Azərbaycan və Belarus respublikalarının milli təhlükəsizlik orqanları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun dəvəti ilə Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-mayor Valeri Vakulçik cari il avqustun 14-də ölkəmizə rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə belaruslu qonaqlargeneral-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül-çiçək dəstələri düzülmüşdür.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçmiş soydaşlarımızın xatirəsi də yad edilmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulmuşdur.

Sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov həmkarı Valeri Vakulçiklə görüşmüşdür.

Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılmış, ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın yeni reallıqlara uyğun inkişaf perspektivləri müzakirə olunmuşdur.

Nazir Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar ölkəmizin həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə qonağa ətraflı məlumat vermişdir.

Göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirən Valeri Vakulçik, respublikamıza səfərindən xoş təəssüratlar aldığını söyləmişdir.

Qonaq Belarus və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını və keçirilmiş görüşlərin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini ifadə etmişdir.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 8.