Məqsəd əsas ərzaq məhsullarına olan tələbatı daxili istehsal hesabına ödəməkdir

 

Bu il ölkədə aqrar sektor üzrə məhsul istehsalının 6-7 faiz artacağı proqnozlaşdırılır

 

Aqrar sahənin qeyri-neft sektorunda xüsusi çəkisi var. Ölkə əhalisinin 48 faizdən çoxunun əmək fəaliyyəti və yaşayışı aqrar sektorla bağlıdır. Təsadüfi deyil ki, bu sektorun inkişafı dövlətin diqqət və qayğı göstərdiyi mühüm sahələrdən biridir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclasında da aqrar sektorun bugünkü vəziyyəti və qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir.

Qeyd olunmuşdur ki, yarım ildə kənd təsərrüfatında məhsul istehsalı təxminən 5 faiz artıb. Bu da dövlətin verdiyi dəstəyin nəticəsində mümkün olub. Hazırda ayrılan güzəştli kreditlərin hesabına ölkə ərazisində 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilir. Bu iri müəssisələrlə yanaşı, regiondakı sahibkarlar aldıqları güzəştli kreditlər hesabına kiçikorta fermer təsərrüfatlarını da inkişaf etdirirlər. Təkcə ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilib və həmin kreditlərin 83 faizini regionlarda fəaliyyət göstərən sahibkarlar, o cümlədən fermerlər alıblar. Bundan əlavə, 2003-2013-cü illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən birbaşa dəstək məqsədilə yanacaqmotor yağlarına, buğda və çəltik səpininə, mineral gübrələrə, toxum və tinglərə görə 587 milyon 170 min manat subsidiya ayrılıb. Həmçinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, mineral gübrələrin, damazlıq heyvanların alınmasına və ASC-nin maddi-texniki bazasının gücləndirilməsinə 427 milyon 100 min manat vəsait verilib. Bütün bunların sayəsində ötən il kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalının dəyəri 4 milyard 844 milyon 600 min manat təşkil edib.

Havaların əlverişsiz keçməsinə baxmayaraq, cari ildə də aqrar sektorda məhsul istehsalı artıb. İlin birinci yarısında kənd təsərrüfatında ümumi məhsulun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz çoxdur. Bitkiçilik sahəsində 4,5, heyvandarlıqda 5,1 faiz artım qeydə alınıb. Ümumilikdə cari il aqrar sektorda ümumi məhsul artımının təxminən 6-7 faiz olacağı gözlənilir və indidən demək mümkündür ki, bu rəqəm tam realdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iyulun 4-ü vəziyyətinə ilkin çəkidə 1607,7 min ton taxıl məhsulu yığılıb. Habelə mövsüm ərzində sahələrdən ötən ilin müvafiq dövründəkindən çox kartof, tərəvəz, meyvə və giləmeyvə, tütün yarpağı toplanıb. Çay plantasiyalarında yarpaq yığımı da ötən illə müqayisədə 4 faiz artıb. Heyvandarlıqda isə daha yüksək məhsuldarlıq qeydə alınıb. Bu dövr ərzində ət, süd, yun, yumurta istehsalı xeyli artıb. Ötən ilin iyulun 1-i vəziyyəti ilə müqayisədə qaramalın sayı artaraq 8832,27 min başa çatıb. Qaramalın 47,9 faizini məhsuldar inək və camışlar təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, cari ilin birinci yarısında kənd təsərrüfatında məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən bitkiçilikdə 4,5, heyvandarlıqda 5,1 faiz artıb.

Məlum olduğu kimi, aqrar sektorda məhsul istehsalını artırmaq üçün yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi vacibdir. Həmin əkin sahələrində məhsulun kəmiyyət və keyfiyyətinin artırılması üçün meliorasiya tədbirlərinin də böyük əhəmiyyəti var. Artıq şimal bölgəsində Taxtakörpü su anbarı istismara verilmək üzrədir. Layihənin həyata keçirilməsi məhsuldarlığın artmasına səbəb olacaq. Nazirlər Kabinetinin son iclasında vurğulandı ki, bu, müstəqillik dövründə qeyri-neft sektorunda həyata keçirilən ən iri layihədir. Taxtakörpü su anbarı həm əhalinin, həm də kənd təsərrüfatının suya olan tələbatının ödənilməsinə imkan verəcək. Obyekt istifadəyə verildikdən sonra minlərlə hektar torpağın suvarılmaqla əkin dövriyyəsinə daxil edilməsi də mümkün olacaq. Bildirək ki, ilin sonuna kimi bu nəhəng obyektin istismara verilməsi nəzərdə tutulub.

Gələn il istifadəyə veriləcək Şəmkirçay su anbarı isə qərb bölgəsində minlərlə hektar yeni əkin sahələrinin istifadə edilməsinə şərait yaradacaq. Bu iki layihənin həyata keçirilməsi istər bitkiçilikdə, istərsə də heyvandarlıqda məhsul istehsalının artımına böyük təkan verəcək. İstehsalın artmasından söz düşmüşkən xatırladaq ki, son illər 5 min hektar torpaq artıq dövriyyəyə qatılıb və bu ərazilərdə məhsuldarlıq hər hektardan 54 sentnerdir. Bu, orta məhsuldarlıqdan 2 dəfə çoxdur.

Yüksək məhsuldarlığa nail olmaq üçün yeni əkin sahələrinin dövriyyəyə daxil edilməsi ilə yanaşı, kənd təsərrüfatı üçün müasir maşın və mexanizmlərin alınması da vacibdir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğulanmışdır ki, yaxın 3-4 il ərzində aqrar sektor ən müasir texnika ilə tam təmin olunmalıdır. Çünki gələcəkdə yeni iri fermer təsərrüfatlarının yaradılacağı gözlənilir. Söhbət təxminən 10 minlərlə hektar torpaqdan gedir. Həmçinin mövcud fermer təsərrüfatları da yeni texnika ilə təmin edilməlidir.

Ərzaq təhlükəsizliyinə dünyada bütün ölkələr xüsusi diqqət yetirir. Bu qlobal problemin həllinə Azərbaycan dövləti də həssas yanaşır. Hökumətin son iclasında bu məsələyə toxunularaq qeyd olunmuşdur ki, Azərbaycanda son illər ərzində bu istiqamətdə çox önəmli addımlar atılmışdır və ölkəmiz bəzi pozisiyalar üzrə artıq özünü 100 faiz təmin etmək səviyyəsinə yaxınlaşıb: "Bəzi pozisiyalar üzrə əvvəlki dövrlərdə biz özümüzü 100 faiz təmin məsələlərini həll etdik. Sahibkarlığın inkişafı dövlət siyasəti, bütün bu işlərin koordinasiyası, infrastruktur layihələrin icrası və əlbəttə ki, qeyri-neft sektorunun inkişafı tam şəkildə ərzaq təhlükəsizliyini təmin etmək üçün bizə imkan yaradacaqdır".

Son dövrlər aqrar sektorda iri heyvandarlıq kompleksləri yaradılır və yüksək məhsuldarlığa nail olunur. Artıq iri taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində də tədbirlər görülür. Nazirlər Kabinetinin son iclasında qeyd edilmişdir ki, ölkənin taxıla olan tələbatını tam ödəmək üçün 40-50 iri fermer təsərrüfatının yaradılması vacibdir. Artıq ilk olaraq yaradılan belə təsərrüfatlar məhsulun maya dəyərinin aşağı salınması və məhsuldarlığın yüksək olması ilə fərqlənir. Belə təsərrüfatlar əldə etdikləri maliyyə vəsaitləri ilə özünün kənd təsərrüfatı texnikasına tələbatını ödəyə və istehsal etdiyi məhsulu emal edərək son məhsula çevirə bilir. Ona görə də ölkədə kiçikorta sahibkarlığın inkişafı ilə bərabər, iri taxılçılıq təsərrüfatlarının yaradılmasına da maraq böyükdür.

Dövlət aqrar sektorun ölkənin sosial-iqtisadi həyatında oynadığı mühüm rolu bildiyi üçün bu sahənin inkişafını həmişə diqqət mərkəzində saxlayır və lazım olan anda qarşıya çıxan problemi həll etmək üçün operativ qərarlar qəbul edir. Buna misal olaraq Prezidentin cari ilin 4 iyul tarixli sərəncamını misal çəkmək olar. Məhsul yığımı zamanı yaranmış texnika çatışmazlığı ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə taxılbiçən kombaynların alınmasına 15 milyon manat vəsaitin ayrılması məhz bu sahədəki problemin operativ həllinə istiqamətlənmiş addımdır. Belə misalların sayını artırmaq da mümkündür bütün bunlar bir daha göstərir ki, Azərbaycanda qeyri-neft sektorunun əsas sahəsi olan kənd təsərrüfatına xüsusi diqqət dəstək var.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2013.- 14 avqust.- S. 6.