Azərbaycan ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunmuşdur

 

Avqustun 14-də xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü zirvə görüşü çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldayev ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyin Qırğız Respublikasından Azərbaycan Respublikasına keçməsi, rəsmi Bişkekin sədrliyi dövründə görülmüş işlər təhlil edilmişdir. Eyni zamanda, Azərbaycanın sədrliyi dövründə təşkilatın daxilində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülməsi nəzərdə tutulan işlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə, həmçinin Azərbaycan ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur.

Hər iki nazir beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdar olduqlarını diqqətə çatdırmışdır.

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 8.