Azərbaycan Cənubi Qafqazın lider dövləti olduğunu sübut edir

 

İtaliya Nazirlər Şurasının PrezidentininRusiya Prezidentinin ölkəmizə səfərləri, imzalanan sənədlər bunu bir daha təsdiqləyir

 

Bu həftə Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisələr baş verdi. Öncə avqustun 11-də İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Leta Azərbaycana rəsmi səfər etdi. Bu səfər iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini təsdiqlədi.

İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət, humanitar və digər sahələrdə uğurlu inkişafı ilə yanaşı, bundan sonra əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Enerji sahəsində əməkdaşlığa dair birgə bəyannamə qəbul olundu. Səfərin nəticəsi təsdiq etdi ki, bundan sonra dünyada əhəmiyyətli dövlətlər olan böyük səkkizliyin tərkibində yer alan İtaliya ilə Azərbaycan arasında əməkdaşlıq daha da inkişaf edərək genişlənəcək.

Bundan iki gün sonra, avqustun 13-də isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. İki ölkə arasında 5 mühüm sənəd imzalandı. Bu səfər hər iki dövlət arasında olan münasibətlərin nə dərəcədə dinamik, uğurlu inkişaf etdiyini, ölkələrimizin və xalqlarımızın amallarına nə dərəcədə uyğun olduğunu bir daha nümayiş etdirdi. Bu səfərlərin ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində baş tutması Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin böyük dövlətlər tərəfindən də dəstəkləndiyini sübuta yetirdibu bir daha təsdiq etdi ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın bu gün bölgədəki mövqeyi, artan nüfuzu artıq dünya dövlətləri tərəfindən qiymətləndirilir. Politoloqlar isə hər iki səfərin ölkəmiz üçün çox əhəmiyyətli bir hadisə olduğunu bildirirlər.

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov KİV-ə müsahibəsində bildirib ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. İki ölkə arasında münasibətlər normaldır və bunun inkişaf etdirilməsinə hər iki tərəf səylərini göstərir. Əli Əhmədov qeyd edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etməsi hər iki dövlətin mənafeyinə uyğundur: "Vladimir Putinin səfəri çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər gələcəkdə iki dövlət arasında iqtisadi, siyasi və digər sahələrdə olan münasibətlərin yüksək səviyyəyə qaldırılması üçün etibarlı hüquqi baza yaradıb".

Bəzi müxalifət qəzetlərində Putinin Azərbaycana səfərinin guya prezident seçkilərində Prezident İlham Əliyevə dəstək kimi təqdim olunmasına münasibət bildirən Əli Əhmədov deyib ki, Azərbaycan Prezidentini qarşıdan gələn seçkilərdə dəstəkləyən yeganə qüvvə Azərbaycan xalqıdır, seçiciləridir: "Ölkədə aparılan  müşahidələr, sorğular nümayiş etdirir ki, Azərbaycanda keçirilən prezident seçkilərində əhalinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Yeni Azərbaycan Partiyası İlham Əliyevə dəstəyi müxalifətdən fərqli olaraq Azərbaycandan kənarda deyil, Azərbaycanın içərisində əldə edib, ölkə vətəndaşları tərəfindən dəstəklənir. Bu dəstək İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində uğur qazanması üçün kifayət edir. Başqa dəstək Azərbaycana lazım deyil".

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov qəzetimizə açıqlamasında bildirib ki,  hər iki ölkə rəsmisinin Azərbaycana səfəri çox önəmli bir hadisədir. Onun sözlərinə görə, İtaliya Avropa Birliyinin güclü dövlətlərindən biridir və Azərbaycanla ən yaxın ticarət əlaqəsi olan ölkədir. Eyni zamanda İtaliya bu gün dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynamaqla yanaşı, sülhün, əmin-amanlığın qorunub saxlanması prosesinin fəal iştirakçısıdır. Səfər zamanı enerji sahəsində əməkdaşlığa dair imzalanan birgə bəyannamə isə əlaqələrin daha da güclənəcəyindən xəbər verir. Çünki bəyannamədə Azərbaycanın İtaliyanın əsas neft təchizatçılarından biri olduğu vurğulanaraq ölkəmizin həmçinin qaz sektorunda da İtaliya üçün önəmli tərəfdaşlardan biri olacağına əminlik bildirilib. Deputat vurğulayıb ki, hazırda İtaliyada iqtisadi böhran yaşansa da, bu səfər və imzalanan bəyannamə Azərbaycan üçün çox əhəmiyyətlidir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfərinə gəlincə isə politoloq qeyd edib ki, bu ölkə Azərbaycanla həmsərhəd olan ən böyük dövlət olmaqla yanaşı, ölkələrimizin 200 illik tarixi münasibətləri mövcuddur. Sovet imperiyasından öncəki dövrlərdə də ölkələrimiz, xalqlarımız arasında sıx bağlantı olub.

Səfərin Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi baş tutmasına gəlincə isə deputat qeyd edib ki, Vladimir Putinin Bakıya avqust ayında səfəri mühüm bir hadisə olduRusiya Federasiyası bu səfərlə gələcək illərdə də Prezident İlham Əliyev hakimiyyəti ilə mövcud münasibətləri, əlaqələri daha da gücləndirmək istəyində olduğunu təsdiqlədi: "Rusiya bir daha göstərdi ki, Azərbaycanın mövcud hakimiyyəti ilə əlaqələrin daha da dərinləşməsində, güclənməsində maraqlıdır və qonşu ölkənin Prezidenti ölkəmizdə keçiriləcək prezident seçkisini gözləmədən səfərini reallaşdırdı. Eyni zamanda Rusiya özü üçün Azərbaycanın mövqeyini dəqiqləşdirmiş oldu".    

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2013.- 15 avqust.- S. 11.