoda daşınması, cinsi yetişkənlik həddinə çatmış balıqların müvafiq hormonal preparatla inyeksiya ilə stimullaşdırılması, müxtəlif üsullarla cinsi məhsulların alınması daxildir. Kürünün mayalanması və yapışqan maddədən təmizlənməsi, inkubasiya, sürfələrin və körpələrin böyüdülməsi də bu proseslərdəndir.

"Xəzər günü"ndə Xıllı nərə balıqartırma zavodunda olan qonaqlar həmçinin  müəssisənin sexlərini gəzdilər, kollektivin üzvləri ilə tanış oldular, prosesini əayni surətdə gördülər.

 

Flora SADIQLI

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 7.