Naxçıvan Muxtar Respublikasının stadionu yenidənqurmadan sonra istifadəyə verildi

 

Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası stadionunun yenidənqurmadan sonra açılışı olmuşdur.

Açılış tədbirində çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov qeyd etmişdir ki, muxtar respublikada idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Son 15 ildə burada 2 Olimpiya İdman Kompleksi, 2 üzgüçülük mərkəzi, şahmat mərkəzi, stend  "Sportinq" atıcılıq mərkəzi, peyntbol meydançası, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, ümumtəhsil məktəblərində müasir idman zalları yaradılmış, 941 sadə tipli idman qurğusu istifadəyə verilmişdir. Muxtar respublikada digər idman növləri ilə yanaşı, futbolun inkişafına da xüsusi diqqət yetirilir, futbol meydançaları tikilərək istifadəyə verilir. Yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Muxtar Respublikası stadionu da futbolun inkişafına öz töhfəsini verəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək bildirdi ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman infrastrukturunun sürətli inkişafı, istedadlı idmançıların yetişməsi Azərbaycanı beynəlxalq idman yarışlarının keçirildiyi ölkəyə çevirib. Muxtar respublikada da idmanın inkişafı diqqət mərkəzindədir. Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, burada muxtar respublikada idmanın bütün növləri inkişaf etdirilir. Yaradılan müasir infrastruktur beynəlxalq idman yarışlarının keçirilməsinə, yerli idmançıların yarışlarda uğurla çıxış etməsinə imkan verir. İdmanın inkişafı sahəsində görülən işlər idmanın kütləviliyinə nail olunması ilə nəticələnir.

"Dünyada futbol qədər tamaşaçı kütləsi toplayan, tamaşaçı marağına səbəb olan ikinci bir idman növü yoxdur", - deyən Ali Məclisin Sədri bildirdi ki, muxtar respublikanın ilk peşəkar futbol komandası olan "Araz-Naxçıvan" 1967-ci ildə yaradılıb. Komanda 1967-1988-ci illərdə keçirilən respublika çempionatlarında iştirak etmiş, 1987-ci ildə ölkə çempionatında birinci yeri tutaraq çempion olmuşdur. Lakin ötən əsrin 90-cı illərinin ağır nəticələri "Araz-Naxçıvan" komandasından da yan keçməmiş, komanda öz fəaliyyətini dayandırmışdır. Son illər muxtar respublikada futbolun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, gənc futbolçuların yetişdirilməsi "Araz-Naxçıvan"ın yenidən təşkil olunmasına imkan verib. Bu gün muxtar respublikada 800-ə yaxın yeniyetmə və gənc futbolla məşğul olur. Hazırda muxtar respublikada 23 stadionmini-futbol meydançası fəaliyyət göstərir.

Bildirilmişdir ki, "Araz-Naxçıvan" futbol komandasının yaradılması Naxçıvan Muxtar Respublikası stadionunda yenidənqurma işlərinin aparılmasını zərurətə çevirmişdir. 1964-cü ildə tikilən stadion 2000-ci ildə yenidən qurulmuş, tamaşaçı tutumu 12 min 800 nəfərə çatdırılmışdır. Lakin ötən müddətdə istifadə olunan stadionun yenidən qurulmasına ehtiyac yaranmışdı. Bu ilin may ayından etibarən stadionda yenidənqurma işlərinə başlanılıb və qısa müddətdə başa çatdırılıb.

Məlumat üçün qeyd edək ki, Naxçıvan Muxtar Respublikası stadionu inzibati binafutbol meydançasından ibarətdir. Ümumi sahəsi 17 min 700 kvadratmetr olan stadionda yenidənqurma işləri yüksək keyfiyyətlə aparılıb. Binanın birinci mərtəbəsindəki soyunub-geyinmə, radio şəbəkəsi, həkim və məşqçi otaqları, eləcə də anbar təmir olunub, bufet yaradılıb. İkinci mərtəbədəki idman zalında müxtəlif idman yarışlarının keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqları müasir səviyyədə qurulub. Həmçinin burada mətbuat konfranslarının keçirilməsi üçün 25 yerlik zal istifadəyə verilib, binanın su, kanalizasiyaistilik sistemləri dəyişdirilib.

Stadionun futbol meydançası müasir standartlara uyğun şəkildə qurulmuş, ot örtüyü təzələnmiş, qaçış zolaqları, oturacaqlarreklam lövhələri yenilənmiş, meydançanı işıqlandıran projektorlar təmir olunmuşdur. Yaradılan şərait futbol oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası stadionunun açılışı yoldaşlıq oyunu ilə əlamətdar oldu. "Araz-Naxçıvan" komandası Neftçala rayonunun komandası ilə görüşdü. Oyun 1:1 hesabı ilə sona çatdı.

 

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 8.