İnkişafı gələcəyə hesablanan şəhər

 

Sumqayıt sumqayıtlıların gözü ilə

 

Bu gün nəinki Cənubi Qafqazda, eyni zamanda dünyanın aparıcı dövlətlərinin həyata keçirdikləri transmilli layihələr  ölkəmizin iştirak və razılığı olmadan reallaşdırıla bilməz. Regionun həlledici söz və əməl  sahiblərindən birinə çevrilən Azərbaycanın əldə etdiyi nailiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də dünyanı bürüyən qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların respublikanın milli maraqlarını təmin edəcək uğurlu vəhdətinin yaradılmasıdır. Bütünlükdə əldə edilən nailiyyətlər hər şeydən öncə özünü respublikamızda yaşayan insanların və gündən-günə gözəlləşən şəhərlərin həyatında birbaşa ehtiva edir. Açıq etiraf edək ki, bu gün dünyanı təəccübləndirən proseslərdən biri də Azərbaycanda insanların sosial həyatında qazanılan uğurlardır. Yaşayış səviyyəsi yüksəldikcə insanların cəmiyyət qarşısında məsuliyyətləri də artır. Əhali ona belə bir şərait yaradanları dəstəkləməklə bu  seçimdə israrlı olduqlarını bildirirlər. Bu gün inkişaf mexanizmi təkcə paytaxtımızı deyil, regionları da islahatlar mərkəzinə çevirən cahanşümül dövlət proqramlarının uğurla yerinə yetirilməsinə imkan yaradıb. Bu konteksdə Sumqayıt xüsusi rola malikdir.

Ötən əsrin simvol şəhərlərindən olan Sumqayıt sözün həqiqi mənasında bu gün inkişafının yüksək mərhələsini yaşayır. Bu mənzərəni şəhərdə bir müddət olmayan hər kəs görə bilər. Bu gün şəhərin elə bir küçəsi, məhəlləsi yoxdur ki, orada yeniliklərə imza atılmasın. Bu göstəriciləri bir qədər açıqlayaq. Sözün düzü, əldə edilən nailiyyətləri, qazanılan uğurları, abadlaşan şəhərin mənzərəsini sakinlərin dili ilə verməyi qərara aldıq. Əməkdaşımız şəhərin ictimai həyatında yaxından iştirak edən bu insanlarla görüşmüşdür. Həmin müsahibələri sizə təqdim edirik.

Gülbahar Vəliyeva Sumqayıtın qurucularındandır. O, ömrünün Sumqayıtın yaşı qədər olanını bu şəhərin inkişafına sərf edib. Bu gün sumqayıtlı olması ilə fəxr edən əmək qabaqcılı bildirir:

- 1949-cu ildən bəri Sumqayıt mənim gözlərim qarşısında pillə-pillə böyüyüb. Ötən əsrin 40-cı illərində yaradılan Sumqayıt gənclər şəhəri deyə çağrılır. Məhz ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində bu şəhər təkcə respublikamızda deyil, dünya miqyasında tanınan yaşayış mərkəzinə çevrildi. Tikilən yeni zavodlar, yaradılan sənaye müəssisələri on minlərlə insanın yerinə çevrilirdi. Həyatını bu şəhərə bağlayanlar "sumqayıtlı" pasportuna da yiyələnirdilər. Həmin dövrdə ikinci bir şəhər tapılmaz ki, Sumqayıt kimi inkişaf etsinboz çöllər nəhəng yaşayış binaları ilə bəzənsin.

Üstündən keçən müddət Sumqayıtı respublikamızın aparıcı şəhərinə çevirib. Son illərdə şəhərdə həyata keçirilən tikinti-abadlıq işləri nəticəsində, necə deyərlər, şəhərimiz Bakı standartlarına yaxınlaşıb. Bu gün respublikada qəbul edilən Sumqayıt üslubu mövcuddur. Bütün bunların fövqündə ölkə başçısının diqqət və qayğısı durur.

Qafar Rəhimov, şəhər sakini:

- Məqsədyönlü dövlət siyasəti əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması istiqamətində mühüm nailiyyətlərin əldə olunması ilə müşayiət edilir. Yaşanan inkişaf Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Sumqayıt şəhərinin simasında da aydın müşahidə olunur. Xarüqələr diyarı kimi ad çıxaran və əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer almağa layiq olan Sumqayıt həm də sürətli inkişafın əsas ünvanlarından biridir. Azərbaycanın əsas sənaye mərkəzinə çevrilən  Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Digər tərəfdən müxtəlif sferalar, o cümlədən regionların inkişafına dair dövlət başçısı tərəfindən təsdiq edilən müvafiq proqramlar da Sumqayıtın tərəqqisinin kompleks xarakter daşımasına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsalemal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verib və verməkdədir. Qeyd edilənlər belə bir mühüm məqamın təsdiqi kimi çıxış edir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam ilk növbədə xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsinə nail olmaqdır və bu, Prezident

İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.

Mirzə İsgəndərov, 8-ci mikrorayon sakini:

- Əlbəttə, çox zaman insanlar onlara edilən yaxşı və pislikləri düzgün qiymətləndirə bilmirlər. Bəzən yaxşıya pis deyənlər də tapılır. Amma, necə deyərlər, görünən kəndə bələdçi gərək deyil. Regionların inkişafına dair icrası uğurla davam etdirilən ikinci Dövlət Proqramı kontekstində Sumqayıtda sürətli yüksəlişin yeni əsasları yaradılıb və bu proses özünün kifayət qədər müvəffəqiyyətli mərhələsini yaşamaqdadır. Bunun nəticəsidir ki, Sumqayıtın mövcud potensialından daha səmərəli istifadə etməklə burada ilk növbədə müxtəlif profilli sənaye sahələrinin inkişafı sürətləndirilir. Bu işdə sahibkarlara lazımi dəstək göstərilir, şəhərin iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirilməsi həyata keçirilir. Qeyd edilənlərlə bərabər şəhərin infrastruktur təminatının yaxşılaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Həmçinin əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun səviyyəsinin azaldılması həmişəki kimi xüsusi diqqət mərkəzindədir.

İradə Balayeva, müəllim:

- Respublikamızda həyata keçirilən islahatlar təhsil sahəsindən də yan keçməmişdir. Bu gün Sumqayıtda tədris və təlimin keyfiyyətinin yüksəldilməsi, məktəblilərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı şagirdlərin üzə çıxarılması istiqamətlərində şəhərin təhsil müəssisələrində müxtəlif tədbirlər həyata keçirilir. Sumqayıtda elə bir təhsil ocağı yoxdur ki, orada dərslər müasir texnologiyaların köməyi olmadan keçirilsin. Respublikamızın ali məktəblərində təhsil alan və yüksək balla universitetlərə qəbul olunan gənclərin böyük bir hissəsi Sumqayıt təhsilinin yetirmələridir.

Sumqayıtda keçirilən təhsil yarışları ilə yanaşı  gənclərin hərbi vətənpərvərlik tərbiyəsi də ön plana çəkilir. Ötən il istifadəyə verilən və Sumqayıtın vizit kartına çevrilən Bayraq meydanında keçirilən tədbirlər, idman yarışlarında şagirdlərin iştirakı buna canlı sübutdur. Azərbaycan dövlətçiliyinin tarixinə,  elmi əlaqələrin inkişafına həsr olunan konfranslar, diskussiyalar  Sumqayıtda təhsilin yüksəlişini təmin edən amillərdəndir.

Məhz ölkə başçısının diqqət və qayğısı nəticəsində Sumqayıtın təhsil ocaqları təmir edilir. Sumqayıtın çoxminli müəllim ordusu bütün bunlara görə ölkə başçısına və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdardırlar.

Cəmilə Əliyeva, evdar qadın:

- Bu gün şəhərimizdəki yeniliklərdən biri də nümunəvi məhəllələrin yaradılmasıdır. Artıq Sumqayıtda bir neçə belə nümunəvi məhəllələr sakinlərin ixtiyarına verilib. Yaşadığım 2-ci mikrorayon da nümunəvi məhəllərlərdən birinə çevrilməkdədir. Respublika Prezidenti

İlham Əliyevin tapşırığı ilə yaşadığımız binanın fasadı təmir edilmiş, yaşayış şəraitimiz ideal hala gətirilmişdir. Əvvəllər qaranlıq küçələrlə yeriməkdən yorulanlar bu gün işıq seli ilə rahat hərəkət edə bilirlər.

Həmid Quliyev, şəhər sakini:

- Sumqayıt şəhəri yarandığı ilk gündən minlərlə gəncin həyat ünvanına çevrilib. Açıq etiraf edək ki, əvvəlki illərdə elə bil şəhərdə bir süstlük əmələ gəlmişdi.   Son illər Sumqayıtda bayramları, əlamətdar günləri, tarixi şəxsiyyətlərin anma mərasimlərini təntənə ilə qeyd etmək artıq adət şəklini alıb. Bu gün Sumqayıtda təmir edilən parklar, istirahət guşələri, nümunəvi məhəllələr şəhər əhalisinin məmnunluqla qarşıladıqları haldır.

Görülən işlər çərçivəsində ölkə əhəmiyyətli tarixi abidələrin siyahısına salınmış Nəsimi istirahət parkının dənizə doğru ərazisindən yeni magistral yol çəkilməsi istiqamətində hazırlanan layihə və görülən işlər xüsusilə qeyd olunmalıdır. Sumqayıtda əhali park və istirahət guşələrinə vaxtaşırı müraciət edir. Xəzərin sahilində yerləşən Sumqayıtda dəniz ətrafının küləkli olmasına baxmayaraq, əhali hər axşam - isti yay axşamlarında da, yağışlı, qarlı günlərdə də eyni həvəslə gəzintiyə çıxmağı sevir.  Hazırda Sumqayıtın bir çox park və bağlarında abadlıq işləri geniş vüsət alıb. Bütün bunlar şəhər əhalisinə göstərilən qayğı kimi dəyərləndirilməlidir. Bu gün bir gənc ailə olaraq biz imkan tapan kimi istirahət etmək və asudə vaxtı səmərəli keçirmək üçün çətinlik çəkmədən Nəsimi parkına,  Heydər parkına, yaxud da şəhərin digər ərazilərində salınan istirahət guşələrinə yollanırıq. Yaradılan şərait isə hamının ürəyincədir.

Gülnarə Rəhimova, tələbə:

- Respublikamızda həyata keçirilən gənclər proqramı uğurla davam etdirilir. Sumqayıtlı gənclər bu inkişafın önündə gedirlər desəm, səhv etmərəm. Ötən illərin yaralı yerlərindən biri olan işsizlik gənclərimizi axtarmaq üçün didərgin vəziyyətinə salmışdı. Bir faktı nəzərinizə çatdırım ki, əvvəllər şəhərin küçələrində günün müxtəlif çağlarında dolanan gənclərimizə rast gəlmək olurdu. Şükür ki, bu gün sumqayıtlı gənc belə bir problemdən kənardır. Şəhərimizdə yeni yaradılan müəssisələrin sayı o qədər çoxdur ki, bəzən insan seçim etməkdə çətinlik çəkir. Ötən illərdə gənclərimizin böyük hissəsi səhər tezdən dalınca Bakıya yollanırdısa, bu gün paytaxtdan yüzlərlə insan Sumqayıtın müəssisələrində çalışmaq üçün buraya təşrif buyurur.

Bir məsələyə xüsusi olaraq toxunmaq istərdim. Bir neçə il əvvəl internetdə şəhərimizin adını axtarışa verəndə Sumqayıt hadisələrindən başqa bir şeylə rastlaşmırdın. Bu gün hansı internet portalına müraciət etsək, Sumqayıtın inkişafını özündə əks etdirən süjetlərlə üzləşəcəyik.

Bu gün dünyanın müxtəlif ölkələrinə etdiyimiz səfərlər zamanı şəhərimiz barədə çox danışa bilirik. Artıq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Sumqayıtda nəinki ölkə miqyasında, nəinki bölgədə,  hətta Cənubi Qafqazda ən böyük texnologiyalar parkı ərsəyə gətirilib. Şəhərin yeni şansı kimi dəyərləndirilən Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti nəticəsində Sumqayıtın ölkə iqtisadiyyatında tutduğu mövqe daha güclü hala gəlib. Bu, həm də bütünlükdə respublikamızın bölgələrinin Sumqayıtla əlaqələrinin yaranması və inkişafı deməkdir. Ölkə başçısının digər bir sərəncamı ilə Sumqayıtda Yüksək Texnologiyalar Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlar gələcəyə hesablanan, möhkəm təməl üzərində qurulan inkişafdır.

Namis Şirməmmədov, tibb işçisi:

- Yarandığı gündən bəri Sumqayıt həmişə diqqət mərkəzində olub desək, heç də səhv etmərik. Lakin son 10 ilin inkişafı Sumqayıtı xarüqələr şəhərinə çevirib. Bu gün Sumqayıtda insan kapitalının müdafiəsi, mühafizəsi istiqamətində aparılan işlərin miqyası o qədər genişdir ki, nədən başlamaq barədə çətinlik çəkirsən.

Sumqayıtın tibb müəssisələrinin maddi-t

exniki bazasının möhkəmləndirilməsi istiqamətində son 10 ildə xeyli görülüb. Ölkə başçısının müvafiq sərəncamı ilə 1 nömrəli şəhər xəstəxanasında yenidənqurma, əsaslı təmir işləri başa çatmaq üzrədir. Bu gün Sumqayıtın bütün ərazisini əhatə edən tibbi yardım stansiyaları var. Son bir ildə Sumqayıt stansiyası və Tuğ zavodunun yerləşdiyi yaşayış massivlərində yeni tibb məntəqələri yaradılıb. Həmin məntəqələrdə həftənin bütün günləri tibb personal əhalinin sağlamlığı keşiyində dayanıb.

Şəhərin ucqar zonalarında yaşayan əhalini kütləvi tibbi müayinə etmək üçün şəhərin müxtəlif yaşayış massivlərində və qəsəbələrində səyyar tibbi müayinələr aparılmış, aşkar edilən xəstələr qeydiyyata alınmış, ehtiyacı olan xəstələr stasionar müalicəyə cəlb olunmuşlar. Eləcə də, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, əhalinin sağlamlığının yaxşılaşdırılması, orta ömür müddətinin uzadılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib.

Bu siyahını nə qədər desən, uzada bilərik. Bütün bunlar dünənin deyil, bugünün təzahürləridir. İnsana qayğı göstərən və bunu özündə əks etdirən dövlət proqramları əhalinin sağlamlığına yönələn bir xətdir. Bu, ölkə başçısının xəttidir və biz onu dəstəkləyirik.

Zaur Səfixanov, şəhər sakini:

- Sumqayıt böyük sənaye şəhəri olsa da, yaşına görə gəncdir. Bünövrəsi 1939-ci ildə sənaye səhəri kimi qoyulub. İkinci Dünya müharibəsi illərində dayandırılan tikinti alman faşizmi üzərində qələbədən sonra davam etdirilib. 1949-cu ildə ona şəhər statusu verilib. Uzun illər Sumqayıt gənclər və sülh şəhəri kimi tərənnüm edilirdi. Maraqlısı odur ki, məşhur rəssam Pikassonun göyərçinlə bağlı müxtəlif əsərlərinə "Sülh göyərçini" adı verilib. Daha doğrusu, Sumqayıtın şəhər statusu aldığı 1949-cu ildə Pikassonun da göyərçini sülh rəmzi kimi qəbul edilib. Sülh şəhərində ucaldılan "Göyərçin" abidəsinin də Pikassonun göyərçini ilə belə maraqlı bağlılığı var. Son illər şəhər icra hakimiyyəti Sumqayıtın keçmişitarixi ilə bağlı bütün abidə və parklara xüsusi diqqət yetirir, onların insanların istirahət mərkəzlərinə, gəzinti və maraqlı tədbirlərin təşkil edildiyi məkana çevrilməsi üçün əlindən gələni əsirgəmir.

Bu gün Sumqayıtda təmir edilən parkları, istirahət guşələrini, nümunəvi məhəllələri şəhər əhalisi məmnunluq və razılıq hissi ilə qarşılayır. Həyata keçirilən  yenidənqurma və abadlıq işləri şəhərin ümumi memarlığına yeni çalarlar əlavə edib. Bu sırada yenidənqurma və təmir işlərindən sonra əhalinin istifadəsinə verilmiş "Göyərçin" abidəsi Sumqayıtın vizit kartına çevrilmişdir. Nəsimi adına mədəniyyət və istirahət parkının mərkəzində yerləşən bu abidə bir müddət əvvəl baxımsızlıq ucbatından əvvəlki görkəmini itirmişdi. Ölkə başçısı Sumqayıta səfəri zamanı həmin abidəni ziyarət etmiş və yenidənqurulması üçün tövsiyə və tapşırıqlarını vermişdi. Artıq "Göyərçin" abidəsi yenidən qurulmuş, onun ətrafında abadlıq işləri görülmüşdür. Ətrafa tamet döşənmiş, işıqlandırma sistemləri yenilənmiş, abidənin dövrəsinə müasir oturacaqlar düzülmüşdür. Tarix uğurla yaşanarsa, gələcək çətin və səksəkəli olmaz. Bu gün dünyanın bir çox ölkələri ilə qardaşlaşan Sumqayıt adı və gözəlliyi ilə dillər əzbəri olan şəhərlərlə birgə çəkilir. Bu, sumqayıtlılarda bir qürur hissi yaşadır. Bütün bunlara görə isə öncə ölkə başçısına minnətdarıq. Çünki şəhərimizə göstərilən hər hansı qayğının mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətinin nəticəsidir.

Hacı Rauf, Sumqayıt Cümə məscidinin axundu:

- Bu gün dünya miqyasında Azərbaycanı fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək tolerantlıq, dini dözümlülük mühitinin mövcudluğudur. Tolerantlığı ilə seçilən Sumqayıtın dindarları Cümə məsçidinin yenidənqurulması üçün ölkə başçısına müraciət etdilər və Azərbaycan Prezidentinin tapşırığına əsasən Sumqayıt Cümə məsçidində hazırda təmir işlərinə başlanıldı. Bu günlərdə həmin məscid yenidən qurularaq şəhər dindarlarının ixtiyarına verilib. Bu gün şəhərin hansı ərazisində yaşamasından asılı olmayaraq əhalini yuxudan - azan səsi oyadır. Əvvəllər müqəddəs bayramların keçirilməsində də çətinliklər mövcud idi. Bu gün belə tədbirlərin keçirilməsi üçün geniş məscidimiz var. Onu da bildirim ki, dinin, imanın olduğu yerdə bolluq, bərəkət, sabitlik olar. Bir neçə gün öncə şəhər dindarları bir araya gələrək məsciddə tədbir də keçirdilər. Çox sağ olun ki, həmin mərasimi qəzetiniz yüksək səviyyədə işıqlandırdı. Həmin mərasimdə qərara alındı ki, növbəti prezident seçkilərində sumqayıtlı dindarlar hazırkı ölkə başçısı Prezident İlham Əliyevin namizədliyini dəstəkləsinlər.

Bu gün tərəqqisi hərtərəfli xarakter daşıyan Azərbaycanın əldə etdiyi nailiyyətlərdə Sumqayıtın özünməxsus payı vardır və ümumi inkişafa şəhərin verdiyi töhfələr ildən-ilə artır. Dünyanın gözəl şəhərlərindən sayılan Bakının beş-on addımlığında "yaşamaq" şansı Sumqayıtın imicini bir qədər də yüksəltmişdir. Açıq etiraf edək ki, yaranışından 65 ilə yaxın bir zaman keçməsinə baxmayaraq, Sumqayıtın əldə etdiyi uğurların miqyası genişdir. Ötən hər il xarüqələr şəhərinin simasını daha cazibədar, daha gözəl edir. Bütün bunların kökündə isə ölkə başçısının Sumqayıta göstərdiyi diqqət və qayğı durur. Bundan sonra da qarşıya qoyulan hədəflərə çatılması üçün həmişəki kimi Sümqayıt sakinlərinin əzmlə, şövqlə çalışacağı şübhəsizdir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 10.